İQTİSADİYYAT

2018-ci ildə qeyri-neft sektoru üzrə 1 milyard 689 milyon ABŞ dolları dəyərində mal ixrac olunub

“Azexport.az” portalına ötən il 514 milyon dollarlıq ixrac sifarişi daxil olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2019-cu ilin yanvar sayı təqdim edilib.

“Yenigundem” xəbər verir ki, icmala görə, 2018-ci ildə qeyri-neft sektoru üzrə ixrac 1 milyard 689 milyon ABŞ dolları təşkil edib. 2017-ci illə müqayisədə ötən il qeyri-neft sektoru üzrə ixrac 151 milyon dollar və ya 10 faiz artıb. Keçən il Rusiyaya 619,2 milyon dollar, Türkiyəyə 344,9 milyon dollar, İsveçrəyə 135,4 milyon dollar, Gürcüstana 124,5 milyon dollar və Qazaxıstana 44,6 milyon dollarlıq qeyri-neft sektoruna aid məhsul ixrac olunub. Ötən il 2017-ci illə müqayisədə Rusiyaya qeyri-neft ixracı 12 faiz, Türkiyəyə 18 faiz, İsveçrəyə 1 faiz, Qazaxıstana 36 faiz artıb, İsveçrəyə 6 faiz, Gürcüstana isə 10 faiz azalıb.
2018-ci ildə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (177,4 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 118 milyon dollar) ikinci olub. Xurma isə (114,5 milyon dollar) bu siyahıda üçüncü yerdə qərarlaşıb.
Ümumiyyətlə, ötən il meyvə-tərəvəz ixracı 560 milyon dollar, plastmas və onlardan hazırlanan məmulatların ixracı 118,6 milyon dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 112,2 milyon dollar, elektrik enerjisinin ixracı 65,6 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 86,2 milyon dollar, pambıq lifi ixracı 80,5 milyon dollar, kimya sənayesi məhsullarının ixracı 78,1 milyon dollar, pambıq ipliyi ixracı 24 milyon dollar təşkil edib. 2017-ci illə müqayisədə keçən il pambıq lifinin ixracı 2,4 dəfə, elektrik enerjisinin ixracı 29 faiz, pambıq ipliyinin ixracı 49 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 17 faiz, meyvə-tərəvəzin ixracı 11 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 4 faiz artıb.
Ötən ilin dekabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 157 milyon dollar təşkil edib. Dekabrda qeyri-neft sektoruna aid ən çox məhsul ixrac edilən ölkələrin siyahısına Rusiya (63,8 milyon dollar) başçılıq edib. Daha sonra siyahıda Türkiyənin (23,6 milyon dollar), İsveçrənin (12,2 milyon dollar), Gürcüstanın (7,4 milyon dollar), İranın (5,4 milyon dollar) və digər ölkələrin adları var.
Dekabrda qeyri-neft sektoru üzrə ixracda xurma (25,4 milyon dollar) birinciliyi ələ alıb. Pomidor (15,2 milyon dollar) ilə fındıq ləpəsi (13,4 milyon dollar) isə ikinci və üçüncü yeri bölüşüblər.
“İxrac İcmalı”nın yanvar sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi də verilib. 2018-ci ildə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı subyektlər təmsil olunurlar: “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi, “MKT İstehsalat Kommersiya” MMC, “Baku Steel Company” MMC, “Kapitan Fruits” MMC, “Food Export Şəmkir” MMC, “Azfruittrade” MMC, “Sun Food” MMC, “TST Export” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Qala meyvə-tərəvəz ixracat idxalat” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Det-al Alüminium” MMC, “Azərenerji” ATSC, “Azergold” QSC, “SOCAR Methanol” MMC, “Azərbaycan Hava Yolları” QSC, “CTS-Agro” MMC, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, “Geofizika və Geologiya İdarəsi”, Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti.
“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Belə ki, 2018-ci ildə “Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə 25,6 milyon dollarlıq xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib. Ötən ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 16 ölkəsinə 1,6 milyon dollarlıq xidmət ixrac edib. 2017-ci illə müqayisədə ötən il “Azərkosmos” ASC-nin xidmət ixracı 12 faiz artıb. ASC-nin 2018-ci ildə xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.
Eyni zamanda, “İxrac İcmalı”nda məlumat verilir ki, ötən il Azərbaycana dünyanın 196 ölkəsindən 2 milyon 849,6 min və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,9 faizi Rusiya, 21,4 faizi Gürcüstan, 10,2 faizi Türkiyə, 8,5 faizi İran, 3,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2 faizi Ukrayna, 1,4 faizi İsrail, 17,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.
2018-ci ildə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə xərcləmələrində də dinamik artım müşahidə edilib. Belə ki, il ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 1 milyard 278,4 milyon manat təşkil edib. 2017-ci illə müqayisədə ötən il Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 256 milyon manat və ya 25 faiz artıb.
Ötən ilin dekabrında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatları 82,9 milyon manat təşkil edib və 2017-ci ilin eyni ayı ilə müqayisədə 6 faiz artıb.
“İxrac İcmalı”nda bildirilir ki, 2018-ci ildə “Azexport.az” portalına 514 milyon dollarlıq ixrac sifarişləri daxil olub. 2017-ci illə müqayisədə ötən il portala daxil olan ixrac sifarişləri dəyər baxımından 8 faiz artıb. 2018-ci ilin dekabr ayı ərzində isə “Azexport.az” portalına daxil olan sifarişlərin dəyəri 35,1 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayından ötən il dekabrın 31-nə kimi “Azexport.az” portalına dünyanın 115 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 989,1 milyon dollar təşkil edib.
İcmalın yanvar sayında “Azexport.az” portalı vasitəsilə təqdim olunan Sərbəst Satış Sertifikatının Azərbaycan şirkətlərinin yeni bazarlara çıxış imkanlarını artırması barədə də geniş məlumat verilib.
Həmçinin icmalda “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti barədə də məlumat verilir. Qeyd edilir ki, bu ilin yanvar ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib. Mərkəz vasitəsilə həyata keçirdikləri ixracın dəyəri isə 8 milyon dollar olub.
İcmalın bu sayında Azərbaycandan Almaniyaya 200 ton orqanik fındıq ləpəsinin ixrac olunması ilə bağlı məlumatda əksini tapıb. Həmçinin Azərbaycan məhsulları “Beynəlxalq Yaşıl Həftə”də nümayiş olunması, Dubayda “Azərbaycan Ticarət Evi”nin açılması, 2019-cu ilin ilk ixrac missiyasının Çinə təşkil olunması və sair. məsələlər barədə də məlumatlar verilir. “İxrac İcmalı” sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa, beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 4 =

Close
Close