Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
KÖŞƏ

İşıq mənbəyi olan idrakın ətri – Şəhla Aslan yazır

Onun haqqında düşünəndə həmişə yadıma bir xatirə düşür. Bir dəfə ərəb və fars dillərini çox kamil bilən bir alimin, Şeyx Mahmud Şəbüstərinin dünyaca məşhur fəlsəfi traktatı olan “Gülşəni-raz” əsərini farscadan oxuyub tərcümə etməsinə qulaq asırdım.

Əlbəttə, mövzu çox qəliz ifadələrlə doludur, amma söz gəlib “Ənəlhəqq”ə çatanda  diqqətlə qulaq asdım, axı bu, doğma Nəsiminin, Mənsur Həllacın hayqırtısıdır! Oradakı bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Şəbüstəri yazır ki, yalnız yəqinlik mərtəbəsinə çata bilən adam “Ənəlhəqq” deyə bilər. Çünki o, öz qəlbindəki “mən”i boşaldaraq, yerinə Allah nurunu doldurur və onun hər zərrəsində haqq cilvələnir. Nur Allahdandır və bu fikir bütün dinlərin əsasında dursa da, öz pik nöqtəsinə “İşraqilik” təriqətində çatır. Bəs bu nur, ziya, işıq nədir? Əlbəttə ki, dəqiq cavab yoxdur və olmayacaq da; axı insan idrakı Allaha aid olan heç bir şeyi sonadək izah etməyə qadir deyildir.

Paşa Qəlbinurun təxəllüsündə, peşəsində əks olunan “nur” kəlməsi tale yazısıdırsa, “İdrak ətri” kitabı və işığın idrakdan nəşət etməsi qənaəti də alimin təfəkkür və fəaliyyət bütövlüyünün sübutudur.

Düşünürəm ki, müasir Azərbaycan ziyalılarının sayını sıxışdıraraq əl barmaqları miqdarında saxlamalı olsaydıq, Paşa Qəlbinur mütləq onlardan biri hesab olunmalıdır. İdrakın ətri varmı? Oxucu müəllifin inandırıcı izahları, göstərdiyi misalları oxuyandan sonra qarşısında yeni təfəkkür meydanı açılır. Çoxdan görmədiyin bir adamı qəfil xatırlayanda, bəzən xəfif bir ətir duyduğun düşür yadına. Bu ətirlərin necəliyi də, əsasən həmin adamı ilk dəfə gördüyün vaxt ondan, təbiətdən, otdan, torpaqdan… gələn ətrin xüsusiyyətindən asılı olur. Başa düşürsən ki, ilk təəssürat zamanı onun barəsində  beyinə yazılan informasiya, obrazlı ifadə etsək, həmin ətirli mürəkkəblə yazılıbmış.

… Alsheymer xəstəliyi. Bəli, yeni tapıntı olduğu üçün bu barədə hələ çox düşünəcəyik və düşünməliyik də. Müəllif haray çəkir, “Nuhun tufanı yaxınlaşır” – deyir. “Dəyərləri itirsək, doğmalara biganə olsaq, kitab oxumasaq kütləvi şəkildə yaddaşımız silinəcək”. Sən demə, mütaliəsi az olan adamın bu xəstəliyə tutulma ehtimalı böyük imiş! Xəstənin beyin hüceyrələri vaxtından əvvəl  (vaxt isə 300 il nəzərdə tutulmuşdur!) məhv olur, yaddaşını itirir, “manqurtlaşır”. Mən bunları oxuyanda yadıma bir əhvalat düşdü. Yaşı 100 çoxdan keçmiş bir İngilis dili müəllimi və din alimi tanıyıram – Mirzə Güləli. Məclisdə eynəksiz kitab oxuması, telefondan mətnlərə baxması, son dərəcə həssas qulaqları, zil, rəvan, aydın, məxmər səsi, ərəb, fars, ingilis, alman, rus dillərindən misallar gətirərək ensiklopedik biliyi bir yana qalsın, bunu uzun illər ərzində yaddaşında saxlaması ilə  hamını heyran edir. Ən təəccüblüsü isə onun fiziki durumudur. Şax qaməti, cəld hərəkətləri, çox gözəl, nurani sifəti, iti baxışları onun yaşına görə insana bir az da qəribə gəlir. Bir dəfə bunun sirrini soruşdular, o isə arxayın tərzdə dedi ki, bunun sirri oxumaqdadır, xüsusən də Quran oxumaqda. Çox kitab oxumağın gözə ziyan olduğunu deyənlərə yazığım gəlir. Hədisdə deyilir ki, Quran oxumaq gözün nurunu artırar. Mən həmişə Quran oxuyuram, mənasını düşünürəm. Bir az da yeməyimə, içməyimə, təmizliyimə,  fikirlərimə, halallığa diqqətli oluram.

