250 minlik xidməti avtomobildən istifadə edən səfir Elmira Axundova kimdir? – Bioqrafiyasının aşkar və qaranlıq məqamlarıbackend

İllər ötür, vəzifələri dəyişir, amma deputat Elmira Axundova ilə səfir Elmira Axundova arasında elə də ciddi fərq yoxdur. Axundova köhnə ampluasındadır. Ölkədən səfir adı ilə çıxıb, ölkəni də, onun insanını da bəyənmir.

Kimdir bu qadın? Kimin adamıdır?

Tərcümeyi-halında yazır ki, 1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olub. Atası hərbiyə Hüseyn Məmmədov kimi gedib, oradan Fərman Hüseynov kimi dönüb. Bu müəmmalı ad-soyad dəyişikliyi ilə yanaşı maraq doğuran daha bir məqam var. Hüseyn Məmmədov cəbhəyə sıravi gedib, oradan isə mayor Fərman Hüseynov kimi dönüb. Elmira Axundova atasını hər yerdə Fərman kimi təqdim edir, sənədlərdə isə onun adı Hüseyndir. Elmira Axundova 6 il Moskvada yaşayan və orada nə işlə məşğul olması bilinməyən Hüseyn – Fərmanın ailəsində dünyaya gəlib. Bu gün də Elmira Axundova atası ilə bağlı suallardan yayınır…

Onun adı Azərbaycanda külli miqdarda dələduzluq olayına qarışan günlərdə Ramiz Mehdiyevin yaxın ətrafına daxil olan biri kimi tanınırdı. 10-dan artıq şəxsə qarşı dələduzluq işinin başında dayanan biri kimi də məhz Elmira Axundovanın adı keçirdi. Hətta ortaya səs yazıları da çıxmışdı, o yazılar cinayət işlərinə də əlavə olunmuşdu. Evinə dələduzluq işində adı keçən Elnur İbrahimov günaşırı 5 min manat daşıyıb!

Məsələnin üstü açılandan sonra Elnur İbrahimov Elmira Axundova ilə Qəbələdə görüşüb və Elmira Axundovanın sevimli paytaxtına – Moskvaya yola salınıb.  Elmira Axundova o günlərdə çox çətin durumda idi, hər fürsətdə Ramiz Mehdiyevlə əlaqələrini gözə soxmaqdan çəkinmirdi. Tez-tez “nəvəmə Ramiz adı qoymuşam, onunla nəfəs alıram” deməklə Ramiz Mehdiyevə xoş əhval bəxş etdiyini gizlətmirdi. Başqa cür ola da bilməzdi. Ramiz Mehdiyevə qədər Yazıçılar Birliyində Mirzə İbrahimovun katibəsi olan Elmira Axundovanın ulduzu 1995-ci ildə parlayıb. Ramiz Mehdiyev Prezident Adminstrasiyasının rəhbəri vəzifəsinə gələndən 1 ay sonra Elmira Axundova onun rəhbəri olduğu Əfv Komissiyasına üzv olub.

Komissiya üzvü kimi də fəaliyyəti çoxlu suallar doğrurudu. 2005-ci ildə isə Elmira Axundova Ramiz Mehdiyevin siyahısından parlamentə ötürüldü. Parlamentdə oturub “Ramiz Mehdiyevin kitabları hər kəsin stolüstü kitabı olmalıdır” şəkilində fikirlərlə gün keçirirdi. Bu tandemin sonrakı dövrdə əməllərini isə PA-da bilməyən yox idi. Hətta Elmira Axundova Ramiz Mehdiyev barəsində “Sabahkı gün haqqında düşünərkən” adlı kitab belə yazıb. Ramiz Mehdiyev də ona borclu qalmayıb. 1995-ci ildən 2019-cu ilin oktyabrına qədər Elmira Axundovaya bir neçə 10 milyon manatın sahibəsinə çevrilməsinə şərait yaradıb, hüquq mühafizə orqanlarını onun və oğlunun əməllərini araşdırmaqdan kənar saxlayıb. Həbib Axundov da anasından geri qalmır. “Miss Lafarella” gözəllik yarışmasının qalibi Günel Rəşid qızı Mirzəyevanın müəmmalı ölümü bu gün də Həbib Axundovun adına bağlıdır. Günel Həbib Axundova məxsus K-45 adlı ABB 1278 bort nömrəli “Yamaha 242 Limited S” tipli gəzinti katerindən müəmmalı şəkildə suya düşüb və boğulub. Cinayət isi isə ört-basdır olunub!

