Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
SİYASƏT

Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi və Respublika Günü Romada da qeyd olunub

Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən Romada 28 May-Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə rəsmi ziyafət təşkil olunub.

Azərbaycanın İtaliyadakı səfirliyindən  “Yeni Gundem”-e verilən məlumata görə, tədbirdə İtaliyanın dövlət rəsmiləri, xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Emanuela Del Re, dövlət idarəçiliyi üzrə dövlət katibi Mattia Fantinati, Deputatlar Palatasının sədr-müavini Ettore Rosato, Xarici İşlər Nazirliyinin baş katibi Elisabetta Belloni, İtaliya Respublikası Prezidentinin Katibliyinin rəhbəri Simone Querrini, İtaliya Respublikası Prezidentinin diplomatik müşaviri Emanuela D’Alessandra, İtaliya Respublikası Prezidentinin informasiya məsələləri üzrə müşaviri Canfranko Astori, Senatın xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçelli, Senatın ədliyyə daimi komissiyasının sədri Andrea Ostellari də daxil olmaqla çoxsaylı parlamentarilər, dövlət qurumlarının rəhbər şəxsləri, ölkədə akkreditə olunan diplomatik korpusun üzvləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, İtaliyanın işgüzar, elmi, akademik, mədəniyyət, incəsənət dairələrinin nümayəndələri, o cümlədən məşhur müğənni Albano Karrisi, Oskar mükafatçısı, rejissor və ssenarist Cianni Kuaranta və tanınmış maestro Alvise Kasellati iştirak ediblər.

Tədbirə İtaliyada səfərdə olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də qatılıb.

Əvvəlcə İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən ölkəmizin İtaliyadakı səfiri Məmməd Əhmədzadə 28 May-Respublika Gününün Azərbaycan tarixindəki önəmini vurğulayıb, bu il bu bayramla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinin birgə qeyd olunmasın xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Müstəqillik illərində ölkəmizin əldə etdiyi nailiyyətlərdən, xarici siyasətin uğurlarından bəhs edən diplomat Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın mövcud olduğunu bildirib. Qeyd edib ki, son illərdə həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadiyyat, xüsusilə də enerji sahəsində əməkdaşlığın genişlənməsində xüsusi rol oynayıb. Bildirilib ki, bu günlərdə qədim Romanın Fori İmperiali ərazisində Azərbaycan hökumətinin dəstəyi ilə aparılan arxeoloji qazıntı işləri nəticəsində eramızın I-II əsrinə aid aşkarlanan önəmli tapıntı iki ölkə arasında mədəniyyət sahəsində sıx əlaqələrin mövcudluğunun göstəricisidir.

İtaliya hökuməti adından çıxış edən xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Emanuela Del Re müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi önəmindən, İtaliya ilə qurduğu diplomatik təmaslardan danışıb. O, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra iki ölkə arasında münasibətlərin daim inkişaf etdirildiyini, əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldildiyini deyib. Nazir müavini ötən il İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana dövlət səfərinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfərinin əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsi olduğunu bildirib.

Ölkələrimiz arasında geniş iqtisadi gündəliyin olduğu vurğulayan Emanuela Del Re İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı, Azərbaycanın isə İtaliyanın ən böyük xam neft və ikinci ən böyük enerji təchizatçısı olduğunu deyib. O, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans Adriatik boru kəmərinin strateji önəmini və enerji təhlüksəziliyinin təmin olunmasındakı əhəmiyyətini xüsusi vurğulayıb.

Nazir müavini Azərbaycan və İtaliya arasında mədəniyyət sahəsində də sıx mübadilələrin həyata keçirildiyini bildirərək Azərbaycan hökuməti tərəfindən İtaliyanın maddi-mədəni irsinin qorunmasına göstərilən dəstəyi və bunun nəticələrini yüksək qiymətləndirib.

Ölkəmizin regional təhlükəsizlik və əməkdaşlıqdakı önəmli rolunu qeyd edən Emanuela Del Re Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də nizamlanmamasının narahatlıq doğurduğunu, münaqişənin yaratdığı ağır humanitar fəsadların təəssüfedici olduğunu, İtaliyanın ötən il ATƏT-in fəaliyyətdə olan sədri kimi danışıqlar prosesinə töhfə verməyə çalışdığını, problemin həllinin Ermənistan və Azərbaycan arasında dialoqdan keçdiyini və buna ölkəsinin töhfə verməyə hazır olduğunu söyləyib. Bir neçə il əvvəl Azərbaycanda səfərdə olduğunu, Azərbaycan mədəniyyətinə, ənənələrinə heyran olduğunu, özünü ölkəmizin yaxın dostu hesab etdiyini söyləyən nazir müavini Emanuela Del Re İtaliya hökuməti adından 28 May-Respublika Günü və diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə Azərbaycan xalqını və azərbaycanlı həmkarlarını təbrik edib.

Sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin tarixindəki yeri, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi inkişaf yolu, ölkəmizin xarici siyasət istiqamətləri və prioritetləri, əldə olunmuş nailiyyətlərə toxunub. Şöbə müdiri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə istinad edərək bildirib ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər.

Azərbaycanın iştirakı ilə həyata keçirilən beynəlxalq və regional enerji, nəqliyyat layihələrindən bəhs edən Hikmət Hacıyev ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışıb, həmçinin regional təhlükəsizliyə olan təhdidlərə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub.

Ölkələrimiz arasında yaxın dostluq əlaqələrinin, yüksək səviyyəli siyasi dialoqun və sıx əməkdaşlığın mövcud olduğunu bildirən Hikmət Hacıyev İtaliyanı Azərbaycanın Avropa İttifaqında ən yaxın tərəfdaşlarından biri kimi səciyyələndirib. Şöbə müdiri ölkələrimiz arasında iqtisadiyyat, enerji və mədəniyyət sahələrində həyata keçirilən layihələrin, o cümlədən Trans Adriatik boru kəmərinin istifadəyə verilməsinin xalqlarımızı növbəti onilliklərdə bir-birinə daha da sıx bağlayacağını deyib.

Tədbirdə İtaliyanın məşhur Santa Çeçilia Musiqi Akademiyasının tələbəsi, çoxsaylı beynəlxalq müsabiqələrin qalibi, pianoçu Müşfiq Quliyevin ifasında Azərbaycan bəstəkarlarının musiqilərindən ibarət konsert proqramı təqdim olunub.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − eleven =

Close
Close