Qəzzada şiddətli toqquşmalar davam edərkən, işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində İsrail əsgərləri ilə fələstinlilər arasında silahlı toqquşmalar baş verib.
“Yeni Gundem” xəbər verir ki, İsrail qüvvələri ötən gün bölgədə daha 65 fələstinlini saxlayıb.
İsrail qüvvələri 27 gündür fasiləsiz olaraq Qəzzanı bombalasa da, İordan çayının qərb sahilində də qarşıdurmalar intensivləşib. İsrail qüvvələri Ramallahın Tayra məhəlləsinə basqın edərək fələstinli gənclərlə toqquşub. İsrail qüvvələri basqının qarşısını almaq istəyən gənclərə canlı güllə, zəhərli qaz və səs bombaları ilə müdaxilə edib. Bir müddət sonra ərazini tərk etməli olan əsgərlər gedərkən real güllələrdən evlərə atəş açıblar.
Bölgədəki hadisələri anında çatdıran Şihab xəbər agentliyi öz Telegram səhifəsində fələstinli gənclərlə İsrail əsgərləri arasında silahlı toqquşmaların başladığını bildirərək, Ramallahdakı Tayra və şimaldakı Əl-Celzun Qaçqınlar Düşərgəsində baş verən qarşıdurmaların çoxlu görüntülərini paylaşıb. Toqquşmalarda ölən və yaralananların olub-olmadığı barədə məlumat verilməyib.
İsrail əsgərləri Ramallahdan 23 kilometr uzaqlıqdakı Turmus Əyya bölgəsinə basqın edərək yoldan keçən avtomobilə atəş açıb. Qəlpələrdən yüngül xəsarət alan iki gənc xəstəxanaya çatdırılıb.
Mövzu ilə bağlı Fələstin Əsirlər Dərnəyindən yazılı açıqlama verilib.
Açıqlamada İordan çayının qərb sahili və Şərqi Qüdsdə ən azı 65 fələstinlinin nəzarətə alındığı, oktyabrın 7-dən bu yana nəzarətə alınanların sayının 1900-ə yüksəldiyi bildirilib.
Mənbə: TGRT
Aynur Camal