SİYASƏT

İlham Əliyev təbrik məktubu yazdı

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkil etdiyi, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresi və Avrasiya Ürək-Damar Cərrahiyyə Cəmiyyətinin 15-ci Konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

“Yeni Gundem” xəbər verir ki, təbrik məktubunu konfrans və konqresin açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Təbrik məktubunda bildirilir:

“Sizi – Azərbaycan kardioloqlarını, kardiocərrahlarını və müxtəlif ölkələrdən respublikamızın paytaxtına gəlmiş alimləri səmimi salamlayır, konqresinizin işinə uğurlar və insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə hər birinizə yeni nailiyyətlər arzu edirəm.

Kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafında özünəməxsus mövqeyi ilə seçilən ənənəvi Bakı konqresi bu gün təbabətin yeni müalicə üsulları və texnologiyalarının Azərbaycanda tətbiqinə layiqli töhfələr verməkdədir. Dünyanın mötəbər tibb mərkəzlərini təmsil edən tanınmış kardioloq alim və cərrahların iştirakı ürək-damar xəstəliklərinin müalicəsinə dair son elmi nailiyyətlərin müzakirə ediləcəyi konqresinizin yüksək nüfuzunun göstəricisidir. Gənc mütəxəssislər üçün təcrübə məşğələlərinin keçirilməsi isə onun elmi-praktik əhəmiyyətini xüsusilə artırır.

Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin XV konfransı ilə birgə təşkil edilən hazırkı konqresin xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmasının rəmzi mənası vardır. Heydər Əliyev ölkəmizdə səhiyyə sisteminin davamlı təkmilləşdirilməsi üçün kifayət qədər geniş imkanlar yaratmışdı. Sonrakı dövr ərzində Azərbaycan səhiyyə sisteminin inkişafı, həmçinin kardiologiyanın dünya standartları səviyyəsinə yüksəldilməsi istiqamətində xeyli işlər görülmüşdür. Dünyanın məşhur kardioloji mərkəzlərində aparılan mürəkkəb əməliyyatların hazırda ölkəmizdə yeni nəsil kardioloqlar tərəfindən müvəffəqiyyətlə gerçəkləşdirilməsi təqdirəlayiqdir.

Ümidvaram ki, kardiologiyanın və ürək-damar cərrahiyyəsinin aktual məsələlərinin qabaqcıl mütəxəssislərin iştirakı ilə ətraflı müzakirəsi həkimlərimizin xarici əlaqələrini daha da möhkəmləndirəcək, beynəlxalq təcrübədən qarşılıqlı faydalanmaqla bütövlükdə tibb elminin inkişafına xidmət edəcəkdir”.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 6 =

Close
Close