Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
ÖLKƏ

Qəddar qətlləri artıran səbəblər: ekspertlər çıxış yolundan danışdılar

Bakının Suraxanı rayonunda törədilən dəhşətli qətl hadisəsi cəmiyyətdə geniş müzakirə olunur. Qatillərin amansızlığı, aqressiv davranışı bu qətl işində də istisna olmayıb. Gecə saat 3-də Yeni Günəşli qəsəbəsində yaşayan Araz Sofiyevin evinə 2 naməlum şəxs basqın edib. Ev sahibinə bıçaqla xəsarət yetirən basqınçılar evdən 4800 ABŞ dolları aparıblar. Evdən çıxarkən Araz Sofiyevin həyat yoldaşı Rəna Sofiyevaya da aman verməyiblər. Qadına bıçaqla xəsarət yetiriblər. Araz Sofiyev aldığı bıçaq xəsarətlərinin təsirindən əmələ gələn kəskin qanitirmədən dünyasını dəyişib, həkimlər onun həyat yoldaşının həyatını xilas edə biliblər. Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxslərin tapılması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirilir…
Ümumiyyətlə isə son zamanlar qəddar qətllər bir-birini əvəzləməkdədir. Bu ilin mayında Binəqədi rayonu ərazisində “Emin 444” ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Səfərov xüsusi qəddarlıqla qətlə yetirilib. Qanlı olaydan sonra məhkəmə tibb ekspertləri mərhumun bədəni üzərində 78 bıçaq xəsarət izi müəyyən etmişdilər. Sonradan bəlli olmuşdu ki, cinayət əvvəlcədən planlaşdırılıb, şəxsi ədavət zəminində törədilib.
İstənilən halda şəxsi ədavətin bıçaq tiyəsinə qədər uzanması, sıradan bir oğurluğun ev sahiblərinə qarşı qanlı aksiyaya çevrilməsi göz qabağındadır. Bu cür aqressiv davranışın, qəddarlığın arxasında dayanan səbəblər hansıdır? Mənzildən 4800 ABŞ dolları götürən şəxslər qətl törətmədən oradan çıxıb gedə biləcəkləri halda mənzil sahiblərini qanlarına qəltan edir, şəxsi ədavət zəminində varvarcasına davranış sərgilənir. Belə bir tendensiyanın meydana gəlməsinin izahı nədir?
Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, Suraxanıda baş vermiş qətl tamah motivlidir: “Məlumatlardan belə aydın olur ki, quldurluq və qətl törədilib. Evə oğurluğa gələn şəxs orada nə qədər pulun olmasını nadir hallarda bilə bilər. Çox güman ki, bu hadisə zamanı da belə olub. Oğurluğa gələn şəxslər ev sahibinin nə qədər pulunun olduğunu çox güman ki, bilməyib. Bəlkə də elə biliblər ki, evdə 50 min dollar və ya daha artıq qiymətdə daş-qaş var. Evə giriblər, pulu götürüblər. Ev sahibi də xəbər tutub ki, evdə yad adam var, onlar da vurublar. Səs-küyə evin xanımı gəlib, ona da xəsarət yetiriblər. Adətən belə hallarda qətl törədənlər tez-tələsik evdən qaçıb gedirlər. Yəni evdən ilkin götürdükləri pulla kifayətlənirlər”.
Mahmud Hacıyev deyir ki, istintaqın gedişində quldurluğun qəddar qətlə çevrilməsi, ümumiyyətlə, hadisənin necə baş verdiyi müəyyən olunacaq: “Bu adamlar oğurluğa gəliblər. Niyyət tamah məqsədi olub. Amma oğurluq zamanı fiziki zor göstərilirsə, bıçaqla ev sahibi qorxudulursa, əl-qolu bağlanırsa, döyülürsə, vurulursa, bu artıq quldurluq cinayətidir. İstintaqın gedişində məlum olacaq ki, niyə asan yolu seçməyiblər, ev sahibinin əl-qolunu bağlayıb pulları aparmayıblar? Mümkündür ki, evə oğurluğa gələn şəxslərlə ev sahibləri tanış olub. Ona görə öldürüblər ki, bununla izin itəcəyini düşünüblər”.
Mahmud Hacıyev deyir ki, istintaqın gedişində sıradan bir oğurluğun niyə qəddar bir qətlə çevirilməsinin səbəbi ortalığa çıxacaq.
Psixoloq Azad İsazadə baş verən olaylarda qəddarlığın kökünü cəmiyyətdəki aqressivlikdə görür: “Cəmiyyətdə aqressivlik çoxalanda hansısa münaqişələrdə bu aqressivlik özünü daha güclü şəkildə göstərir. Cinayət törədənlər də bu cəmiyyətin üzvləridir. Ona görə də bu cəmiyyətin içində belə hallar baş verir. Ümumilikdə isə bütün dünya hazırda qaynar qazanı xatırladır. Hər yerdə aqressiya artan xətlə gedir. Müharibələrin də çox ciddi təsiri var. Hər gün aqressiv hərəkətlərlə rastlaşırıq deyə aqressiv hərəkətlər bizə normal görünür. Üstəlik, mətbuatda, telekanallarda, sosial şəbəkələrdə aqressivliyin təbliği olan filmlər, xəbərlər, verlişlər davamlı şəkildə diqqətə çatdırılır. Bütün bunlar son nəticədə fərdlərin şüuruna təsir edir, adiləşmiş qəddarlıq fərdin fərdi öldürməsi, ona ölümcül zərbə endirməsi ilə sonunclanır”.
Azad İsazadə deyir ki, hazırda müşahidə olunan aqressivliyin qarşısının alınması üçün konkret reseptlər yoxdur: “Bəzi alimlər aqressivliyin artmasını planetar dəyişikliklərlə izah edirlər. Dünyada müharibə ocaqları artır, qan tökülməsi adi hala çevrilir. Bir müddət belə davam edəndən sonra isə dinc bir periodun olacağı pqonozlaşdırılır. Digər bir nəzəriyyəyə görə isə dövlətlərin davranışları ilə bağlıdır. Qeyd olunur ki, dövlətlər aqressiv tövr nümayiş etdirəndə, bu, son olaraq insanlara da sirayət edir. Əks proses olanda isə əhalidə də sakitləşmə, mülayimləşmə prosesi gedir. Dövlətin halı – aqressivliyi artanda cəmiyyətdə də belə bir proses başlayır, cəmiyyətə keçir. Müşahidə etdiyimiz qəddarlıqların kökünü bu istiqamətdə axtarmalıyıq”.
Mənbə: musavat.com

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 10 =

Close
Close