Ramiz Mehdiyevin yola salınması ərəfəsində Elmira Axundovanın vurnuxması da təsadüfi deyildi. Hamisiz qalacağı təqdirdə, Elmira Axundova özü, onun “gül balası” Həbib Axundov çox çətin sorğu-suallarla üzləşəcəkləri şübhəsiz idi. Təsəvvür edin: Rusiyada doğulan, hər fürsətdə Rusiyaya reverans edən biri Rusiya ilə müharibə şəraitində olan Ukraynaya səfir göndərilir. Belə bir məqamda onun Ukraynaya səfir göndərilməsinin də çox maraqlı tarixçəsi var.

İddialara görə Ramiz Mehdiyev öz dəstəsinin üzvü olan Elmira Axundovanı səfir yollamaq üçün digər əlaltısı olan Elmar Məmmədyarova göstəriş verib. Dilsiz-ağızsız Elmar Məmmədyarov vaxt istəyib, Elmira Axundovanın təqdimatını hazırlayacağını deyib. Kimsəyə sirr deyil ki, Elmar Məmmədyarov vəzifədə olduğu dönəmdə də, Ramiz Mehdiyev vəzifədən gedəndən sonra da onun orbitindən kənara çıxa bilmirdi. Və beləcə Elmira Axundova 2020-ci ilin əvvəlində “xilas kəməri”nə – səfir postuna qovuşdu.

1 illik fəaliyyəti dövründə Ukraynada oturub Rusiyaya vəkillik edir, Türkiyəyə qarşı açıq şəkildə hucumlarda bulunur. 44 günlük Vətən Müharibəsindən sonra Ukrayna telekanallarına müsahibəsində səfir Ermənistanın kapitulyasiya etməsinə görə Azərbaycan dövlətinə, Azərbaycan ordusuna deyil, Rusiyaya(?!) minnətdarlığını bildirir, “bizə hansısa Türkiyə kömək etməyib” kimi fikir də işlətməkdən çəkinmir. Ardından da Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova daha bir qalmaqalın mərkəzinə gəldi. Azərbaycan dövləti işğaldan azad olunmuş torpaqlara əhalinin köçürülməsini təmin etmək üçün bütün imkanları səfərbər etdiyi bir vaxtda özünə Almaniyadan “Mercedes-Benz S 350L” markalı avtomobil gətizdirib. Bu maşın üçün nə az, nə çox, 250 min manata yaxın vəsait xərclənib. Halbuki həmin vəsaiti işğaldan azad edilən ərazlərdə inşası nəzərdə tutulan “Ağıllı kənd”lərə yatırmaq olardı. Ramiz Mehdiyevlə tanışlığa qədər “Moskviç-408”də gəzən Elmira Axundova bu haqda düşünmək belə istəmir. Ancaq bu çox ciddi qanun pozuntusudur – Maliyyə Nazirliyinin qaydalarına görə, ranqından asılı olmayaraq məmurun xidməti avtomobilinin qiyməti 50 min manatdan yuxarı ola bilməz!

Son günlər Elmira Axundova Ukraynada daha bir qalmaqalın mərkəzinə gəlib. Xarkov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına mane olmaq üçün fəaliyyətə keçib. Axundova Xarkov meriyasına müraciət ünvanlayaraq şəhərdə salınması planlaşdırılan “Filosoflar parkı”nda Nizami Gəncəvinin abidəsinin ucaldılmasına qarşı çıxıb. O, dahi Nizaminin abidəsinin əvəzinə, Mirzə Fətəli Axundovun heykəlinin ucaldılmasını təkid edib.

Səfirin skandal yaradan əməlləri bununla yekunlaşmayıb. Daha sonra Nizami Gəncəvinin abidəsi üzərində işləyən azərbaycanlı heykəltəraş, Ukraynanın xalq rəssamı Seyfəddin Qurbanovdan işin dayandırmasını tələb edib. Məlumdur ki, bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ili “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Elmira Axundova isə  Prezidentin sərəncamına qarşı çıxmaqdan çəkinmir. Bütün addımları da Azərbaycan adına utanc gətirməyə hesablanıb. Axundovların Ukraynadan növbəti hoqqalarını gözləyək.

İstiqlal.az