2022 Enactus Azərbaycan Milli Yarışının yarımfinal mərhələsi keçirilib – FOTObackend

Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı və “BP Azərbaycan” şirkətinin baş sponsorluğu ilə keçirilən 2022 Enactus Azərbaycan Milli Yarışının yarımfinal mərhələsi uğurla yekunlaşıb.

Azərbaycan Gənclər Fondundan “Yeni Gündəm”-ə bildiriblər ki, Milli Yarışın yarımfinal mərhələsi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Proqram meneceri Nigar Hüseynovanın moderatorluğu ilə öz işinə başlayıb.

Sonra “Enactus Azərbaycan”ın ölkə üzrə rəhbəri Orduxan Qəhrəmanzadə görülən işlər barədə çıxış edib, iştirakçı komandalara uğurlar arzulayıb.
Üç liqa üzrə 17 komanda arasında təşkil olunan yarımfinal mərhələsində komandaların tanışlıq videolarının ardınca hazırladıqları layihə təqdimatları izlənilib, hər liqa üzrə 10 nəfər olmaqla ümumilikdə 30 hakimin qiymətləndirilməsi olub, hər liqa üzrə sual-cavab sessiyası keçirilib.
Münsiflərin qiymətləndirilməsi nəticəsində 1-ci liqa üzrə Bakı Dövlət Universiteti və Naxçıvan Dövlət Universiteti, 2-ci liqa üzrə Azərbaycan Dövlət İqtisad Universiteti və Sumqayıt Dövlət Universiteti, 3-cü liqa üzrə isə Bakı Ali Neft Məktəbi və Bakı Mühəndislik Universitetinin Enactus komandaları iyulun 18-də Bakı Konqres Mərkəzində keçiriləcək “Enactus Azərbaycan” Milli Yarışının final mərhələsinə vəsiqə qazanıblar.