CƏMİYYƏTTƏHSİL

Aİİ tələbələri “Yay məktəbi”ndə növbəti mühazirəni dinləyiblər

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi” davam edir. Bu barədə Aİİ-nin mətbuat xidmətindən bildirilib.

“Yeni Gundem” xəbər verir ki, “Yay məktəbi”nin növbəti günü tarixçi-tədqiqatçı professor Muhammed Çelen İslamda və digər dünya dinlərində məzhəblərin, eləcə də dini cərəyanların əmələ gəlməsi və onların müasir dövrdə təkmilləşmə prosesi haqqında ümumi məlumat verib. Məzhəbləşməni insan fitrəti ilə əlaqələndirən M.Çelen bu amilin insanların həyatında oynadığı roldan və müxtəlif mədəniyyətlərin yaranma səbəblərindən bəhs edib.  Bildirib ki, müsəlmanlar məzhəblərə bölünsələr də, dinin təməl prinsiplərində heç zaman ixtilaf etməyiblər: “Yəni Allah-Taalanın birliyi, Həzrət Məhəmmədin Onun elçisi olduğu, “Qurani-Kərim”in Allah tərəfindən göndərildiyi, gün ərzində qılınan namaz, zəkat, oruc, Həcc kimi ibadətlərin fərz olduğu barədə  fikir ayrılığı mövcud deyil”.  M.Çelen ixtilafın dinin təməl prinsipləri xaricində olan fəri məsələlərə aid olduğunu qeyd edib.

Tələbələrin marağına səbəb olan mühazirədə prof. Muhammed Çelen onların çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, “Yay məktəbi”ndə Azərbaycan İlahiyyat İnstitutunun tələbələri ilə yanaşı, Qazaxıstan və Qırğızıstandan gəlmiş İlahiyyat fakültəsi tələbələri də iştirak edirlər. “Yay məktəbi”nin keçirilməsi tələbələrin bilik və bacarıqlarının artırılması, təcrübə mübadiləsi, dostluq əlaqələrinin genişləndirilməsi, eyni zamanda, ölkəmizdəki tolerant və multikultural mühitin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.

“Yay məktəbi” dövründə tələbələrə ərəb dili, ingilis dili, Quran, Təfsir, Siyər, Hədis, Fiqh, Pedaqogika, Müasir dini cərəyanlar, həmçinin türk dili və ədəbiyyat fənləri tədris edilir. Eyni zamanda, tələbələr üçün müxtəlif iş adamlarının, tanınmış ilahiyyatçıların iştirakı ilə seminar və konfranslar təşkil olunur.

Qeyd edək ki, Aİİ-nin qarşıya qoyduğu əsas məqsədlərdən biri, İslam və digər dünya dinləri haqqında dərin biliklərə yiyələnən, tərəfsiz və bütün konfessiyalara dözümlülüklə yanaşan din xadimləri yetişdirməklə yanaşı, intellektual, elmi potensiallı, səriştəli və savadlı kadrlar hazırlamaqdır.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × one =

Close
Close