8 Noyabr – 220 illik tarixi prosesin dönüş nöqtəsibackend

Bu il qaçqınlıq tariximizin 220-ci ili tamam olur. 1801-ci il iyulun 13-də general-mayor Lazarevin Qafqaz qoşunlarının komandanı Knorrinqə göndərdiyi raportda Pəmbək əyalətinin 14 kəndindən təxminən 5-6 min türk-müsəlman əhalinin bölgəni tərk edərək İrəvan xanlığı ərazisinə sığınmasından bəhs edilirdi. Bu, XVIII əsrin ikinci yarısından etibarən Rusiya imperiyasının Qafqaza doğru güclənən və genişlənən işğalçılıq siyasətinin, Azərbaycan torpaqlarının hissə-hissə işğal edilməsinin, azərbaycanlıların öz dədə-baba torpaqlarından soyqırımlara məruz qalaraq deportasiya olunmasının, Cənubi Qafqazın erməniləşdirilməsinin başlanğıcı idi.

Bu sətirlər Milli Məclisin deputatı Əziz Ələkbərlinin “8 Noyabr – 220 illik tarixi prosesin dönüş nöqtəsi!” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Bundan sonra 1805-ci il mayın 14-də general Sisianovla İbrahimxəlil xan arasında Kürəkçay, 1813-cü il oktyabrın 12-də çar Rusiyası ilə Qacar İranı arasında Gülüstan, 1828-ci il fevralın 10-da yenə də çar Rusiyası ilə Qacar İranı arasında Türkmənçay müqavilələri imzalandı və bununla da Azərbaycan Araz çayı sərhəd olmaqla iki hissəyə bölündü. Araz çayının şimalında yerləşən ərazilər Rusiyanın tərkibinə qatıldı, cənubunda yerləşən torpaqlar isə İran Qacar dövlətinin hüdudları daxilində qaldı. Bundan əlavə, Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən, İran ərazisində yaşayan xristian əhalinin (ermənilərin) Cənubi Qafqaza – Azərbaycanın Rusiya tərəfindən işğal olunmuş kəndlərinə köçürülməsinin hüquqi əsası yaradıldı.

Az sonra Rusiya ilə Osmanlı arasında başlanan müharibə də Rusiyanın qələbəsi ilə tamamlandı və 1829-cu il sentyabrın 14-də bu dövlətlər arasında Ədirnə sülh müqaviləsinin bağlanması ilə nəticələndi. Ədirnə müqaviləsini burada xatırlatmağımızın səbəbi ondadır ki, əgər Türkmənçay müqaviləsi İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğalını rəsmiləşdirdisə, Ədirnə müqaviləsi də Osmanlı imperiyasını Türkmənçay müqaviləsinin nəticələrini tanımağa məcbur etdi. Bundan başqa, əgər Türkmənçay müqaviləsi İran ərazisindən ermənilərin Cənubi Qafqaza köçürülməsini nəzərdə tuturdusa, Ədirnə müqaviləsində də Osmanlı ərazisindəki ermənilərin Cənubi Qafqaza köçürülməsi təsbit olunurdu və hər iki müqaviləyə əsasən köçürülən ermənilər daha çox İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazisində yerləşdirilirdi ki, bu da bu bölgələr üçün gələcək fəlakətlərin bünövrəsini qoydu.

1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Osmanlı müharibələri nəticəsində İrəvan xanlığının hansı dağıntılara məruz qaldığını İ.Şopenin 1829-1831-ci illərdə “Erməni vilayəti”ndə apardığı siyahıyaalmadan öyrənirik. Həmin siyahıyaalmaya görə, İrəvan əyalətində mövcud olan 521 kənddən 310-u xaraba qalmışdı. Ümumiyyətlə, həmin müharibələr zamanı İrəvan və Naxçıvan xanlıqları ərazisində bir yerdə 559 türk-müsəlman kəndi ruslar tərəfindən məhv edilmişdi.

Rusiya imperiyasının yerli müsəlman əhaliyə qarşı düşmən münasibəti hadisələrin gedişində də özünü aydın göstərirdi. Belə ki, Türkmənçay müqaviləsinin bağlanmasından 10 gün sonra – xalqımız üçün müqəddəs Novruz bayramının birinci günü – 1828-ci il martın 20-də bu müqaviləni təsdiq edən I Nikolay cəmi bir gün sonra – martın 21-də İrəvan və Naxçıvan xanlıqları ərazisində “Erməni vilayəti” yaradılması barədə fərman verdi: “Rusiyaya birləşdirilən İrəvan və Naxçıvan xanlıqlarını bundan sonra “Erməni vilayəti” adlandırmağı hökm edir və titulumuza daxil edirik”.

Bundan beş gün sonra – 1828-ci il martın 26-da isə Qafqaz korpusunun komandanı ermənilərin İrəvan xanlığı ərazisində boşaldılmış türk-müsəlman evlərində yerləşdirilməsi barədə xüsusi təlimat imzaladı, bu məqsədlə xüsusi komitə yaradıldı. N.N.Şavrov da təsdiq edir ki, 1828-1830-cu illər arasında İrandan və Türkiyədən 200 min nəfərdən çox erməni köçürülərək Yelizavetpol (indiki Gəncə) və İrəvan qəzalarında yerləşdirilmişdir.

Ermənilərin Türkiyə və İran ərazilərindən Azərbaycan torpaqlarına köçürülməsi sonrakı onilliklərdə də davam etdirildi və bütün bu proseslər azərbaycanlıların deportasiya və soyqırımları ilə paralel aparıldı. Nəhayət, 1918-ci il mayın 28-də İrəvan xanlığı ərazisinin 9 min kv. km-lik bir hissəsində Ararat Respublikası adlanan tarixdə ilk erməni dövləti yaradıldı.

