https://101.az/Banner/index/5

Bu gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının növbəti ildönümüdür. Azərbaycanın ərazi bütövlüyünün təminatında , erməni təcavüzünə qarşı mübarizədə, habelə ölkədaxili sabitliyin qorunmasında yaxından iştirak edən Daxili Qoşunlar, bu gün də ölkəmizin təhlükəsizliyinin əsas qarantlarından biri hesab edilir.
“Yenigundem” xəbər verir ki,bu tarixi günlə bağlı Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Daxili Qoşunların bütün kollektivini təbrik edib, bu qoşun növünün əhəmiyyətinə diqqət çəkib:

“Mən öncə təşkilatımız adından Daxili Qoşunların bütün şəxsi heyətini bu tarixi gün münasibəti ilə təbrik edir, onlara xidməti və şəxsi həyatlarında uğurlar arzulayıram.
Daxili sabitliyin qorunmasında təbii ki, DİN-nin Daxili Qoşunlarının mühüm rolu vardır. Daxili Qoşunlar yarandığı vaxtdan bu günə qədər Azərbaycan dövləti və xalqının təhlükəsizliyinin təminində əlahiddə rol oynayan qoşun növü olub və bu gün də özmissiyasını uğurla, layiqincə yerinə yetirməkdədir. Daxili Qoşunların rolu yalnız edilənlərlə məhdudlaşmır.
Daxili Qoşunlar və onun şəxsi heyəti Qarabağ müharibəsində yaxından iştirak etməklə Azərbaycanın ərazi bütövlüyünə qəsd edən erməni işğalçılarına qarşı mətinlik nümayiş etdirib, torpaqlarımızın müdafiəsində böyük qəhrəmanlıqlar göstəriblər. Həmin döyüşlərdə öz igidliyi ilə fərqlənən Daxili Qoşunların bir neçə hərbçisinin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi, müxtəlif orden və medallarla təltif edilməsi də bu qoşun növünün müharibədə sərgilədiyi fədakarlıqlardan xəbər verir.

Bizim təşkilatımızın Daxili Qoşunlarla çox yaxın əməkdaşlığı mövcuddur. Veteran təşkilatımız Daxili Qoşunların yaranma tarixi, mübarizə yolu ilə bağlı mütəmadi şəkildə maarifləndirmə işi aparır, gəncləri məlumatlandırır. İstəyirik ki, gənc nəsil Daxili Qoşunların hansı ağır şərtlər altında formalaşmasından, ərazi bütövlüyümüz uğrundakı ağır döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan xəbərdar olsun.
Respublika Veteranlar Təşkilatı olaraq arzulayırıq ki, Daxili Qoşunlar bundan sonra da Azərbaycanın ən inkişaf etmiş, güclü qoşun növlərindən biri kimi irəlidə olsun və ölkəmizin təhlükəsizliyinin təmin olunmasına gələcəkdə də öz töhfəsini versin”.

PAY