Yenigundem.Az xəbər verir ki,“8-ci Avropa Film Festivalı”nın 2-ci günündə “Park Cinema Flame Towers”-də Portuqaliyalı rejissor Joao Nicolau-nun “JOHN FROM” filminin təqdimatı keçirildi. Növbəti gündə isə rejissor gənc film həvəskarlarını ətrafına toplayıb “master-class” keçirdi. Qonaq ilk öncə Portuqaliya film tarixindən və bu sənətə gəlişindən bəhs etdi:
Portuqaliyada yerli əhali daha çox filmin hansi janrına maraq göstərir?
– Əksəriyyət daha çox məşhurların həyatı və ya ifasında komediya janrına üstünluk verir, amma bu tip filmlər sadəcə tamaşaçı maraqlarını təmin edə bilir və bunun üçün çəkilir, hər hansı bir mükafat və beynəlxalq təqdimatlar üçün hazırlanmır.
Portuqaliya filmlərində daha çox hansı mesajlar səsləndirilir?
– Əslində müxtəlif ola bilər, amma diktatura dövründə bir çox diktatura rejimini yaşamış ölkələrdə olduğu kimi Portuqaliyada da “kasıb xalqın optimist nümayəndələri olmaq” mesajları güclü idi.
 Portuqaliyanın adına daha çox birgə istehsal filmlərində rast gəlirik. Məsələn: Kanada, Cənubi Amerika ölkələri və s. ilə birgə çəkilmiş filmlərdə…
 – Bu sırf maliyyə imkanlarıyla bağlıdır. Daha çox maliyyə və daha çox gəlirlər. Amma sırf Portuqaliya istehsalı olan filmlərimiz də çoxdur.
 Beynəlxalq və ya yerli mükafata layiq görülmüş filmləriniz var?
– 4 qisametrajlı filmim beynəlxalq mükafata layiq görülüb.
 Təqdim etdiyiniz “JOHN FROM” filmində müəyyən erotik səhnələr var, özü də yetkinlik yaşına çatmamış gənclərlə?
 – Filmdəki bu məqamlar tamaşaçı üçün normaldır.
 Filmlərdəki intim səhnələr barədə nə deyə bilərsiz?
– Rejissor üçün əsas tamaşaçıyla əlaqədir, səhnənin tam göstərilməsinə ehtiyac yoxdur. Erotik, romantik məqamlar ssenarinin bir hissəsidir sadəcə.

İxtisasınız?

– Antropoloq

Antropologiyadan Kinomotoqrafiyaya?

– Əslində bu işlə məşğul olduğum zamanlarda müəyyən kadrların montaj edilməsi və mətnin redaktəsini özüm hazırlayırdım və bu proses məni kinoya yaxınlaşdırdı.

Niyə məhz kino? Ümumiyyətlə, kino sizin üçün nədir?

– Çünki kino özündə bir neçə incəsənət sahəsini birləşdirən bir sənətdir. Amma gündəlik həyatımda musiqiylə daha çox məşğul oluram.

Bakıya gələn əksər məşhurlar və kinomotoqraflar nədənsə filmlərindəki hər hansı bir epizodu məhz Bakıda çəkmək istəyirlər və ya şəhərin çəkiliş üçün əlverişli bir məkan olduğunu qeyd edirlər. Bəs siz necə, Bakıda necə bir film çəkmək istərdiniz?

– Gözəl şəhərdir. Amma çəkilişlə bağlı hər hansı bir qərara gəlməyim üçün hələ tezdir. Çünki şəhərinizi tam gəzməmiş, görməmişəm. Amma əminəm, gəzdikcə, gördükcə hər hansı bir ideyalar formalaşacaq..

Təşəkkür edirik!

Xatırladaq ki, Avropa Film Festivalı 2-12 noyabr tarixləri arasında davam edəcəkdir. Festival çərçivəsində 19 Avropa İttifaqı ölkəsindən, eləcə də Norveç və Azərbaycandan 21 film nümayiş ediləcək. Festival filmləri “Park Cinema” kinoteatrlarında ödənişsiz nümayiş olunacaq.

Nərmin Şamilbəyli

Yenigundem.Az

PAY