1921-ci il oktyabrın 13-də Rusiya, Azərbaycan, Gürcüstan, “Ermənistan” və Türkiyə arasında bağlanmış Qars müqaviləsində bu qondarma “Ermənistan” dövlətinin hüquqi statusu və sərhədləri təsbit edildi. Təəssüf ki, rusların Azərbaycanın bağrında yaratdığı bu qondarma erməni dövlətinin tərkibinə İrəvan xanlığına daxil olan Azərbaycan mahalları ilə yanaşı, vaxtilə Naxçıvan xanlığının bir parçası olan Dərələyəz mahalı, Qarabağ xanlığının Zəngəzur mahalının bir hissəsi, Gəncə xanlığının Şəmşəddil sultanlığı, Dilican və Qaraqoyunlu dərələri, Borçalının Loru mahalı adlanan dağlıq hissəsi, Qars vilayətinin bir hissəsi olan Ağbaba-Şörəyel mahalları və başqa tarixi Azərbaycan torpaqları da daxil edildi.

Sonrakı 70 il ərzində də vahid sovet dövləti – SSRİ tərkibində mövcud olmasına baxmayaraq, Ermənistan ərazisində azərbaycanlıların gizli soyqırımı davam edir, respublikada yeridilən antiazərbaycanlı, antitürk siyasət nəticəsində azərbaycanlılar tədricən sıxışdırılıb çıxarılırdı. 1948-1953-cü illər deportasiyası zamanı isə 150 min nəfərdən artıq azərbaycanlı öz ata-baba torpaqlarından zorla köçürüldü.

Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində azərbaycanlıların soyqırımının növbəti dalğası 1988-ci ilə təsadüf etdi. Ermənilərin Qarabağı Ermənistana birləşdirmək cəhdi “Ermənistan”da yaşayan azərbaycanlılar arasında da kəskin etiraza səbəb oldu. Bütün bunların nəticəsi olaraq, 1988-ci ilin noyabr-dekabr aylarında, Meğri rayonunun Nüvədi kəndi istisna olmaqla, Qərbi Azərbaycanın bütün yaşayış məntəqələrindən azərbaycanlı əhali qovulub çıxarıldı. 1991-ci il avqustun 8-də isə sonuncu azərbaycanlı kəndi olan Nüvədi də erməni-rus hərbi qüvvələri tərəfindən işğal edildi.

Cəzasızlıqdan ürəklənən ermənilər havadarlarının dəstəyi ilə işğalçılıq siyasətlərini Azərbaycanın içərilərinə doğru daşıdılar və Qarabağın dağlıq hissəsi də daxil olmaqla suveren ərazilərimizin 20 faizini işğal etdilər. Bu işğal dünyanın gözü qarşısında 30 il davam etdi və dünya 30 il susdu.

Lakin Azərbaycan xalqı bu işğalla heç vaxt barışmadı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə insanlarda işğala bir gün mütləq son qoyulacağına inam yarandı. Qısa vaxtda cəbhədə atəşkəs elan olundu və Azərbaycan gələcək iqtisadi inkişafın təməllərini qoydu.

2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın daxili və beynəxalq gücünü daha da artırdı. Azərbaycanın iqtisadiyyatı, ordusu, diplomatiyası 220 ildən bəri davam edən bir tarixi prosesi dayandırmaq və 30 illik işğala son qoymaq qüdrətinə sahib oldu. Bütün bunları cəmi 44 gün ərzində etdi. 44 gün ərzində 220 illik erməni mifi darmadağın oldu. 44 gün ərzində Azərbaycan Ordusunun işğalçı erməni ordusunun başına yağdırdığı mərmilər təkcə erməni texnikasını və erməni əsgərini yox, 220 il ərzində dünyanı başına götürmüş erməni yalanlarını, erməni saxtakarlığını da tikə-parça edib göyə uçurdu. Azərbaycan xalqının əzəməti qarşısında erməni xalqının miskinliyi, Azərbaycan ordusunun gücü qarşısında erməni ordusunun acizliyi, Azərbaycan Liderinin qüdrəti qarşısında erməni “liderciklərin” cılızlığı dünyanın gözü qarşısına sərgiləndi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev “dəmir yumruğu” ilə təkcə erməni ordusunun, dünya erməniliyinin başını əzmədi, həm də beynəlxalq güclərin, güc mərkəzlərinin Cənubi Qafqazda yürütdüyü 220 illik siyasətin belini qırdı və bütün regiona qan-qada, faciə gətirən bir tarixi prosesi nəinki durdurdu, həm də üzü geriyə – 220 il əvvəl start götürdüyü başlanğıc nöqtəsinə doğru çevirdi.

Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev təkcə Azərbaycan xalqını yox, bütün Cənubi Qafqaz xalqlarını erməni faşizmindən xilas edən Liderdir! Təkcə işğala son qoyan yox, həm də bütün bölgəyə sülh, əmin-amanlıq gətirən Liderdir! Tarix boyu da belə olub ki, güclü xalqlar heç vaxt zülmə boyun əyib, əsarət boyunduruğuna tabe olmayıblar, mütləq öz içlərindən fövqəlgücə malik Lider çıxarır və zülmü də, zalımı da təpik altına atıb məhv edirlər. Azərbaycan xalqı da bunu etdi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi Liderliyi ilə edir və bundan sonra da edəcəkdir.