13 Sentyabr hadisələribackend

Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır. Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri apardığı halda, Ermənistan təcavüzə yol verməklə bu prosesə hər vəchlə mane olduğunu növbəti dəfə göstərdi. Rəsmi İrəvan sərhəd təxribatları ilə Avropa İttifaqının vasitəçilik səylərinə də zərbə vurur. Uzun müddətdir Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyini təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edir. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilmişdir. Prezident İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalının dəstəklənməsi faktı ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycanın tərəfdaş ölkələrinin sayını artırmalıdır. Beynəlxalq ictimaiyyət sülhə və tərəqqiyə dəvət edən Azərbaycan ilə beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan arasında seçim etməlidir. Sülh sazişinin imzalanmasından qaçan rəsmi İrəvan Qafqazdakı öz forpost statusunu bir daha təsdiqləyir və sıravi erməni xalqının maraqlarından çıxış etmədiyini nümayiş etdirir. Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir.  Beynəlxalq ictimaiyyət Ermənistana qarşı sanksiya tətbiq etməyənədək regiondakı pozuculuq fəaliyyətindən əl çəkməyəcək. Bu il Rusiyanın Ukraynada başlatdığı müharibə dünya üçün Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin vacib olduğunu isbatladı. Ermənistan isə iki il əvvəl Azərbaycanla sərhəddə törətdiyi təxribatı təkrarlamaqdadır. Bu il sentyabrın 12-13-də baş verənlər iki il öncə, iyulun 12-də AzərbaycanErmənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir. Azərbaycan öz ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyini qorumaq məqsədilə növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına cavab vermək üçün adekvat addımlar atmaq məcburiyyətində qalıb. Qeyd edək ki, 2020-ci il iyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutub. Azərbaycan qarşı tərəfə cavab verib. Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 12 əsgər və hərbçisi, o cümlədən general-mayor Polad Həşimov və 76 yaşlı dinc sakin Əziz Əzizov şəhid olub. Azərbaycan Ermənistanla sərhəddə sakitlik və sabitlik istədiyi ismarışını 2018-ci ildə Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən rayonları ərazisinə nəzarəti Müdafiə Nazirliyindən alaraq Dövlət Sərhəd Xidmətinə verməklə nümayiş etdirmişdi. Ancaq Ermənistan ötən illər ərzində Azərbaycanla sərhədə daha çox hərbi qüvvə və texnika toplamaqla vəziyyəti gərginləşdirməkdə davam edib. Hətta iş o yerə çatıb ki, Ermənistan Azərbaycanla sərhədi Rusiya hərbçilərinin qoruması təklifi ilə çıxış edib. Bu rəsmi İrəvanın regionda gərginliyi artırmaq üçün sərhəd bölgəsində təxribatlara hazırlıq üçün cədhlərdən sayıla bilər. Tovuz döyüşlərindən sonra Ermənistanın siyasi-hərbi rəsmiləri törətdiyi təxribatdan qürurla danışmağa başladı. Bundan bir müddət