2 saylı uşaq poliklinikasında araba üçün giriş yoxdur – Baş həkim: “Biz tikinti zamanı təklif etmişdik, amma…” – FOTOLARbackend

”Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir.

Uşaqlar hər bir insanın mənəviyyatıdır. Ona görə də dünyada, hər bir insanpərvər cəmiyyətdə uşaqlara daim xüsusi qayğı, xüsusi diqqət göstərilibdir. Uşaqlar daim qayğı altında olmalıdır, onları qorumaq, müdafiə etmək, böyütmək, insan cəmiyyətinin fəal iştirakçısı, fəal üzvü etmək lazımdır. Azərbaycanın prezidenti kimi mən bu gün bəyan edirəm ki, uşaqlara, körpələrə olan qayğı bütün qayğılardan üstündür”.

Heydər Əliyev

Bu günlərdə yolum təsadüfən Xətai rayonu, 2 saylı uşaq poliklinikasına düşdü. Xocalı 35 ünvanında yerləşən uşaq poliklinikasına…

Buradakı səhiyyə sisteminin necə ağır vəziyyətdən olmasından çox danışmayacağam. Çünki yetəri qədər danışıb, yazmışıq. Onsuz da bir ölçü götürülməyəcəksə, nə qələmimizi hörmətdən salmayaq, nə də vaxtımızı sərf etməyək.

Hadisənin ikinci bir tərəfini oxucuların və aidiyyatı orqanların diqqətinə çatdırmaq istəyirəm. Bəlkə insafa gəldilər. Poliklinikada baş alıb gedən özbaşınalıqları aradan qaldırmağa cəhd göstərməmələri, uçub-dağılmaqda olan binanın təmirini təxirə salmaları bir yana, heç olmasa, körpələr üçün pilləkənlərin böyründən bir araba girişinin qoyulması üçün tədbir görələr.

Bu poliklinika azyaşlı uşaqlar üçün nəzərdə tutulub. Yəni valideynlər yeni doğulan, azyaşlı uşaqları ilə il ərzində dəfələrlə bu məkana gəlib-getməyə məhkumdurlar. Hər dəfə də arabanı qucaqlarında qaldırıb-salacaqlarını düşündükdə isə…

Tutalım, tikinti bitib, bu yalnışlıq heç kimin ağlına gəlməyib. İllər ərzində Baş həkim, ya da rəhbərlik hansısa bir valideynin arabanı qucağında qaldırıb-düşürdüyünü görməyibmi?!

Axı sonradan da araba üçün hər bir şərait yaratmaq olardı…

Bir də əlil övladları olan valideynlərin halını düşünün…

P.S. Valideynlərin şikayəti əsasında araşdırmamızı davam etdirmək üçün 2 saylı uşaq poliklinikasının Baş həkimi İradə xanımla əlaqə saxlayıb, vəziyyətlə bağlı açıqlama verməsini xahiş etdik.

Baş həkim bizi sonadək dinlədikdən sonra, “ümumiyyətlə, bu poliklinika 1905-ci ildə tikilib, 1911-ci ildə təmir olunub (çox güman ki, 2011 demək istəyib – K.A.). Təmir zamanı biz təklif irəli sürdük ki, axı belə olmaz, uşaqlar üçün araba girişi qoyulmalıdır. Amma dedilər ki, heç bir uşaq poliklinikasında araba girişi yoxdur”, – dedi.

“Poliklinika çox güman ki, 2011-ci ildə təmir olunub. Və siz o zaman Səhiyyə Nazirliyinə təklif irəli sürmüşdünüz? Bəs bu illər ərzində öz və ya nazirliyin hesabına düzəliş etmək üçün hər hansısa bir addımı atmısınızmı?” sualına Baş həkimin cavabı belə oldu:

“Mən “Səhiyyə Nazirliyi” demədim ki. Kim tikir, onlara demişdik… Öz hesabımıza da istədik edək, sementləyək, amma yer dar idi deyə, etmədik. Çünki digər sakinlərin giriş-çıxışına maneə yaranacaqdı”.

Belə… Hər zaman olduğu kimi, problemlər kimlərinsə, onlar da kimlərinsə üstünə atıldığından həlli yolu tapılmır…

Bu arada, adicə sağlamlıq mərkəzində uşaqlarımıza xüsusi qayğı, diqqət göstərilmirsə, hansı möhkəm və uzunömürlü gələcəkdən söhbət gedə bilər ki?!

 

Fotolar: Nailə Məmmədli

Hazırladı: Könül Aypara