Burada mən  Luiza Heyl adlı bir ingilis psixoterapevtinin yazdığı fikri də xatırlayıram. O iddia edir ki, insan nəyi, yaxud kimisə görmək istəməyərək məcburən ona baxmalı olsa, beyinin görmə mərkəzi çox əziyyət çəkir. Əgər bu hal davamlı olursa, həmin adamın görməsi pisləşir. Axı, insan təhtəlşüurunda “görməməyi” arzulayır, şiddətli arzu isə hökmən maddi formaya düşür və reallaşır. Bəli, professor Paşa müəllimin kəşfləri, fəlsəfi düşüncələri, poeziyası bir yana qalsın, elmi intuisiyaları, qənaətləri insanda heyrət doğurur. Əlbəttə ki, onun geniş mütaliəsi müasir dünyada mövcud olan elmi araşdırmaları izləməyə imkan verir və yeri gəldikcə öz fikirlərini təqdim edir. Məsələn, nurun türk təfəkküründəki  tarixi çox qədimlərə gedib çıxır. İslamaqədərki inancımız olan tanrıçılıqda məbudun adı “Tenqri-Tanrı” olub ki, bu da indiki “dan yeri” mənasındadır, – əcdadlarımız nur mənbəyi olan Günəşin çıxdığı yerin adını belə müqəddəsləşdiriblər. Ondan da əvvəl Zərdüşt yeni dinin mahiyyətini, işıq və zülmətin mübarizəsi kimi təlim etmişdir. Xalçalardakı buta şəkli də alov dilinin rəmzidir. Belə misalların sayını yenə çoxaltmaq olar, amma mən onu demək istəyirəm ki, təkamülün spiralvari hərəkəti nəticəsində yenidən işığın, nurun mahiyyətini öyrənmək aktual olmuşdur. Artıq işıq, belə alimlər tərəfindən təkcə gözə aid olan bir kateqoriya yox, idraka bağlı olan, həyatın hər yerinə nüfuz edən bir nəsnə kimi araşdırılır. Professor Paşa Qəlbinur gözdə müəyyən olunan “sarı ləkə” adlı sirli bir nöqtədən bəhs edir.

Tanıdığım insan nə qədər ağıllı, geniş erudisiyali, zəngin, savadlı olsa da, mənim üçün ziyalılığın bircə meyarı vardır; əgər həmin adamın mühakimələrini içərisindən “Allah” anlayışı bir qırmızı xətt kimi keçmirsə, o, yarımçıq ziyalıdır, daha doğrusu, əsl ziyalı deyildir. Axı, əqidəsi olmayan, yaxud yanlış əqidəyə sahib olan adam hansı məsələni sonadək izah edə bilər? Ziya nurdur, işıqdır, nurun mənbəyi Allahdırsa, biz daim içərimizdə onu hiss etməliyik. Paşa Qəlbinur Allah adamıdır, həm də bunu təkidlə hamıya təlqin edir.

Dünyada səhvi olmayan, hər yerdə düz olan bir ünvan var, o da böyük yaradandır! O, hər hansı bir mübahisədə, müzakirədə “mühakimədən kənar və şəksizdir…” Başqa bir yerdə isə oxuyuruq: “Sözün böyütdüyü ən böyük elm, sözün içərisindən işıqlandığı İlahi nəğmədir “Qurani-Kərim!”

Sükutun doluxsunduğunun da şahidi oluruq:

Yarpaq-yarpaq şəlalələr,
İşıq-işıq sellənirdi.
Hər yan sükut,
Hər yan doluxsunmuş səs-səmirdi.
Elə bil ki,
güllələnmiş cüyürü balaları əmirdi.

Vəssalam! Əminəm ki, belə  məhrəm, dəqiq ifadələri oxuyan hər kəs uzun müddət sözlərin seçimi, təsvir və mühakimə yeniliyi barədə düşünəcək.

