“44 günlük savaşda təcavüzkar erməni-daşnaksutyun ideologiyasına tarixinin ən ağır zərbəsi vurulub” – Bəhruz Məhərrəmovbackend

Mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı törədilmiş 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Millət vəkili açıqlayıb ki, tarixin heç bir dövründə 31 mart bəşəri cinayətə beynəlxalq ictimaiyyət lazımi diqqət yetirməmiş, beynəlxalq insan haqları təsisatları ötən bir əsrlik dövrdə dünya tarixində soyqırım və etnik təmizləmə cinayətlərinin ən dəhşətli nümunələrindən biri olan 1918-ci ilin martından başlanan, 2020-ci ilin noyabrına qədər fasilələrlə davam edən hadisələrə nəinki obyektiv, ümumiyyətlə, münasibət belə bildirməyiblər.

“Bildiyiniz kimi, o zaman Azərbaycan Xalq Cümhuriyyəti soyqırım hadisələrini araşdırmaq üçün Fövqəladə komissiya yaratmış, 31 mart 1919 və 1920-ci illər milli matəm günü kimi qeyd etmişdi. Lakin Sovet hakimiyyətinin qurulması ilə bu məsələ ətrafında nəinki araşdırmalar, ümumiyyətlə, müzakirə belə rəsmən dövriyyədən çıxarılmışdı. Müstəqillik qazandıqdan sonra tarixi həqiqətlərə obyektiv yanaşma imkanı yaransa da, 1991-1993-cü illərdə biz bu imkandan yararlana bilmədik. Baxmayaraq ki, müstəqillik aktı qəbul edilərkən biz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğumuzu bəyan etmişdik və Cümhuriyyətin yarımçıq qalan, prinsipial əhəmiyyət daşıyan işləri, o cümlədən soyqırım məsələsinə xüsusi həssas yanaşmalı idik. Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart Soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi ilk dəfə yalnız 80 il sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. Dahi liderin1998-ci ilin 26 martında imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi bəyan olunmuşdur.
2018-ci il yanvarın 18-də isə soyqırım həqiqətlərinin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalanmışdır.
Eyni zamanda möhtərəm cənab Prezidentin rəhbərliyi altında bizim mübarizəmiz yalnız hüquq müstəvisində davam etməmiş, Bakı, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələrin qisası, həm də 102 il sonra, 2020-ci ildə 44 günlük savaşda humanitar hüququ rəhbər tutulmaqla alınmış, bu vəhşiliklərin kökündə dayanan təcavüzkar erməni-daşnaksutyun ideologiyasına tarixinin ən ağır zərbəsi vurulmuşdur”,-deyə Millət vəkili qeyd edib.

Fərahim Rəhimov