3 saylı “ASAN kommunal” mərkəzinin açılışı olubbackend

İyulun 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı “ASAN kommunal” mərkəzinin açılış mərasimi keçirilib.

“ASAN xidmət”dən “Yeni Gündəm”-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini və sədr vəzifəsini icra edən Köçərli Həsənov və digər qonaqlar iştirak ediblər.

Fiziki və hüquqi şəxslərə kommunal və digər müştəri xidmətlərinin vahid məkanda “ASAN xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında göstərilməsini təmin edən “ASAN Kommunal” mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 may tarixli 890 nömrəli Fərmanı ilə yaradılıb.

3 saylı “ASAN Kommunal” mərkəzi Bakı şəhərində sayca 3-cü mərkəzdir. “ASAN kommunal” mərkəzi olmayan bölgələrdə isə kommunal xidmət sahələri bütün regional “ASAN xidmət” mərkəzlərinin inzibati binalarında təşkil edilib.

Mərkəz Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov 38 ünvanında inşa edilmiş çoxmərtəbəli binanın birinci və ikinci mərtəbələrində fəaliyyət göstərəcək. Mərkəz zirzəmi ilə birlikdə 2115 m2 ərazini əhatə edir.

3 saylı “ASAN Kommunal” mərkəzi üçün ayrılmış inzibati ərazidə təmir və quraşdırılma işləri 2018-ci ilin avqust ayında başlanmış, 2021-ci ilin iyul ayında başa çatıb.

Mərkəzdə videomüşahidə, elektron növbə sistemləri, inzibati binada 1 lift, yanğınsöndürmə sistemi, mərkəzləşdirilmiş havalandırma və istilik sistemi, çiller, generator, UPS quraşdırılıb.

3 saylı “ASAN Kommunal” mərkəzində “Azəriqaz” İB, “Azərişıq” ASC və “Azərsu” ASC tərəfindən 52 , ümumilikdə isə 110 növ xidmət həyata keçiriləcək.

Əsasən Nizami (201.800), Xətai (289.900) və Sabunçu (247,200) rayonlarında qeydiyyatda olan ümumilikdə 738,900 vətəndaşın əhatəsində olan Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcəkdir.

Mərkəzdə əməkdaşların sayı 90, könüllülərin sayı 15 nəfər nəzərdə tutulur.

Vətəndaşların istirahəti və rahatlığı üçün kafe və uşaq oyun guşəsi nəzərdə tutulub. Konsept təhlükəsizlik tədbirlərini nəzərdə tutan sistemlərin quraşdırılmasını təmin edir.