30 il ərzində davam edən erməni təxribatlarıbackend

1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında” qərar qəbul edib. 1990-cı il yanvarın 9-da Ermənistan SSR Ali Soveti DQMV-nin sosial-iqtisadi inkişaf planını Ermənistan SSR-in 1990-cı il üçün planına daxil edib. 1990-cı il mayın 20-də DQMV-də Ermənistan SSR Ali Sovetinin DQMV-dən olan deputatlarının seçkisi keçirilib.

Ermənistan SSR Ali Sovetinin qərarları münaqişənin təcavüzkar mahiyyətini açıq-aydın ortaya qoyurdu. Azərbaycana qarşı ərazi iddiaları təkcə millətçi qruplar tərəfindən deyil, həm də Ermənistanın dövlət strukturları tərəfindən irəli sürülürdü. Ermənistan nəyin bahasına olursa-olsun Azərbaycan ərazisinin bir hissəsini qopartmaq  istəyirdi.

1990-cı ilin may ayında Ermənistanda keçirilən parlament seçkilərində Erməni Ümummilli Hərəkatı qalib gəlib. Mahiyyət etibarilə Ermənistanda müharibəni təbliğ edən ifrat millətçi və şovinist qüvvələr hakimiyyətə yiyələniblər. Bu isə onların təcavüzkar müharibəyə başlanması prosesini daha da sürətləndirib. Yerevan bütün səylərini qeyri-rəsmi hərbi birləşmələrin yaradılmasına və onların silahlandırılmasına yönəldib. SSRİ dağılan zaman Azərbaycan ordu yaratmağa hazırlaşanda, Ermənistan artıq təlim keçmiş ordu birləşmələrinə sahib idi. Ermənistan münaqişənin ilk vaxtlarında hərbi üstünlüyə malik olub və problemi öz müharibə məqsədlərinə uyğun olaraq güc yolu ilə həll etməyə üstünlük verib. Ona görə də danışıqlar prosesinə heç vaxt ciddi yanaşmayıb və danışıqlardan yalnız beynəlxalq ictimai rəydə görüntü yaratmaq məqsədi ilə yararlanıb.

İstər münaqişənin müharibə ərəfəsi mərhələsində, istərsə də sonrakı dövrdə Azərbaycanın mövqeyi SSRİ Konstitusiyası və beynəlxalq hüquq normaları baxımından tam haqlı idi. Lakin o dövrdə Azərbaycan siyasi elitasının durumu, siyasi liderin olmaması vəziyyəti daha da dramatikləşdirirdi. Proseslərin gedişini fəal təhlil etməyi bacaran, hər bir hadisənin arxasında dövlətin sərt iradəsinin, prinsipial mövqeyinin dayanmalı olduğunu başa düşən, uzaqgörən şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyev bu dövrdə məcburi istefada idi. Onun respublikada olmaması münaqişənin ermənilərin istəyinə uyğun olaraq daha da dərinləşməsinə bilavasitə təsir göstərib.

1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının Bakıya yeridilməsi və bunun nəticəsində dinc əhalinin qətlə yetirilməsindən sonra Kreml və şəxsən prezident Mixail Qorbaçov tam nüfuzdan düşdü. Bakıdan sonra sovet qoşunları Neftçala və Lənkəranda mülki şəxsləri güllələdi. Ümumilikdə, Yanvar hadisələri zamanı ölkə üzrə 150 nəfər öldürüldü. Azərbaycan xalqının SSRİ-yə münasibətinin tamamilə dəyişməsində və öz milli müstəqillik ideyalarının reallaşdırılmasında 20 Yanvar qırğını mühüm rol oynayıb. Azərbaycanın kommunist rəhbərləri xalqın milli şüurunda baş verən köklü dəyişiklikləri görmədiyi halda, Heydər Əliyev yanvarın 21-də Moskvada bəyanatla çıxış edərək, SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı yürüdülən qərəzli siyasətinə kəskin etirazını bildirib.

Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq, mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf kimi seçib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində və digər yerlərdə dinc əhalinin amansız şəkildə sistematik və kütləvi qırğınını, soyqırımını törətməklə, Dağlıq Qarabağda yaşayan azərbaycanlı mülki əhalinin bir hissəsini fiziki-bioloji cəhətdən məhv etmək, qalan hissəsinin isə müqavimət əzmini qırıb regionu onlardan təmizləmək məqsədi güdürdü.

1994-cü il mayın 12-də atəşkəsə dair razılıq əldə olundu. Bu vaxta qədər Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu.

2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan yenə hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutub. Ermənistanın hücumları nəticəsində dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla 6 nəfər həlak olub, 33 nəfər isə ağır yaralanıb. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verib, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad edib. Aprel hadisələri bir tərəfdən Azərbaycan Ordusunun gücünü göstərdisə, digər tərəfdən də status-kvonun saxlanmasının və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun münaqişə zonasında gərginliyin əsas səbəbi olduğunu və münaqişənin siyasi həllinə başlıca maneə kimi qaldığını beynəlxalq ictimaiyyətə növbəti dəfə nümayiş etdirdi.

2016-cı il ərzində Ermənistan və Azərbaycan prezidentləri arasında Vyana və Sankt-Peterburq görüşlərində substantiv müzakirələr aparılıb, lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən bu görüşlərdə də münaqişənin həllində irəliləyiş əldə olunmayıb.

Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsini hər vəchlə əngəlləyir, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışır və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu davam etdirməklə, müharibə məqsədlərinə nail olmağı düşünür.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Xocavənd rayonunun Hadrut qəsəbəsi, Tərtər rayonunun 3 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. 10 noyabr 2020–ci ildə hərbi əməliyyatlar dayandırıldıqdan sonra, Qarabağ ərazisindəki digər şəhər, qəsəbə və kəndlər üzərində də Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.

1991-ci il sentyabrın 2-də DQMV və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında qondarma “Dağlıq Qarabağ Respublikası” (“DQR”) elan edilib, dekabrın 10-da isə “referendum” keçirilib. Ermənistan, SSRİ-nin dağılması perspektivini nəzərə alaraq, guya özünü münaqişə tərəfi kimi qələmə verməmək üçün strategiyasını dəyişib belə bir plan cızmışdı. Buna cavab tədbiri kimi, 1991-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv edib.

2020-ci il fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələr baş tutub. Azərbaycan Prezidenti müzakirələr zamanı Azərbaycanın münaqişə ilə bağlı haqlı mövqeyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb və Ermənistanın işğalçılıq siyasətini və saxta iddialarını tarixi faktlara və beynəlxalq hüquqa əsaslanaraq öz arqumentləri ilə darmadağın edib.

Təcavüz – beynəlxalq hüququn fundamental prinsiplərini kobud şəkildə pozan, gücdən qeyri-qanuni istifadənin ən ağır forması olan beynəlxalq cinayətdir. Azərbaycana qarşı hərbi təcavüz aktı törədən Ermənistan sülhə məcbur edilməli və açıq-aşkar anneksiya siyasəti yürütdüyünə görə ona qarşı sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir.

Beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktının prinsipləri əsasında münaqişənin mərhələli şəkildə həllinin siyasi-hüquqi əsasları formalaşıb və beynəlxalq birlik tərəfindən qəbul edilib. Bu, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı icmasının öz doğma torpaqlarına qayıtması və Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının birgəyaşayışını nəzərdə tutur.

Dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq… Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində… heç bir güzəşt olmayacaq”.

Azərbaycan ərazi bütövlüyünün pozulması ilə heç zaman barışmayacaq. Qarabağ Azərbaycanın əzəli, əbədi torpağı və ayrılmaz hissəsidir.

Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin qorunması və bərpa edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması üçün bütün mümkün vasitələrdən istifadə edəcək.

Zərinə Hümbətova–  Azərbaycan Dövlət Pedaqoji Universiteti