“Mənim fikrimcə, görmə və eşitmə orqanının funksiyaları arasında bu bağlılıq sərhədsizlik, həm də başqa bədən üzvlərinə xasdır. Bir az başqa sözlərlə desək, hər bir duyğu üzvündə o biri duyğu üzvlərinə aid hüceyrələr var və ya digər duyğu üzvlərinin funksiyasını icra etmək qabiliyyəti vardır. Yəni hər bir duyğu üzvündə; əsasən həmin duyğu üzvlərinin əsas funksiyalarını icra edən hüceyrələr dominantdırlar, qalanları resessiv. Bu qabiliyyət müxtəlif insanlarda fərqlidir və şərait yarandıqda bu əlamət özünü daha qabarıq büruzə verir. Məsələn, görmə qabiliyyətini itirmiş adamlarda taktil dəri hissiyyatı və  eşitmə üzvü bu funksiyanı qismən də olsa, öz üzərinə götürür”.  Göründüyü kimi, çoxlarına məlum olan bu fakta alim yeni daha dərindən nəzər salır və sonda müştərək hüceyrələrin yalnız eşitmə və görmə üzvlərində yox, bütün duyğu üzvlərində olması qənaətinə gəlir. Bunları oxuyanda yaddaşımda yenə də bir xatirə canlandı… Qonşuluqda anadangəlmə kor kişi var idi. Addım səslərindən hamını tanıyır, hər bir işi fəhmlə özü görürdü. Heç vaxt tanış olmadığı birisinin gəldiyini hiss edəndə isə bir an duruxur, bir azdan qərara gəlib soruşurdu ki, filankəsin nəyisən? Hamı təəccübdən donub qalırdı, axı onun beynində hansı proseslər gedirdi ki, yad adamı da təxmin edirdi? “İdrak ətri”ndən misal gətirdiyimiz bu fikrə əsasən deyə bilərik ki, görmə üzvü olmayan həmin kişi təkcə eşitmə üzvlərini yox, bütün digər hiss üzvlərini səfərbər edərək obyekt barədə məlumat almağı bacarırmış. Bəlkə də işə onun təhtəlşüuru da qoşulurmuş? Samurayların döyüş üsulları yadınızdadırmı? Onlar rəqibi daha yaxşı hiss etmək üçün arxasını çevirərək ona baxmır, sanki gözləri onu çaşdıra bilər. Və başqa hiss üzvləri ilə rəqibin hərəkətlərini  necə dəqiq “görürsə”, sərrast zərbə ilə onu axırına çıxırmış.

Paşa Qəlbinur “an”a zamanın ən kiçik ölçüsü kimi baxılmasına etiraz edir. Doğrudan da, insan təfəkkürünün zaman anlayışını tam dərk etməsi qeyri-mümkündür. Hələ indiyə qədər işığın həm  zərrələr kimi düzxətli, həm də dalğavari hərəkət etməsi kimi bir-birinə zidd olan dualist fikirlər vardır. Maraqlıdır ki, alimlərin bu fikirlərdən hansını əsas götürməsindən asılı olmayaraq dəyərli nəticələr əldə etmişlər. Elə ağ rəngin bütün rənglərin qarışığından ibarət olması, insan gözünün yalnız məhdud dalğa uzunluğuna malik rəngləri seçə bilməsi, qulağının isə yenə də məhdud tezliki səsləri eşitməsi  bir paradoksdur. Deməli, insan övladına işığın, rənglərin, səsin  təbiətini öyrənmək qabiliyyəti verilməmişdir. Ona görə də zamana, ana dəqiq ölçü nisbəti vermək inandırıcı görünmür və professorun bu etirazı oxucu tərəfindən təbii qarşılanır. Şeyx Mahmud Şəbüstəri yuxarıda adını qeyd etdiyim əsərində yazır ki, Allah varlıq aləmini yaradanda zamanı da yaratdı və bir nöqtə olan həmin zamanı düz xətlər boyunca dartıb indiyə qədər uzadır. Mənə elə gəlir ki, zamanın uzunluğundan yox, dərinliyindən bəhs edən Paşa Qəlbinur çox haqlıdır.

Kitabın ikinci hissəsi “Portret esselər”dir. Burada kimlər yoxdur! Azad Mirzəcanzadə, İmam Mustafayev, Hüseyn baba, Ümnisə Musabəyli, Zərifə Əliyeva, Zəhra Quliyeva, Krasnov, Ağabəy Sultanov, İbrahim Topçubaşov, Nizaməddin Şəmsizadə… Azərbaycanın hüdudlarından kənardan baxanda da görünən uca zirvələr… Bəzilərini az-çox tanısaq da, dəyərli bir ziyalımızın qələmi ilə çəkilmiş portretlərin hamısı bizim üçün yenidir. Çünki səmimidir, dəqiqdir.

Yaxşı kitab haqqında deyirlər ki, “birnəfəsə oxudum!” Mən də bu kitabı birnəfəsə oxuyuram. Amma oxuyub bitirəndən sonra nəfəsimi dərib bir də oxuyuram. Yəqin ki, həmişə oxunacaq bu kitab. Birinci hissədəki fəlsəfi esselər elm axtarışında olan hər bir şəxs üçün yeni fikirlər, tapıntılarla doludur. Onları oxuyuram və indiyədək imkan daxilində öyrənə bildiyim həqiqətlər, mənbələr və müəllüfləri xatırlayıram. “İşıq” mövzusu isə hər sətirdən, hər səhifədən müxtəlif çalarlarla boy verir. Paşa Qəlbinur gah qələmi ilə qəlblərə nur çiləyir, gah da bıçağı ilə Allahın insan gözünə bəxş etdiyi nuru bərpa edir. Amma gözün quruluşunu, işığın mənbəyini dəqiq bildiyi üçün insan qüdrətinin sərhədlərini də etiraf edir. Elə bu cür də olmalıdır. Axı nur Allahdandır, o isə dərkolunmazdır. Bax, bu etirafına görə Paşa Qəlbinur istisnasız olaraq hamı tərəfindən sevilir və seviləcək!..

Şəhla ASLAN

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 9 =

Close
Close