Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
MANŞETMÜSAHİBƏ

Aprel qazisi: “Telekanallarımızda biabırçılıqdır!”

Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse – prezidenti Füzuli Məmmədov növbəti dəfə iki Qarabağ qazisinə ev hədiyyə edib. Onlardan biri Hikmət Məmmədovdur.
Qazinin “Yeni Gundem”-e verdiyi müsahibəni diqqətinizə çatdırırıq:
– Yeni eviniz mübarək, sağlıqla oturasınız. Köçmüsünüz artıq? 
– Köçmüşük. Yaxşıdır, rahatçılıqdır. Füzuli müəllim sağ olsun.
– Sağlamlığınız nə yerdədir? 
– Sağlamlığım normaldır. Dava-dərmansız mümkün deyil. Özümüzü gümrah tutmalıyıq. İnsanlar bizi düşkün görməməlidir. İstəyirik ki, necə əvvəlki vəziyyətdə olmuşuq, yenə də həmin vəziyyətdə görünək. Təbii ki, müharibə bitməyib. İndinin özündə də, qəlpə başımda qaldığı üçün mən normal insanlar  kimi deyiləm. Başağrılarım olur, səhhətim problemlidir. Hara getsəm, dərmanlarım üstümdə olur.
 
– Dolanışığınız nə yerdədir? 
– Qalan vəziyyət də normal. Qazilər varlı olmur ki. Sözün düzü, mənim dövlətimizdən heç bir narazılığım yoxdur. Mənə baxmaq tərəfdən deyirəm. Baxmaq deyəndə ki, heç kimin mənə yaxşılığı dəyməyib. 700 manat pensiya alıram. Bundan başqa mənə heç nə etməyiblər.
– Hardasa işləyirsiniz?
– Müdafiə Nazirliyi göndərib bir yerə, sağ olsunlar, hörmət edirlər. Ordan da 250-300 manat maaş alıram.
– Bütün bu çətinliklərdən, ağır günlərdən, problemli səhhətdən sonra yenidən müharibəyə gedərsinizmi? 
– Biz kişiyik! Mümkün deyil ki, getməyək! Mən getməyim, o getməsin, bu birisi qaçsın, torpağı, anamızı, bacımızı, sevdiklərimizi kim qoruyacaq? Bu yük bizim üzərimizə düşür, təbii ki.
 
– Ailədən artıq bir nəfər Qarabağ uğrunda gedən döyüşlərdə vuruşub. Əzizlərinizdən kimisə döyüşə yollayarsınızmı?
– Oğlumun 5 yaşı var. İnşallah o böyüyənə kimi bizim artıq Qarabağ deyilən problemimiz qalmaz. Yəni torpaqlarımızı mənfur ermənilərdən xilas edərik. Amma oğlumun əsgəri xidməti vaxtı gəlsə, heç nəyə əl atmaram – Bakıyamı düşsün, cəbhə bölgəsindənmi yayındırım… Və yaxud arxada qalsın. Mən 2008-ci ildə Hərbi Akademiyanı bitirmişəm, 2009-cu ildən Aprel döyüşlərinə qədər cəbhədə xidmət etmişəm. Kişi üçün çətinlik görmək yaxşıdır. Qoy bərkə-boşa düşsün ki, həyatını idarə edə bilsin. Getməlidir, torpağımızı qorumalıdır! Necə mən, elə də oğlum davam etdirməlidir. Başqa yolu yoxdur.
 
– Aprel döyüşləri qazilərimizin həyatında bir iz qoydu: ağrılı, acılı, toplu-tüfəngli, eyni zamanda da zəfər hissləri dolu bir iz. O hissləri yaşamaq üçün həmin ərazilərimizə getmisinizmi? Nə hisslər keçirmisiniz? 
– Əlbəttə ki, bir neçə dəfə getmişəm. Hərbi hissələrdə də oluram. Məqsədimiz odur ki, əsgərlərimizlə söhbət aparıb, ruhdan düşməmələri üçün onlara bəzi məqamları çatdıraq. Əgər mən bu gün sağlamlığımı itirmişəmsə, yenə də vətənimin müdafiəsinə hazıramsa, deməli, əsgərlərimiz birinci olmalıdır. Onların yanında demişəm ki, Aprel döyüşlərində necə ki xalq bizim yanımızda oldu, bizimlə bərabər döyüşmək istədi, eləcə də biz sizin yanınızdayıq. Qorxmağa dəyməz!
Hərbi hissəyə gedəndə gördüm ki, mən döyüşdüyüm ərazidə artıq bizim əsgərlər dayanıblar, vətənə xidmət edirlər…  Hər şey düzəlib, hər şərait qurulub onlar üçün. Bundan böyük qürurverici hiss olarmı? Sevindirici haldır. Çox gözəl təəssürat bağışlayır. Artıq həmin ərazidə döyüş getmir, rahatçılıqdır. Ən əsası, düşmənlərimiz həmin ərazidə qat-qat aşağıdadırlar. Əvvəl onlar bizə yuxarıdan aşağıya baxırdılar, indi əksinə.
 
