31 oktyabr tarixli Soçi səfəri backend

Məlum olduğu kimi, Oktyabrın 31-də Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli görüş keçirildi. Görüşdə  Azərbaycan-Emənistan arasında münasibətlərin normallaşması məsələləri müzakirə olundu. Yekunda bəyanat qəbul olundu.

Bəyanatda qeyd olunub ki, Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğunu tərəflər təsdiq edir. Qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılıq əldə olundu.

Milli Məclisin deputatı, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev deyir ki, Soçi görüşünün təşkilində məqsəd yalnız Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını tezləşdirmək, normallaşma prosesinə start vermək deyildi: “Valday” forumunda Qarabağla bağlı nələr deyildiyini xatırlasaq, eyni zamanda görüş öncəsi Xankəndidəki sülh əleyhinə etiraz mitinqini göz önünə gətirsək, bütövlükdə vəziyyət aydın olar. Görüşün təşkil olunmasında məqsəd, ilk növbədə Qərbə Ermənistanın tam şəkildə Rusiyanın nəzarəti altında olduğunu göstərmək idi. Nikol Paşinyan da Vladimir Putinlə görüşdə Rusiyanın irəli sürdüyü bütün variantlara hazır olduğunu bildirdi, hətta üçtərəfli görüşün yekun bəyanatına salınmasını istəməsi bunu təsdiq etdi”.

Sahib Alıyev vurğulayır ki, Azərbaycan və Ermənistan arasında danışıqları kimin, hansı niyyətlə təşkil etməsindən, bundan öncə hansı hazırlıqlar görülməsindən asılı olmayaraq gündəliyi Azərbaycanın dövlət başçısı İlham Əliyevin müəyyənləşdirdiyini hər kəs növbəti dəfə gördü. Paşinyan görüşü təşkil edənlərin gah birinə, gah digərinə situativ olaraq yarına, onların maraqlarına tam cavab verən nələrsə səsləndirə bilər, amma onun nəyisə deməsinin heç bir önəmi yoxdur. Bu reallıq Soçi görüşündə növbəti dəfə üzə çıxdı.

Görüşə Prezident İlham Əliyev, köməkçisi Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramovla  yanaşı, müdafiə naziri və Dövlət Sərhəd Xidmətinin rəisinin də getdiyini xatırladan deputat əlavə edir ki, bu, Azərbaycanın bütün ssenarilərə hazır vəziyyətdə olmasını göstərdi. Onun sözlərinə görə, Soçidə Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında sülh müaviləsi bağlamaq haqda razılığa gəlinsə idi, Azərbaycan buna hazır idi: “Amma Putinlə görüş zamanı Prezident İlham Əliyev sərhəd qoydu. Bu, Qarabağ münaqişəsinin artıq həll edilib, tarixə qovuşması ilə bağlı idi. Dövlət başçısı bildirdi ki, ancaq və ancaq Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasından danışa bilərik”.

Sahib Alıyev qeyd edir ki, Soçi görüşünün yekun bəyanatı Azərbaycan Prezidentinin mövqeyinin orada əsas rol oynadığını göstərir. Bəyanatda Qarabağ haqqında bir kəlmə belə yoxdur. Bu görüşün normallaşma prosesində irəliyə doğru addım olduğu haqqında birmənalı cavab vermək mümkünsüzdür. Amma görüş göstərdi ki, Ermənistanın müttəfiqliyi situativ xarakter daşıyır, Paşinyan tamamilə asılı vəziyyətdədir. Azərbaycan isə görüşü kimin təşkil etməsindən asılı olmayaraq, azacıq sülh işartısı olduğu halda həmin danışıqlardan qaçmır və qaçmayacaq: “Azərbaycan bütün danışıqlara özünün irəli sürdüyü, beynəlxalq normalara dayanan 5 şərtlə gedir. Bizim üçün Qarabağ məsələsi həll olunub. Prezident İlham Əliyev indiyədək apardığı bütün danışıqlarda olduğu kimi, Azərbaycanın maraqlarına cavab vermədiyi halda belə danışıqları neytrallaşdırmağı, yaxud öz lehimizə çevirməyi çox uğurla bacarır”.

Mirzəyeva Aytac

Nəsimi rayon sakini