3 oktyabr 1993-cü il: Zirvələrə və Zəfərə aparan günbackend

XX əsrlik Azərbaycan xalqının taleyində çox böyük tarix, siyasi əhəmiyyətə malik olan hadisələrdən biri də 3 – oktyabr 1993-cü ildə ölkəmizin və xalımızın böhranlı günlərində keçirilən prezident seçkiləri və bu seçkilərin nəticələridir. Məhz həmin seçki xalqımızın taliyində həlledici rola malik bir gündür. Bu gündə xalqımız özünün gələcək tale və müqəddəratını düzgün və müdrik seçimi ilə həll etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı.

Ümümmilli liderimiz 98,84 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu mənada biz ötən 29 ili təhlil etdikcə bu seçimin Azərbaycanın təkcə inkişafında deyil, həm də mövcudluğunda nə qədər həyati əhəmiyyətə malik olduğunun bir daha şahidi oluruq.

3 oktyabr 1993-cü il Azərbaycan xalqı üçün eləcə də, müstəqil Azərbaycan dövləti üçün sonu zəfər və zirvə olan enişli yoxuşlu yolun pillələridir.Ulu Öndərimiz Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın bu Dahi Şəxsiyyətə olan, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından qaynaqlanırdı. Müdrik Azərbaycan xalqı çox gözəl dərk edirdi ki,  bu ağır və böhranlı dövrdə ölkəyə sahib çıxa biləcək və onu işıqlı gələcəyə aparacaq lider ancaq Heydər Əliyevdir.  Belə ki, xalqımız 1969-1982-ci illərdə – Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycan üçün gördüyü misilsiz işləri unutmamışdı. Bununla belə, 1990-cı ildə 20 Yanvar faciəsində bir gün sonra Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza başsağlığı verməsi, onunla birgə olduğunu bəyan etməsi dahi liderə olan inamı daha da artırmışdı. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil və gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. Xilaskarlıq missiyası ilə dogma xalqına və dövlətinə rəhbərlik edən Ulu Öndərimizin prezident seçildiyi 3 oktyabr 1993-cü il ölkəmizin ölüm və olum arasında çarpışdığı bir dövr idi.

Xalqımız öz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, ölkədə separatism baş qaldırmışdı, vətəndaş müharibəsi təhlükəsi, işğalçı Ermənistanın ölkəmizə qarşı yürütdüyü təcavüzkarlıq siyasəti, 20 faiz torpaqlarımızın işğalı, iqtisadi və siyasi böhran və s.Bu təhlükələri daha da artıran çox saylı  amillər böyük dövlətləri və şirkətləri zəngin enerji resurslarına malik Azərbaycana sərmayə yatırmaqdan yayındırırdı.Ən qısa müddətdə Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu və müdrik siyasəti bu tərəddüdlərə son qoydu.Ölkəmizin və xalqımızın üzləşdiyi bu ağır problemlərə baxmayaraq, 1994-cü ilin may ayında Azərbaycana ermənistan arasında beynəlxalq təşkilatların iştirakı ilə bağlanan atəşkəs sülh müqaviləsi, republikamızın önünü tamamilə açdı.

Belə ki, 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan  Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.Çox az müddətdə bu müqavilənin məntiqi davamı kimi Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kimi beynəlxalq əhəmiyyətli layihələrin imzalanması Azərbaycanı Avropa məkanı üçün vaz keçilməz bir tərəfdaş halına gətirdi. Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib aktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıbdır.

Heydər Əliyev çox gözəl bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq.Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa və böyük diqqət ayırmağa başladı. Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır.

Tssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”.

Ulu Öndərimiz Heydər Əliyev hər dəfə çıxışlarında qətiyyətlə bəyan edirdi ki, Şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, işğaldakı torpaqlarını azad edəcək, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq.

Qeyd etdiyim kimi, Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində çox ciddi addımların atılması, vahid komandanlığa tabe olan nizami ordunun yaradılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi və onun müasir silah və sursatlarla təmin olundu.

2016-cı ilin aprelində silahlı qüvvələrin təmas xəttində baş verənlər, Lələ təpə döyüşləri, Cocuq Mərcanlının azd edilməsi sübut etdi ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirilib.4-gün davam edən bu döyüşlərdə bütün komponentlərdə yüksək üstünlüyə malik Silahlı Qüvvələrimiz düşmən təxribatının qarşısını qətiyyətlə aldı və dünyaya Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirdi.

Ümummilli Liderin qarşıya qoyduğu vəzifələrdən biri də milli dövlət quruculuğunu həyata keçirmək idi və bu məsələ də qısa zaman kəsiyində həllini tapdı. Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu, sabitliyə, əmin-amanlığa qovuşdu. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Təsadüfi deyil ki, 1993-cü il Azərbaycanın tarixinə qurtuluş ili kimi daxil oldu. Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnən, dünya demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti tam təşəkkül tapıb və uğurla fəaliyyət göstərir. Ən əsası isə xalq və dövlət arasında sarsılmaz birlik mövcuddur.

Ulu öndər Heydər Əliyev zamanın çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət idi. Onun fəaliyyəti yaxın məsafədə və hədəfə yönəlik siyasət deyildi. Bugün Müzəffər Ali Baş Komandanımız və Prezidentimiz möhtərəm Prezidentimiz İlham Əliyevin davam etdirdiyi bu əbədiyaşar siyasət yüzilliklərə, daha uzaq gələcəyə hədəflənmiş bir siyasətdir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli lider və xalq məhəbbətini qazanan Ulu öndər kimi qalıb. Heydər Əliyev enerji siyasəti sahəsində gördüyü böyük miqyaslı işlər  Türk dünyasının daha sıx inteqrasiyası üçün böyük imkanlar yartmışdı. Məhz onun gördüyü bu misilsiz xidmətlər görə bugün Türk Dövlətləri arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq əlaqələri günbəgün güclənir. Onun Bir Millət İki dövlət aforizmi isə hər kəsin dilinin əzbərinə çevrilmişdir. Mübaliğəsiz deyə bilərik ki, xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil. Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycan tarixi üçün deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərindən biridir. Onun əziz xatirəsi  hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və əbədiyyən də yaşayacaqdır deyə Məlahət İbrahimqızı qeyd etdi.

Məlahət İbrahimqızı

Milli Məclisin deputatı