44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndibackend

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. 44 gün çəkən müharibə zamanı ordumuz özünün tam və qəti qələbəsini təmin etməklə Ermənistanı kapitulyasiyaya məcbur etdi. Nəticədə 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər əzəli düşməndən təmizləndi. Həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalandı. Bəli, Azərbaycan Ordusu 30 il yuxularımızın, xəyallarımızın fövqündə olan Şuşanı azad etdi. Şuşa şəhərinin azad edildiyi həmin gün ordumuz 70 kəndimizi, 8 strateji yüksəkliyimizi də düşməndən geri aldı. Bu döyüşdə ordumuzun göstərdiyi qəhrəmanlıq, əsgərlərimizin göstərdiyi cəngavərlik əsl nağılların, dastanların, filmlərin süjetlərini bizə xatırlatdı. 30 illik zaman tarixi bizim xalq olaraq dözümümüzü – səbrimizi, Ali Baş Komandanımızın isə düşünülmüş, sistematik, planlı çalışmalarını və uğurlu diplomatiyasının əsl güzgüsü oldu. Həmin 30 ildə özlərini “sülh və ədalət təminatçıları” adlandıran böyük dövlətlərin, beynəlxalq təşkilatların kağız üzərində qalan “qərarları” öz sənədlərinə və “mötəbər” adlarına göstərdikləri etinasızlıq, Ermənistanın hər gün daha çox silahlanmasına, dolayısı ilə terrorçuların Qarabağda daha münbit şəraitdə hərəkət etmələrinə gətirib çıxardı. Bütün bunlara baxmayaraq, bu 30 illik təcavüz bizim milli birliyimizi, milli şüurumuzu, təəssübkeşliyimizi, məqsədyönlülüyümüzü daha da möhkəmləndirdi. Səhvlərimizdən nəticə çıxartmağı öyrətdi. Qarabağ ətrafında sıx birləşməyin labüdlüyünü nümayiş etdirdi. Biz beynəlxalq təşkilatların, eləcə də ATƏT-in Minsk qrupunun bu uzun illər ərzində həll etmədiyi problemi 44 günə həll etdik! Beləliklə də sentyabr ayının 27-də başlanan böyük Vətən müharibəmiz müqəddəs zəfərlə başa çatdı və hər kəs gördü ki, əzəli torpaqlarının terrorçuların əlində qalmasına razı olmayan Azərbaycan xalqı nələrə qadirdir! Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.
Vətən müharibəsinin uğurlu sonluğu bölgədə qüvvələr nisbətini dəyişdi, yeni reallıq yaratdı. İndi biz tək deyilik. Qardaş Türkiyə artıq yanımızda, siyasi masadadır. Qarabağda atəşkəsə türk əsgəri də nəzarət edəcək. Ankaradan ən yüksək səviyyədə mesajlar gəlməkdə davam edir: biz Azərbaycanın yanında olmağa davam edəcəyik. Bu siyasi-mənəvi dəstək gücümüzə güc qatır, Ermənistanın havadarlarını müdaxilədən çəkindirir. Azərbaycan və Türkiyə prezidentlərinin bir-birinə qardaş deyə müraciət etməsi, ay-ulduzlu bayraqlarımızın yanaşı dalğalanması dostlarımız üçün fəxarət, bədxahlarımıza göz dağıdır. Bu gün 30 il davam edən status-kvo da yoxdur. Status məsələsi gündəlikdən çıxıb. Əvəzində Qarabağın dağılmış şəhər və kəndlərinin bərpası planlarının icrası başlayıb.
Dünyadakı çoxsaylı münaqişələrin və müharibələrin gedişinə nəzər salsaq görərik ki, son nöqtəni güclü tərəf qoyur. Azərbaycan xalqının Qarabağ uğrunda 44 günlük Vətən müharibəsi buna ən yeni nümunədir. Ötən 17 ildə güc topladıq, düşmənin başını dəmir yumruqla vurub əzdik. Otuz il davam edən işğala, ədalətsizliyə 44 gündə son qoyuldu.
Azərbaycan xalqı əbədi, əzəli torpaqlarına həmişəlik olaraq geri qayıtdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevində dediyi kimi  Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən gərək qonşu ölkələrin torpaqları haqqında xəyallara qapılmasın. Artıq onun qarşısında bir qarış torpağını belə düşmən tapdağında qoymayan güclü ordu, dəmir yumruq kimi xalq var!

Pənahova Suma YAP üzvü.