REPORTAJ

“Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi” mövzusunda tədbir təşkil olundu

“Yeni Gundem” xəbər verir ki, 21 iyun saat 12:00-da Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində layihə çərçivəsində “Radikal dini cərəyanlar: Qadınları təsirlərdən necə qorumalı?” mövzusunda ictimai müzakirə keçirilib. “Qadın Liderliyi Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsini həyata keçirir.
İctimai müzakirə zamanı ekspertlər ölkəmizin milli təhlükəsizliyinə təhdid olan radikal dini cərəyanlar və onların təsirlərindən qorunmaq istiqamətində fikirlərini bildirdi, bu cərəyanların qadınlar üçün hansı təhlükələri yaratdıqlarından söhbət açıldı. Sonra bu mövzu ətrafında diskussiyalar oldu.

Layihənin məqsədi Azərbaycan qadınlarının ölkəmizin milli təhlükəsizliyinə təhdid olan radikal dini cərəyanlar və onların təsirlərindən qorunmaq istiqamətində maarifləndirilməsidir.

“Radikal dini cərəyanlar beynəlxalq terrorizmin başlıca “ilham mənbəyi” hesab olunur. Təəssüf ki, bəzən dünyanın ən humanist dini sayılan “İslam”ın adı terrorizmlə yanaşı çəkilir. Özünü islam dininə aid edən, əslində isə təməli islamdan tamamilə uzaq olan bəzi cərəyanlar dindən maddi və siyasi məqsədlər üçün istifadə edirlər. Onların dünyanı lərzəyə salan hərəkətləri islamofobiyanın genişlənməsinə səbəb olub” – deyə Abdullayeva bildirib.
Tədbirdə ekspertlər, dini qurumların nümayəndələri, millət vəkilləri, ictimai fəallar, qeyri-hökumət sektorunun nümayəndələri, təhsil sahəsinin mütəxəssisləri və jurnalistlər iştirak edib.

Qadın məsələləri üzrə ekspert Nərmin Şamilbəyli tədbir iştirakçılarına radikal dini qruplaşmalar, onların iş prinsipləri, qadınları necə öz qlobal torlarına saldıqları barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Dövlət Təhlükəsizlik Xidmətinin məsul əməkdaşı Suad Mahmudov cəmiyyətdə radikalizm, terrorizm kimi neqativ amillərin düzgün izahatının aparılmasının məqsədəuyğun olduğunu deyib.

“Radikal dini cərəyanlar öz fəaliyyətlərini genişləndirmək üçün ilk növbədə reklama əl atırlar. Bunun üçün virtual məkandan geniş istifadə olunur. Hansısa səhnələr çəkilir, din alimlərinin çıxışları hazırlanaraq təbliğ olunur. Müasir dövrdə bunu yüksək peşəkarlıqla həyata keçirirlər. Hiss olunur ki, bu radikal təşkilatların arxasında ciddi qüvvələr dayanır. Onlar əhalini öz təsirləri altında saxlamaq və lazım gələndə istifadə etmək üçün bu variantlara əl atırlar” – Suad Mahmudov deyib.

“Əgər qarşı tərəf nəyəsə nail olub əlinə müəyyən imkanlar keçirsə, hansısa cəmiyyəti idarə etməyə başlasa, heç kəsin hüquqlarını qorumayacaq və heç kəsin hüquqları barədə düşünməyəcək” – deyən Mahmudov DTX-nın bu cür halların qarşısını almaq üçün cəmiyyətin dəstəyilə kompleks tədbirlər gördüyünü vurğulayıb.

Millət vəkili Fazil Mustafa isə qeyd edib ki, hazırda ölkəmizdə radikal dini cərəyanlara qoşulanlardan çox, cəhaləti, xurafati ehtiva edən dini cərəyanlara qoşulan qadınlar var.

“Mollabacılar, falçılar, cəhalət yığını olan insanların böyük əksəriyyəti də qadınlardır” – deyən Mustafa Azərbaycanda hicab dəbinin olduğunu, bunun da öz-özlüyündə dini təhrif etdiyini vurğulayıb.

“On minlərlə qadın, Gürcüstandan tutmuş, Gəncədən tutmuş imamzadələrdə, pirlərdə gününü keçirir, başını qatır. Əslində əsl təhlükə budur. Çünki radikal cərəyanlara qoşulanları saxlamaq, həbs eləmək, bir şəkildə islah etmək mümkündür. Amma bu cür cahil kütlələrin qarşısını almaq çox çətindir. Bunun üçün ilk növbədə sağlam dini təhsilin verilməsi vacibdir” – deyən deputat hesab edir ki, qadınlara dini doğru öyrətmək lazımdır ki, gedib başqa təsirlərə düşməsinlər.

“Azərbaycanda təhsil almayan qadın qalmamalıdır. Bizim 200 illik məğlubiyyətimizin səbəbi odur ki, Azərbaycan qadınlarının 50%-i savadsızdır. Bunda qadınlarımızın günahı da yoxdur. Çünki onların iqtisadi azadlığı, ailə içində hüquqları yoxdur və öz hüquqlarını qorumaq üçün cəmiyyətin yalançı tabularına tabe olmaq məcburiyyətində qalır” – deyən Mustafa əlavə edib ki, 20-ci əsrin əvvəllərində bir qız məktəbinin açılması ilə qadın intibahı baş vermişdi.

“Trend” İnformasiya agentliyinin direktor müavini, politoloq Arzu Nağıyev,Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, teoloq Adin Hüseynoğlu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ülvü Məmmədov, Gənc Demokratlar İnstitutu İctimai Təşkilatınını rəhbəri Yeganə Hacıyeva, psixoloq Zeynəb Əyyubova, sosioloq İsmayıl Kərimov çıxış edərək öz fikir və təkliflərini irəli sürüblər.

Tədbirdə layihə çərçivəsində keçirilən inşa və rəsm müsabiqəsinin qaliblərinə müvafiq mükafat və diplomlar da təqdim edildi.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + sixteen =

Close
Close