XƏBƏRLƏR

İyunun 1-dən “myGov” portalı fəaliyyətə başlayır-FOTOLAR

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı ilə Bakıda “Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə” adlı “myGov” portalının təqdimat mərasimi keçirilir.

Tədbirin əsas məqsədi EHİM tərəfindən ərsəyə gətirilən və reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidin əsasını qoyan “myGov” layihəsinin təqdimatı, portalın mahiyyəti, üstünlükləri haqqında ictimaiyyətin məlumatlandırılması olub.

Tədbir zamanı Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqları salamlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə elektron dövlət quruculuğu sahəsində həyata keçirdiyi institusional islahatlarından, görülən işlərin dövlət-vətəndaş münasibətlərində yaratdığı üstünlüklərdən danışıb. Həmçinin müvafiq fəaliyyətin təmin edilməsində digər dövlət qurumları ilə birgə məqsədyönlü işlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktoru Fariz Cəfərov “myGov” portalının təqdimatını edib, bu istiqamətdə görülən işlər, sistemin imkanları və perspektivdə nəzərdə tutulmuş məsələlərlə bağlı məlumat verib. O bildirib ki, “qabaqlayıcı hökumət” konsepti əsasında hazırlanmış portal şəxsi kabinet əsaslı olacaq və vətəndaşlara proaktiv xidmətlər göstərəcək.

Qeyd olunub ki, portal cari ilin 1 iyun tarixindən fəaliyyətə başlayacaq.

Xatırladaq ki, “myGov” portalı EHİM tərəfindən yaradılıb. Portal vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir. Vətəndaşlar “myGov” portalında (www.my.gov.az) olan şəxsi kabinetlərində dövlət qurumları tərəfindən verilmiş məlumatlar ilə tanış olacaq, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə biləcək.

Portalının məqsədi reaktiv elektron hökumətdən proaktiv elektron hökumətə keçidi təmin etmək, təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdən ibarətdir. Portalın əsas funksiyası şəxsi məlumatların vətəndaş tərəfindən əldə olunmasından ibarətdir. “myGov” şəxsi kabineti vasitəsilə vətəndaşlar öz şəxsi, maliyyə, təhsil və digər məlumatlarını əldə edə bilirlər. “myGov” şəxsi kabineti vətəndaşın məlumatlarını real rejimdə əks etdirərək vətəndaş-dövlət münasibətlərini yeni mərhələyə daşıyır.

Vətəndaşlara məlumatlandırma və xatırlatma xarakterli bildirişlər təqdim olunacaq. Vətəndaşa dair məlumatlar yeniləndikdə, vətəndaşların sənədlərinin etibarlılıq müddəti başa çatdıqda və sistemə yeni xidmətlər əlavə edildikdə vətəndaşa bununla bağlı SMS, e-mail, həmçinin şəxsi kabinet vasitəsilə bildirişlər göndərilir.

Vətəndaş şəxsi kabinetindəki bütün növ əməliyyatlarının tarixçəsini (kabinetə giriş, giriş vasitəsi, xidmətlərdən istifadə, çıxış) izləmə imkanına sahib olacaq. Hazırda sistemdə vətəndaşın Fərdi İdentifikasiya Nömrəsi (FİN) koduna uyğun olaraq onunla əlaqəli müxtəlif dövlət qurumunda olan bildirişlər, məlumatlar və digər vacib informasiyalar yerləşdirilib. Vətəndaşla bağlı digər dövlət qurumlarında olan məlumatların bu sistemə inteqrasiyası istiqamətində işlər davam etdirilir.

 

 

 

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × one =

Close
Close