GÜNDƏMMANŞET

Başçının müavini məni polisə döydürdü – Beyləqan RİH-dən ŞİKAYƏT

“Mən dövlətdən ev istəmirəm, o evləri gənc ailələrə versinlər. Mənim köçkünçülük dövründə öz şəxsi vəsaitim hesabına aldığım fin evini təmir etsinlər orada yaşamaqda davam edim. Ömrümün son illərini köçhaköçdə sürünmək istəmirəm. İkinci dəfə köçkün düşmək istəmirəm”.

Bunu AFN-ə Ağdam rayon Mərzili kəndindən olan məcburi köçkün Abdullayeva Zərqələm Cahangir qızı deyib. 1993-cü ildən Beyləqan rayon Allahyarlı kəndində məskunlaşdığını deyən Z.Abdullayeva hazırda 80 yaşının olduğunu və tək yaşadığını qeyd edir. Eyni zamanda prezident İlham Əliyevə də müraciət ünvanlayan şikayətçinin sözlərinə görə, yaşadığı uçuq-sökük vəziyyətdədir, qışda soyuq, yayda isə ilan və digər həşəratların qorxusundan yaşaya bilmir: “Ona görə də günümü qonşularda, qohumların evində keçirir və hər gün Beyləqan rayon icra nümayəndələrinin gəlib vəziyyətim ilə maraqlanacağını gözləyirəm. Dəfələrlə həm Beyləqan, həm də Ağdam rayon İcra Hakimiyyətinə, rayonumuzun millət vəkilinə, eləcə də “Qaçqınkom”a etdiyim müraciətlər cavabsız qalıb. Hər dəfə evlər tikiləndə siz də təmin olunacaqsınız deyirlər. Mən isə sadəcə yaşadığım daxmanın cari təmir olunması, artıq ötən il uçmuş dam örtüyü ilə yenilənməsindən savayı heç nə istəmirəm. Elə bu arzu ilə bu günlərdə yenidən Beyləqan rayon icra hakiminin qəbuluna getdim. Asif Ağayevin qəbuluna düşmək istəsəm də, özünü icra hakimin müavini kimi təqdim edən Telman və İlqar adlı şəxslər polis zoru ilə məni binadan bayıra tulladılar. Gözümü açanda icra hakimiyyətinin pilləkənlərində idim. Polisə “tut qolundan çölə at” əmrini verən məmur ermənidirsə, niyə mənim rayonumda rəhbərdir, azərbaycanlıdırsa, ona 80 yaşlı qadını döydürmək səlahiyyətin kim verib? Əgər belədirsə, nə sizdən ev, nə də bu viran komamın təmirini istəyirəm. Məni Ağdama, Mərzilimə göndərin. Mən orada quru torpağın üzərində də yaşayaram. Ən azından nə polisimin, məmurumun döydüyünü bilib kədərlənərəm, nə də belə zarıncı, hər gün qaçqınlıq yaşamaram. Erməni canımı alar və mən də öz torpağımda ölüb, orada qurd-quşa yem olaram. Əgər rayonlara təyin etdiyiniz şəxslər sizin düşməninizdirsə, onlar çətin bizə dost olarlar. Sizdən son xahişim budur ki, məni torpağıma qaytarın”.
Beyləqan rayon icra başçısının birinci müavini Telman Məstanov məsələ ilə bağlı AFN-ə açıqlamasında bildirdi ki, Z.Abdullayeva sonuncu dəfə ötən il onun qəbulunda olub və az-çox köməklik edib: “Ondan sonra mən onu görməmişəm. Amma mənə verilən məlumata görə, o məskunlaşdığı fin evini hərbçilərə kirayə verib özü Bakıda oğlunun evində yaşayır, iki aydan bir də gəlib burdan kirayə haqqını alıb gedir. Buna baxmayaraq, biz onun adını rayonda məskunlaşan digər məcburi köçkünlər kimi siyahıya alıb Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsinə vermişik. Adıçəkilən qurum isə Xocavənddə məcburi köçkünlər üçün şəhərcik tikir. Yəqin ki, Zərqələm Abdullayevanın yaşayış şəraiti araşdırılacaq və ehtiyac olarsa ilk növbədə mənzillə təmin olunanlardan olacaq. Biz kiməsə ev verən deyilik, siyahı tutub aidiyyəti üzrə təqdim edirik”.
Qeyd edək ki, Z.Abdullayevanın qızı jurnalist Həmidə Rüstəmovanın qonşuluğunda yaşayır. H.Rüstəmova AFN-ə məsələ ilə bağlı danışarkən başçı müavininin dediklərinin yalan olduğunu bildirdi. Onun sözlərinə görə, Z.Abdullayeva evini kirayəyə verməyib, sadəcə, ev yaşayışa yararsız olduğu üçün yaşlı qadın övladlarının və qohumların evində yaşamağa məcburdur: “O dəfələrlə yalvarıb, xahiş edib ki, evinin təmir olunmasına kömək edək. Gedib evimdə yaşamaq istəyirəm deyir. Mənlə söhbətində də ikinci dəfə köçkünçülük həyatı yaşamaq istəmədiyini bildirdi. Deyir ki, Allahyarlı kəndində özünə bağ-bağat salıb, az da olsa yaşıllıq düzəldib, indi onları qoyub yenirən quru yurda getmək istəmir. Onu başa düşmək çətin deyil, yetər ki, səlahiyyətli adamlarda insaf olsun. Zərqələm xanımın 1 oğlu var, o da çox kasıb şəraitdə yaşayır. Beyləqan RİH-də qəbula gedəndə ona fiziki güc tətbiq ediblər, bədənindəki izləri açdı göstərdi mənə”.
Z.Abduallayevanın qızı da AFN-ə bildirdi ki, anasının qabırğası əzilib: “Həkimə gedib kağız alıb. Anamı itələyib yıxıblar icra hakimiyyətində”.

Mövzunu diqqətdə saxlayacağıq.

PS:Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Yeni Gundem.Az

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =

Close
Close