Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
XƏBƏRLƏR

Ağstafada heyvandarlıqla məşğul olan fermerlərə təlimlər keçirilir

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri tərəfindən Ağstafa rayonunda heyvandarlıq sahəsində fəaliyyət göstərən bir qrup fermerə “Xırdabuynuzlu heyvanların çiçək xəstəliyinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib.

Nazirlikdən “Yeni Gundem”-e bildiriblər ki, 14 fermerin iştirak etdiyi təlim agentliyin Ağstafa Rayon Baytarlıq İdarəsinin rəisi Nofəl Qasımov tərəfindən aparılıb. Təlimdə xırdabuynuzlu heyvanlar arasında qeydə alınan infeksion xəstəliklər barədə məlumat verilib. Bildirilib ki, xırdabuynuzlu heyvanlara ən çox zərər verən infeksion xəstəliklərdən biri də çiçək xəstəliyidir. Çiçək xəstəliyinin inkubasiya müddətinin 4-12 gün davam etdiyi, onun zəiflik, temperaturun 41-42°C-yə yüksəlməsi, selikli qişaların hiperemiyası, burun və gözdən əvvəlcə selikli-irinli axıntı, nəbz və tənəffüs tezləşməsi, iştahanın itməsi ilə başladığı təlim iştirakçılarının diqqətinə çatdırılıb. 1-4 gündən sonra başın dərisində (gözlərin və burunun ətrafında), yelində, ətrafların daxili hissəsində roziolalar, onlardan isə 12-15 millimetr diametrli papulalar inkişaf edir, buradakı toxumalar ölür və qaysaqlanıb düşür. İrinləmə mərhələsi (pustula) ağız, burun boşluqlarının və gözün selikli qişalarının pozulması zamanı qeyd edilir və qoyunların ümumi vəziyyətinin ağırlaşması, bədən temperaturunun yüksəlməsi ilə davam edir. Xəstəliyin mərhələlərinin ümumi müddəti 3-4 həftə çəkir və çox vaxt sağalma ilə nəticələnir. Əgər çiçək ana qoyunlarda boğazlıq dövründə qeydə alınarsa, balasalma baş verə bilər.
Quzularda xəstəlik daha ağır keçir, mürəkkəbləşmələr-pnevmoniya, qastroenterit, irinli artrit və korluq yaranır. Xəstəliyin ilkin proqnozu zamanı ölüm 2-3, yayılmış və hemoroji çiçək zamanı isə 100 faizədək ola bilər.
Tədbirdə, həmçinin xəstəliyə yoluxma və ondan qorunma yolları haqqında təlim iştirakçılarına məlumat verilib. Xəstəlikdən qorunmağın ən etibarlı yolunun vaksinasiya olduğu vurğulanıb. Həmçinin qeyd edilib ki, cari il ərzində Ağstafa rayonunda 171 min 662 baş xırdabuynuzlu heyvanda çiçək xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
Bununla yanaşı, xəstəliklərə qarşı ölkədə tətbiq olunan vaksinlərin əhəmiyyətindən danışılıb. Heyvanların bəslənib saxlanması ilə məşğul olan fermerlərin qatıldığı təlimlərdə həmin xəstəliklərin qarşısının alınması və onların idarə olunması, mövsümlə əlaqədar qeydə alınan xəstəliklər və onlarla mübarizə üsulları, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları, eləcə də baytarlıq tədbirləri aparılan zaman zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya işlərinin görülməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası barədə məlumatlar verilib.
Təlimin sonunda fermerləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × four =

Close
Close