14 yaşlı qıza seksual hərəkətlər edib bəraət alan şəxslə bağlı protest verildibackend

Bərdədə 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etmə ittihamı ilə həbs edilən, daha sonra azadlığa buraxılan şəxslə bağlı protest verilib.

Baş Prokurorluqdan “Yeni Gündəm”-ə bildirilib ki, Bərdə rayon məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərarı ilə bəraət alan şəxslə bağlı hökm işin faktiki hallarına uyğun deyil. Bu əsasla Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılması məqsədilə fevralın 15-də Baş Prokurorluq tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə protest verilib.

Xatırladaq ki, ötən ilin yayında Bərdənin Cumalar kənd sakini polisə müraciət edərək qızının 2020-ci ilin avqust ayında həmkəndlisi tərəfindən zorlandığını bildirmişdi. Ekspertizanın rəyi əsasında qızın bakirəliyinin pozulması müəyyən edilmişdi.

Məhkəmədə prokuror təqsirləndirilən şəxsin 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, hakim ona bəraət vermişdi.