10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günüdürbackend

Sağlamlıq insanın fiziki, psixoloji, sosial və ruhi rifahıdır. İnsanın həyata pozitiv yanaşması, möcudiyyətdən zövq alma halıdır. Psixi sağlamlıq isə öz potensialını reallaşdırmaq, produktiv fəaliyyət göstərərək öz inkişafına və cəmiyyətin inkişafına mühüm tövhələr vermək istəyən insan üçün əvəzsizdir.

Psixi sağlamlığın əsas əlamətlərinə özünüdərk və qiymətləndirməni, ünsiyyət qura bilmə və ondan zövq ala bilməni, sağlam qidalanma və rahat yuxunu, həyatda məna və məqsədin olmasını, hisslərin dərki və ifadəsini, emosional stabilliyi, aktivlik və istirahət arasındakı tarazlığı, sevə bilmə qabiliyyətinin olmasını göstərmək olar.
Psixi sağlamlığa təhlükə yarada bilən obyektiv və subyektiv amillər vardır. Subyektiv səbəblər şəxsiyyətin fərdi xüsusiyyətlərindən yaranırsa, obyektiv səbəblər daha geniş dairəni əhatə edir. Belə ki, insanın böyüdüyü ailədəki mühitin və onu əhatə edən sosial qruplardakı narahatlıq və qeyri-stabillik, peşəkar fəaliyyətdəki uğursuzluqlar, yaşanan coğrafi ərazidəki sosial, iqtisadi və siyasi vəziyyəti göstərmək mümkündür.
İnsan həyatı boyu daxili və xarici amillərin qarşılıqlı təsiri nəticəsində daim dəyişir, inkişaf edir, təkmilləşir. Burada əsas məqam insanın yaşadığı mühitdə qarşılaşa biləcəyi hər bir vəziyyətə adekvat davranış göstərə bilməsidir.

Pandemiya (COVID-19) və işğal altında olan torpaqlarımızın azadlığı uğrundakı Vətən müharibəsi vəziyyətinin verdiyi narahatlıqda səhhətimizi qoruyaraq xalqımızın genofondundakı birlik və bərabərlik hissinə sarılaq, həmrəy olaraq psixi sağlamlığımızın qayğısında dayanaq. Hər birinizə psixi və fiziki sağlamlıq diləyi ilə…

Aysel Həsənova,
Psixoloq