https://101.az/Banner/index/5

Xüsusən keçid dövrlərində yeniyetmələr ciddi problemlər yaşayırlar. Valideynləri ilə aralarında münaqişələr yaranır. Onların bu dönəmlərdə istədiyi tək şey onları sorğulamadan dinləyən insanların olmasıdır. Valideynlər isə müəyyən səbəblərdən bunu etmir və ya bacarmır. Öz həmyaşıdları da bunu edə bilmir. Çünki, hamısı eyni problemləri yaşayır. Müəllimlərin bir çoxu isə belə vəziyyətlərə, sadəcə, etinasızdırlar. Əslində isə belə vəziyyətlərdə müəllimlər çox həssaslıqla şagirdlərə yanaşmalıdır. Fərdi olaraq onlarla görüşməlidir. Onların dərdini dinləməlidir. Bizim cəmiyyətdə uşağın fikri dəyərli deyil, ümumiyyətlə “onun niyə bir fikri olsun ki” , “uşağın nə dərdi olar ki” düşüncəsi var. Əslində isə belə deyil. Onun da özünə görə dərdləri, problemləri var. Amma hamı ona məsləhət verir. Hər kəs onu istədiyi kimi görmək istəyir. Onları mühakimə etmək çıxış yolu deyil. Çıxış yolu onlarla dost olmağı bacarmaqdır. Problemin həllinə yalnız bundan sonra başlana bilər. Şagirdi sadəcə dinləyin. Problemlər zaman içində həll olunacaq. Önəmli olan şagirdlərdə mübarizə ruhunu formalaşdırmaq, vicdanlı insan modelini hərəkətlərimiz ilə onlara göstərməkdir. Uğurlu müəllimliyin iki qızıl qaydası var:

1) Şagirdlərə sevgi ilə yanaşması, onlara dəyər verməsi;    2) Nizam-intizamlı olması.

Bəzi müəllimlər sadəcə birinci qaydanı tətbiq etdiyi üçün onların şagirdlə dostluğunda müəyyən qədər əksiklik yaranır. Bir çox müəllimlər isə sadəcə ikinci qaydanı tətbiq etdiyi üçün onların düşüncəsinə görə heç bir zaman şagirdlə dostluq mümkün deyil. Təbii şagirdlə dostluğun faydalı və davamlı olması üçün iki qaydanın da tətbiqi taraz şəkildə olmalıdır. Müəllim şagirdlə dost olması müəllimə və şagirdə nə qazandırır? Ümumiyyətlə, müəllim-şagird dostluğu mümkündürmü? Əminliklə demək olar ki, şagirdi ilə dost ola bilən müəllimlər daha yaxşı şagird yetişdirir, onların uğurlu olmasında ciddi rol oynayır. Bu həm də müəllimin uğurlu olmasına birbaşa təsir edir. Müəllim-şagird dostluğunun müəllimə qazandırdıqları: – Şagirdi daha yaxından tanıyır – Şagirdi onu nümunə kimi görür – Dərsin keyfiyyətinə birbaşa təsir edir – Onun dərslərinə köməkçi olma şansını əldə edir və s. Müəllim-şagird dostluğunun şagirdə qazandırdıqları: – Müəllimi timsalında özünə dərd sirdaşı tapır – Məsləhətlərini müəllimi ilə etdiyi üçün bir çox halda düzgün qərar verməsinə kömək olur – Dərsinə daha ciddi yanaşır, çünki dəyər verdiyi insanın dərsinin onun üçün əhəmiyyəti çoxdur – Məktəbə bağlanmasına səbəb olur – Zərərli vərdişlərdən uzaq olmasına təsir edir və s. Göründüyü kimi müəllim-şagird dostluğu olduqca əhəmiyyətlidir. Bir çox problemin həllində açar rolu oynaya bilər. Belə olan halda müəllimin şagirdləri ilə dostluğu nəinki mümkündür, hətta vacibdir. P.S. Müəllimlik sadəcə dərsini verib ayın sonunda maaş almaq demək deyil. Müəllimliq könül işidir. Müəllimlik faydalı insan yetişdirmə sənətidir.

PAY