123 jurnalist Prezidentə müraciət etdibackend

123 jurnalist Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə jurnalistlərdən ibarət “Az-Media” qrupu məlumat yayıb.

Məlumatda bildirilir ki, 123 media nümayəndəsi işğaldan azad edilən ərazilərə səfər etmək üçün ölkə başçısına müraciət ünvanlayıb:

“Torpaqlarımızın işğaldan azad edilməsindən bir il ötməsinə baxmayaraq, bəzi həmkarlarımız hələ də Qarabağa, Şuşaya və digər azad edilən ərazilərimizə gedə bilməyiblər. Bu barədə onlar fərdi olaraq bir neçə dəfə aidiyyəti qurumlara müraciət etsə də, onların müraciətinə baxılmayıb, hətta cavab belə verilməyib. Buna görə də çoxsaylı xahiş və tələbləri nəzərə alaraq ölkə başçısı, cənab İlham Əliyevə həmkarlarımızın imzası ilə müraciət etməyi qərara aldıq.

Qrupdan bildirilib ki, tərtib edilən onlayn anketi qısa zaman kəsiyində bir dəfə də olsun işğaldan azad edilən ərazilərə səfər etməyən 123 media nümayəndəsi doldurub və müraciətdə adının yer almasını istəyib. Bütün müraciətlər toplanıb, siyahı halına salınıb və ölkə başçısına müraciət ünvanlanıb.

Qeyd edək ki, müraciət eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılova və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova da göndərilib:

“Ümid edirik ki, müraciətimizə müsbət cavab verilər və həmkarlarımızın işğaldan azad edilən Qarabağımıza səfəri təşkil edilər”.