əvvəl Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyan “ərazi qarşılığında sülh”ü qəbul etmədiklərini bildirərək başqa bir tezis irəli sürmüşdü: “Yeni müharibə – yeni ərazi. Biz rəqibin ərazisində hərbi fəaliyyət göstərə bilmək üçün taqımların sayını artırmalıyıq”. Baş nazir Nikol Paşinyan isə onu dəstəkləyərək hökumət rəsmisinin dediklərini malalamağa çalışsa da, səhvə yol vermişdi: “Tonoyan başqa bəyanatla çıxış etsəydi, onu müdafiə naziri vəzifəsindən azad edərdim”. Ermənistanın hərbi-siyasi hakimiyyətinin bu kimi çoxsaylı müharibəyə çağırış və işğalçı çıxışlarından sonra Tovuz döyüşləri baş vermişdi. Həmin dövrdə də Azərbaycan sülh çağırışları və ərazi bütövlüyünün dinc yolla təmin olunmasına dair çıxşlar edir, təkliflər irəli sürürdü. Beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupu və həmsədrləri isə rəsmi İrəvanın müharibə ritorikasına münasibət bildirmirdi. Həmin hadisələr sentyabrın 27-də Azərbaycanın əks-həmlə əməliyyatı ilə 44 gün davam etdi. Azərbaycan torpaqlarının böyük bir hissəsini Ermənistanın işğalından azad etdi, Paşinyan kapituliyasiya aktına imza atdı və s… İndi Ermənistan məğlub tərəf olaraq üzərinə düşən öhdəliklərə əməl edib, sülh müqaviləsinin imzalanması üçün hazırlıq işlərini diqqət ayırmaqdansa, yenə təcavüzkar, təxribat əməllərinə əl atır. İndiki gərginliyi Tovuz hadisələrindən fərqləndirən önəmli cəhət Azərbaycan torpaqlarının işğal altında olmamasıdır. Bu gün isə Azərbaycan əsgəri dövlət sərhədinin Kəlbəcər, Laçın, Zəngilan rayonları istiqamətində Ermənistanın təxribatlarına layiqli cavab verir. Nikol Paşinyan Brüssel və Moskvada keçirilən görüşlərdə ölkələr arasında sərhədlərin müəyyənləşməsi və sülh müqaviləsinin imzalanmasına hazırlıqla bağlı işçi qrupların yaradılmasına razılıq versə də, sonradan sözünə əməl etmir. Rəsmi İrəvan müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasında, əməkdaşlıqda, regionun sabitliyi və təhlükəsizliyinin təmin olunmasında iştirakdan qaçır. Nikol Paşinyan bu günlərdə Rusiyanın Vladivostok şəhərində keçirilmiş Şərqi İqtisadi Əməkdaşlıq toplantısındakı çıxışında sülh pərdəsi altında revanşist çıxış edib. Bu, Ermənistanın Azərbaycana qarşı yeni təxribata başlayacağının təbliğatı idi… Belə çıxır ki, Tovuz döyüşlərindən sonra Ermənistan Azərbaycan əsgərindən aldığı dərsləri unudub. Elə belə unutqanlığına görə ermənilər özlərinə saxta tarix uydurur, bütün dünyanı özlərinə düşmən bilir, heç kimi sevmirlər… Hadisələr, İrəvan rəsmilərinin çıxışı, bəyanatı və bəhanələri Ermənistanın regionda və dünyada təhlükəsizliyə, sabitliyə və əməkdaşlığa qarşı olduğunu təsdiqləyir. Belə qənaətə gəlmək olar ki, onları buna sanksiyalarla vadar etmək mümkündür. Ona görə də beynəlxalq ictimaiyyətin Ermənistanın başını sığallaması müddətinin başa çatdığını da düşünmək olar. Sığalın sanksiya ilə əvəzlənməsi üçün Ermənistan bütün qaydaları çoxdan pozub…

Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər. Azərbaycanın qüvvətli ordusu var. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin 80 faizini sıradan çıxardı. Hazırda da Azərbaycan Silahlı Qüvvələrinin güclü və peşəkar hərbi qulluqçuları Vətənin keşiyində dayanıblar və “Dəmir yumruq” yerindədir. Yaşından və rütbəsindən asılı olmayaraq, hər bir hərbi qulluqçumuz düşmənin təxribat və hücumlarının qarşısını almağa qadirdir. Ermənistan siyasi rəhbərliyi və revanşist qüvvələr anlamalıdırlar ki, onların törətdikləri təxribatlar nəticəsində Azərbaycan tərəfinin verdiyi hər bir şəhidin qanı yerdə qalmır və qalmayacaq. Düşmənin son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün qurban verdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətənini sevən, dövlətinə sadiq qalan, öz vəzifələrini yüksək səviyyədə yerinə yetirən igid oğulların ruhları qarşısında baş əyir, onların doğmalarına Allahdan səbir diləyirik. Onlarla qürur duyuruq. Vətən sağolsun!

Şəhid hərbçilərimizdən bəzilərinin adlarını təqdim edir:

  1. Qurbanov Saleh Möhübbət oğlu – Xızı rayonu, Giləzi qəsəbəsi
  2. Mehbalıyev Fərid Kəmaləddin oğlu – Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, 
  3. Əliyev Əli Cavad oğlu – Şərur rayonu, Yengicə kəndi
  4. Həsənov Səid Sarbala oğlu – Cəlilabad rayonu, Əsədli kəndi
  5. Nəsirov Ülvi Əsədulla oğlu – Saatlı rayonu, Qaranuru kəndi
  6. Babazadə Elşən Sahib oğlu – Qəbələ rayonu, Mıxlıqovaq kəndi
  7. Kərimov Azad Zakir oğlu – Qazax rayonu, Daşsalahlı kəndi
  8. Məmmədov Azər Mustafa oğlu – Qazax rayonu, Kəmərli kəndi
  9. Fərid Rüstəmov – Zərdab rayonu, Kəndəbil kəndi
  10. Ümid Həsənov – Quba rayonu
  11. Şəmistan Sadıxov – Lerik rayonun, Əvilə kəndi
  12. Əzizov Nəzər Ağacəlil oğlu – Kürdəmir rayonu, Dəyirmanlı kəndi
  13. Camal Bədəlov – İsmayıllı rayonu, Talıstan kəndi
  14. Kazımov Yunis Qasım oğlu – Qazax rayonu, Kəmərli kəndi 
  15. Rüstəmov Elnur Faid oğlu  – Xaçmaz rayonu, Əbilyataq kəndi
  16. Əhmədov Feyruz Məzahir oğlu  – Tovuz rayonu
  17. Qocayev Vadim Alik oğlu  – Bakı şəhəri Binəqədi rayonu 
  18. Əhədzadə Xəyal – Lənkəran rayonu, Nərimanabad kəndi
  19. Ömərov Sərxan Mübariz oğlu – Zaqatala rayonu, Yuxarı Tala kəndi
  20. Budaqlı İsmayıl – Sabirabad rayonu
  21. Abbasov Adil Nail oğlu – Oğuz rayonu
  22. Qurbanov Cəmil Anar oğlu – Astara rayonu
  23. Abdullayev Elvin Elçin oğlu – Neftçala rayonu
  24. Fətullayev Rafael Rüfət oğlu – Neftçala rayonu
  25. Şirinov Ömər Muğan oğlu – Kəlbəcər rayonu
  26. Hümbətov Ravil Mübariz oğlu – Cəbrayıl rayonu
  27. Vüsal Məlikov – Lerik rayonu, Almu kəndi
  28. Qasımov Nihat Mehman oğlu – Şəki rayonu, Kiçik Dəhnə kəndi
  29. Emin Fərzəliyev – Ağcəbədi rayou
  30. Süleymanov Xəyal Elxan oğlu  – Şəmkir rayonu
  31. Əzizli Sadiq Zaur oğlu – Qobustan rayonu, Dərəkənd kəndi
  32. İsgəndərov Qorxmaz İsgəndər oğlu – Mingəçevir Dövlət Universitetinin məzunu
  33. Qasımov Rəşad Ənvər oğlu – Cəlilabad rayonu, Alar kəndi
  34. Əhmədzadə Məftun Seymur oğlu – Tərtər rayonu, Evoğlu kəndi
  35. Zülfiyev Coşqun Ədail oğlu – Lerik rayonu, Nurəvud kəndi
  36. Ağazadə Mirtalib Mirheydər oğlu –  Beyləqan rayonu, ll Aşıqlı kəndi

37.Səbuhi Əhmədov – SOS uşaq evininin yetirməsi

  1. İsayev Sadiq Rəşad oglu – Salyan rayonu Arbatan kəndi
  2. Məmmədov Məmməd Bilal oglu – Biləsuvar rayonu
  3. Rzayev Tərlan Pərviz oğlu – İsmayıllı rayonu
  4. Səmədov Elvin – Salyan rayonu, Qızılagac kəndi
  5. Muradov Bəxtiyar Guloğlan oğlu – Sumqayıt şəhəri
  6. Erkin Hüseynov – Gəncə şəhəri
  7. Təbriz Rəhimov – Yevlax rayonu, Gülövşə kəndi
  8. İsgəndərov Qorxmaz İsgəndər oglu – Laçın rayonu, Ağcakənd kəndi
  9. Məmmədov Nahid Hüseynağa oğlu – Cəlilabad rayonu, Venlik kəndi
  10. Həsənov İbrahim Şöhrət oğlu – Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi
  11. Rəsulov Murad İlqar oğlu – Şabran rayonu
  12. Huseynov Ziyarət Mayıl oğlu – Biləsuvar rayonu, Amankənd kəndi 
  13. Üzeyir Əliyev – Göygöl rayonu, Qızılqaya qəsəbəsi

Kərimova Pərvin Zakir qızı

Nəsimi rayonu 247 N-li tam orta məktəbin müəlliməsi