– Cavanlarımızda vətənpərvərlik ruhu nə yerdədir? Necə görürsünüz onları? Təbliğat necə gedir? TV-lərimizin təbliğatı sizləri qane edirmi?
– Ən yaralı yerimizə toxundunuz. Biz bugünkü günə kanallarımıza necə baxaq? Biabırçılıqdır! Ancaq türk kanallarına baxırıq. Orada gözəl filmlər göstərilir. Biz heç kinolarımızın adını belə bilmirik. Çünki bizdə vətənpərvərliklə bağlı kinolar çəkilmir. Çəkilir, amma 5-10 dəqiqəlik sənədli film kimi. Hər hansı bir tədbirdə yayımlanır, vəssalam. O film deyil! Kiminsə həyatından adi bir sənədli filmdir… Onu genişləndirmək lazımdır. Heç görmüsünüzmü ki, bir qaziyə aid normal film çəkilsin? O qədər qazimiz var ki. TV-lərimiz bərbad vəziyyətdədir. Vətənpərvərliklə, qazilərlə, qəhrəmanlarımız, şəhidlərimizlə bağlı məlumatları sosial şəbəkələrdən əldə edirik. İndi heç xəbərlərə də baxmaq olmur. Nə vaxt açırsan, lazımsız bir məlumat. Ancaq tərif, boş-boş şeylər.
Əslində cavanlarımızda ruh yüksəkliyi var. Bunu Aprel döyüşlərində də gördük. Sadəcə olaraq, bunu məhv eləmək lazım deyil, yaşatmaq, göstərmək lazımdır. Bizə çox müraciət edirlər ki, vuruşmaq istəyirik, irəli getmək istəyirik. Amma dövlətin, Ali Baş Komandanımız İlham Əliyevin göstərişi olmalıdır. Biz özbaşına deyilik ki, xalqı səsləyək döyüş bölgəsinə. Bütün hallarda ruhdan düşməməliyik. Vətənpərvərliyi təbliğ etməliyik var qüvvəmizlə. Bir çox qazilərimiz var ki, sosial şəbəkələrdə fəaldır: mənəm, Kamil Musəvidir və s.  Bu işlərlə məşğuluq, yəni vətənpərliyimizi nümayiş etdiririk. Qazilərimizdən paylaşımlar edirik, şəhidlərimiz haqda yazırıq və ya işğal olunmuş torpaqlarımızdan bəhs edirik. Bəziləri düşünür ki, biz özümüzü reklam edirik. Bu, reklam deyil. Yox, əgər reklamdırsa, mən kişiliyi reklam edirəm. Bunun nəyi pisdir ki? Durub Bayram Nurludan danışmırıq ki. Öz silahdaşlarımızdan, öz qazilərimizdən yazırıq, hansı ki, canını bu vətən yolunda qoyub.
– Qazilərimizlə “Socar”ın əməkdaşları arasında olan insidentlə bağlı nə reaksiyanız oldu? 
– Düzdür, mən başa düşürəm, qanun qanundur! Ola bilər ki, orda hər hansı bir tikintiyə icazə verməsinlər. Əgər orda o boyda tikintilər varsa, bir qazinin tikintisinə göz yummaq olardı. Olmazsa, onda heç kim tikməzdi. Qazi danışığında vurğulayır ki, ondan 5 min manat pul istəyiblər. Bu da 2 min ödəyə bilib. Qazinin beş mini hardan olsun? Bu vətən uğrunda döyüşənlər elə də imkanlı adam deyillər. Ehtiyacı olan, kasıb adamlardır. Döyüşüb gəliblər. İndi başlayırlar onlardan pul almağa. Qarabağ əlili səhv ola bilməz. Əgər səhvdirsə, sən onun səhvini düzəlt. Adam öldürmür, bir şey etmir. Torpaq uğrunda döyüşüb gəlib, indi iki sot torpaq alıb, ev tikə bilmir. Bu, böyük bir haqsızlıqdır! Bəziləri danışdı ki, “Socar”ın işçiləri döyülüb. Amma özünüz fikirləşin, əgər o qurumun əməkdaşları bu qazinin üstünə gəlirlərsə, bu da əlindəki çəliklə vurmalıdır da. Təsəvvür edin, gözünüz görə-görə evinizi dağıdırlar, söymək yox e, min cür şeyə əl atmalıdır. Başqa yolu yoxdur. Söyməlidir də, daşı götürüb təpəsinə vurmalıdır da. Ya da öncədən elə olmalı idi ki, belə bir problem ümumiyyətlə, yaranmamalı idi. Hər şeyi dövlətin üstünə atmaq olmaz. Yerli məmurlar başlayırlar camaatdan pul tələb etməyə. İstər bələdiyyəsi olsun, istər icrası, istərsə də “Socar”ın – neft şirkətinin ərazisi olsun. Beç-üç manat pul alırlar, sonra da aparıb yedizdirirlər balalarına ki, Qarabağ qazisindən almışam bu pulu. Lap demir e, amma vicdanı bilir də. Bugünkü gün axı bu adam vətən uğrunda öz sağlamlığını itirib, mümkün deyil bunun işləməyi. Bundan alıb, aparıb evindəkilərə necə yedizdirirsən? Beş imkanlıdan almısansa, heç olmasa bir kasıbı yola ver. Denən ki, halaldır sənə, tikə bilirsən tik. Evdir də, nolar ki, boş yerdir, qoy tiksin. Mən də, digər qazi dostlarım da bu hadisəni çox qınadıq. Ümid edirik ki, tezliklə bu məsələ həlli yolunu tapar. Mütləq düzəlməlidir. Başqa yolu yoxdur. Qaziləri incitməyə kimsənin haqqı yoxdur.
 
Könül Aypara

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − 6 =

Close
Close