29 il əvvəlki qətlə görə tutulan şəxs tanınmış ekspertdirbackend

Bir neçə gün əvvəl hüquq-mühafizə orqanları tərəfindən 29 il əvvəl Bakıda Fikrət İbrahimovun yaşadığı mənzilində güllənərək öldürülməsi cinayətinin üstünün açılması barədə xəbər vermişdik.

“Yeni Gundem” xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, uzun illər bağlı qalmış cinayəti törətməkdə şübhəli bilinən, həmin vaxt F.İbrahimovun iş yoldaşı olmuş Nazim Bayramov tanınmış şəxsdir. Keçmiş OMON-çu, Nazim Bayram adı ilə tanınan bu şəxs 1993-cü ildə Surət Hüseynovun dəstəsinə qoşulub, tank alayının komandiri olub. N.Bayram 1993-1994-cü illərdə dövlət çevrilişinə cəhd hadisələri ilə bağlı uzun müddət (10 ildən artıq) həbsxana həyatı yaşayıb. O, qətlə yetirdiyi deyilən Fikrət İbrahimovla birgə Surət Hüseynovun rəhbərliyi altında fəaliyyət göstəriblər. F.İbrahimov həmin vaxt S.Hüseynovun rəhbərlik etdiyi təşkilatın maliyyəçisi olub”.

Mərhum F.İbrahimovun bacısı Nurcahan Şəmsiyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, N.Bayram qardaşı F.İbrahimovu sifarişlə qətlə yetirib: “Qardaşım Surət Hüseynovun rəhbərlik etdiyi qurumda iqtisadçı vəzifəsini tuturdu. 1993-cü ilin noyabr ayında qardaşım təhvil-təslim edib. Həmin vaxt o, dövlət qurumlarından birində yüksək vəzifəyə təyin olunacaqdı. Lakin təhvil-təslimdən dərhal sonra qardaşımı evdə başına bir neçə dəfə atəş açaraq qətlə yetirdilər. Özü də deyilənə görə Nazimlə qardaşım dost olublar. Yayılan məlumatlarda hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilsə də, mən bu versiya ilə razı deyiləm”.

N.Şəmsiyeva əlavə edib ki, həmin dövrdə qardaşı Nərimanov rayonundakı mənzildə tək yaşayırmış: “Hadisədən 3 gün əvvəl ət gətirmişdi ki, ona dolma bişirim. Ondan sonra ondan xəbər tuta bilmədik. Daha sonra digər qardaşıma dedim ki, Fikrət yoxdur, maraqlansın. 3 gün ondan xəbər olmadı və belə bir hadisənin baş verdiyi məlum oldu”.

N.Şəmsiyeva qeyd edib ki, başlanmış cinayət işinin gedişatı ilə bağlı bu gün onu prokurorluğa dəvət ediblər.

Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilir ki, 26 noyabr 1993-cü ildə zərərçəkmişin iş yoldaşı Nazim Bayramov Fikrət İbrahimovun evinə gedib onunla mübahisə edərkən zərərçəkmişin tapançasını əlindən alıb Fikrət İbrahimovun baş nahiyəsinə atəş açmaqla hadisə yerindən uzaqlaşıb. 28 oktyabr 2022-ci il tarixdə Nazim Bayramova 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi (ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə) və hazırda qüvvədə olan CM-in 228.1-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə istintaq davam etdirilir.

Onu da qeyd edək ki, Nazim Bayram cəmiyyətdə veteran hərbçi və hərbi ekspert kimi də tanınır. O, Vətən Müharibəsində veteranlardan təşkil edilmiş dəstədə də iştirak edib.