71 gündən sonra nəşi tapılan şəhid ALİÇO -FOTOLARbackend

“Gündəm Media Group”un “Şəhidlərimizi tanıyaq və tanıdaq” layihəsi uğurla davam edir.

“Yeni Gündəm” bildirir ki, layihənin reallşdırılmasında məqsədimiz Vətən torpağı uğrunda canını fəda etmiş şəhidləri daha geniş auditoriyaya tanıtdırmaqdan ibarətdir.

İkinci Qarabağ müharibəsinin daha bir qəhrəmanı şəhid Aliço ləqəbi ilə tanınan Ərzumanı yaxından tanıyaq.

Qəhrəmanımızın bacısı Osmanova Ülviyyə şəhid Ərzuman Osmanovun döyüş yolu haqqda “Yeni Gündəm”ə danışdı:

Osmanov Ərzuman Kamran oğlu 25 dekabr 1990-ci ildə Ağdaş rayonunun Orta Ləki kəndində anadan olmuşdur. Sonralar Atasının işi ilə əlaqədar olaraq ailəsi ilə birgə Mingəçevir şəhərinə yerləşiblər. 1997-ci ildə Mingəçevir şəhər Nizami Gəncəvi adına 8 saylı tam orta məktəbin birinci sinfinə daxil oldu və 2008-ci ildə məzun adını qazandı.

Ərzuman 2009-cu ildə Bakıda həqiqi hərbi xidmətə yollandı. Qayıtdıqdan sonra Rusiyaya işləməyə getmişdir. 2020-ci ildə Ərzuman vətənə gəlməsindən bir neçə ay sonra sentyabrın 21-i Mingəçevir şəhər hərbi hissəsindən səfərbərlik çağrışıyla təlimə yollandı. Sentyabrın27-si İkinci Qarabağ müharibəsi başlaması ilə Ərzuman təlimdən döyüşə getdi. O, döyüş tapşırığını Kəlbəcər, Ağdərə, Suqovuşan ətrafı və Ağucuğ yüksəkliyində layiqincə yerinə yetirib.

Ərzuman qorxmaz, cəsur, igid əsgər idi.Hətta döyüşçü yoldaşları ona Aliço ləqəbi vermişdilər. Yoldaşlarının dediklərinə görə, Aliço oktyabrın 1-i döyüş meydanında ayağından yaralanıb və buna baxmayaraq yenidən döyüşüb. Yoldaşları onu döyüş bölgəsindən çıxartmaq istəyiblər, lakin Aliço razı olmayaraq deyib ki : “məndən eybi yoxdur dostlarimi xilas edin “.
Daha sonra Aliço yenə iki güllə yarası alıb. Güllələrin biri ürəyinə dəyib…

Aliço döyüş yoldaşının qollarında şəhidlik zirvəsinə ucalıb və dünyaya əbədi olaraq gözlərini gülərək yumub…
Müharibə qızğın olduğundan dostları Aliçonun nəşini çıxara bilməyiblər. Aliço neytral ərazidə qalıb. Şəhidimizin nəşi 71 günnən sonra tapılıb. Aliço dekabrın 10-u Mingəçevir şəhərində şəhidlər xiyabanında dəfn edilib.
Ərzuman ölümündən sonra “VƏTƏN UĞRUNDA” medalı ilə təltif olunub. ”

Cəsur şəhidimizin ruhu qarşısında baş əyirik. Ailəsinə və yaxınlarına Allahdan səbir diləyirik.

Hazırladı: Aynur Abdullayeva

Yenigundem.az