“10-cu Qlobal Bakı Forumunun əhəmiyyəti elə adında ifadə olunub” – Deputatbackend

Əslində 10-cu Qlobal Bakı Forumunun əhəmiyyəti elə adında ifadə olunub – “Dünya bu gün: çağırışlar və ümidlər”. Daha detallı yanaşmaq üçün gəlin görək bu gün dünyada müasir çağırışları cavablayan və müasir ümidləri doğrultmağa istiqamətlənən nə qədər belə beynəlxalq platforma mövcuddur?

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Millət vəkilinin fikrincə,bu gün qlobal müstəvidə dialoq platformalarının hamısı qütbləşmə siyasətinə qurban gedib.

“Məsələn, qısa müddət öncə Münxendə və Davosda nəhəng və uğurlu siyasi müstəviyə şahidlik etdik, amma bu platformalar sülh və təhlükəsizliyə yönəli fəaliyyət ortaya qoya bilirmi, yaxud belə niyyət, ümumiyyətlə, mövcuddurmu? Təəssüf ki, bu gün qlobal müstəvidə dialoq platformalarının hamısı qütbləşmə siyasətinə qurban gedib və Münxendə də, Davosda da konkret olaraq bir qütbün müdafiəsi və digər tərəfə doğru ittiham ritorikası hakim idi. Həmçinin təşəbbüslər daha çox qarşı tərəflə sülhə yox, qarşı tərəfin məğlub edilməsi üçün səylərin birləşdirilməsinə yönəlmişdi. Bu mənada 2012-ci ildən etibarən fəaliyyət statistikasına diqqət etsək, tədbirə olan marağın və iştirakçıların sayının ildən ilə artması fonunda əminliklə demək olar ki, cənab İlham Əliyev Bakı Qlobal Forumunun timsalında dünyada çağırışları cavablaya bilən, qlobal ümidləri doğrulda bilən, ehtiyac duyulan platforma formalaşdıra bilib”,-o dedi.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun sözlərinə görə,Prezident İlham Əliyev Qoşulmama Hərəkatını faktiki olaraq işlək bir mexanizmə çevirib

“Bakı Forumunda özünü doğrultmuş, qlobal müstəvidə qəbul edilən insanların – dövlət və hökumət idarə etmiş və hal-hazırda dövlət və hökumət idarəçiliyində olan, xarici siyasətə, parlamentə rəhbərlik edən şəxslərin cəmlənməsi əslində bu müstəvinin çağırış və ümidləri təhlil etmək üçün ən doğru beyin mərkəzinə çevirir.Prosesə Azərbaycanın öncüllük etməsinə gəlincə, bu məqam heç kimdə sual doğurmur. Reallıqdır ki, Azərbaycan dövləti özü bir nümunə yaratmış beynəlxalq subyektdir, bilirsiniz ki, biz BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini cənab İlham Əliyevin rəhbərliyi altında özümüz hərbi-siyasi yolla icra etmişik. Habelə Cənab İlham Əliyev Qoşulmama Hərəkatını sıfır nöqtəsindən, ətalətdən qlobal təşkilatlanmaya doğru aparan ciddi və nüfuzlu liderdir. Sirr deyil ki, Prezident İlham Əliyevin rəhbərlik dönəminə qədər dünyanın ikinci böyük təsisatı olmasına baxmayaraq Qoşulmama Hərəkatının fəaliyyətində hansısa fövqəladə, çevik qərarların şahidi olmamışıq. Amma cənab İlham Əliyev Qoşulmama Hərəkatını faktiki olaraq işlək bir mexanizmə çevirib. Hərəkat pandemiya ilə mübarizədə qlobal səyləri birləşdirdi, postpandemiya və qütblərin toqquşması dövründə yeni çağırışlara isə liderlik edən və təşkilatlanmaya doğru gedən təsisata çevrildi. Təbii ki, ortaya belə bir siyasi-diplomatik performans qoyan təcrübəli şəxsin ev sahibliyi etdiyi Bakı Konfransına marağın artması, gözləntilərin olması başa düşüləndir”,-deyə o fikrini yekunlaşdırdı.

Fərahim Rəhimov