8 noyabr Zəfər Günümüz mübarək!backend

Bu, qətiyyətli Ali Baş Komandanımızın və rəşadətli ordumuzun Şuşanı işğaldan azad etdiyi tarixi gündür

Azərbaycanın şanlı tarixinə daha bir Zəfər Günü yazıldı. Bu, Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad olunması günüdür. Bununla bağlı Prezident İlham Əliyev dekabrın 3-də Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə – Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev Şuşanın işğalda qalmasını qəbuledilməz hal kimi dəyərləndirirdi. O deyirdi: « Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar.»

Bəli, Ali Baş Komandan vəd etdiyi kimi, qədim Şuşamızın işğaldan azad edilməsini təmin etdi. 8 noyabrda ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı böyük fədakarlıqla azad etdi. Hətta bu döyüşləri xarici hərbi ekspertlər, o cümlədən erməni generalları əfsanə adlandırdılar. Sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlər həyata keçirən Azərbaycan hərbçiləri Şuşadan Ermənistan hərbi birləşmələrini bir gün ərzində məhv etmişlər.

Məhz Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. İşğaldan, əsirlikdən azad edilən digər torpaqlarımız kimi ölkəmiz üçün strateji əhəmiyyət daşıyan Laçın rayonu da 28 ildən sonra əsl sahiblərinə qaytarıldı. Laçının erməni vandallarından xilası Böyük Qələbənin davamı olaraq qondarma Dağlıq Qarabağ iddiasına son qoydu”. Bununla da mənfur düşmənlərimizin öz doğma yurdundan uzaq saldığı qarabağlıların yurd həsrəti bitdi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, nəhayət, Azərbaycanın dilbər guşələrindən biri olan Laçında üçrəngli bayrağımızın dalğalanması Azərbaycan tarixinin ən parlaq səhifələrinini yazdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Laçının işğaldan azad olunması münasibəti ilə xalqa müraciətində qeyd edib ki, artıq Ermənistanın məğlubiyyətindən sonra bögəmizdə yeni reallıq yarandı: «Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, kağız

 

üzərində qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi olmadı. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik».

Artıq 30 illik həsrətdən, nisgildən sonra Qarabağın tutqun üzü açıldı, başındakı duman, çən dağıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz müqəddəs torpaqlarımızdan düşmənin murdar ayağını kəsdi. Bütün elimizə, obamıza qələbə ərməğan etdi, yurdundan didərgin düşən yüzminlərlə vətəndaşımızın Vətən yarasına məlhəm çəkdi, yurda qayıdış ümidlərini dirçəltdi. Qalib Sərkərdəmiz işğaldan azad edilən Vətən torpaqlarına başı dik, üzüağ, qürurlu bir qəhrəman kimi qədəm qoydu…

Barbar Ermənistan son 30 ildə elə məkrli planlar qurmuşdu ki, onlar güman edirdilər ki, daha Azərbaycan xalqı bu torpaqlara qayıtmayacaqdır. Elə bilirdilər ki, Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, ümumiyyətlə, Qarabağı xalqımızın qəlbindən çıxarıb ata biləcəklər. Buna görə də işğal etdiyi bütün yurdlarımızı viran etmiş, daşı daş üstündə qoymamışlar. Təbiətimizə qənim kəsilmiş, çaylarımızı qurutmuş, meşələrimizi yandırmış, qiymətli ağaclarımızı kəsib məhv etmişdi. Bu illər ərzində yeraltı-yerüstü bütün sərvətlərimizi talayaraq qəsb etmiş, maddi-mədəni abidələrimizə sahib olmağa çalışmışdılar. Doğma torpaqlarımızda Azərbaycan xalqından heç bir nişanə qalmaması üçün ağlagəlməz vəhşiliklərə əl atmışdılar.

Amma yanılmışdılar, cılız ağılları ilə anlaya bilməmişdilər ki, Qarabağ Azərbaycandır! Azərbaycan Ordusunun bir-birinin ardınca azad etdiyi yurdlarımızın çəkiliş kadrlarına baxdıqca, o viranə qalan yurdlarımızı gördükcə insanlar dəhşətə gəlir. Ancaq bu gün dağılan məscidlərimizdən ucalan azan səslərini eşitdikcə ruhumuz dincəlir, ümidlərimiz dirçəlir, güvənimiz artır.

Azərbaycanın bu tarixi zəfəri həm də Dağlıq Qarabağla bağlı bütün müzakirələri kökündən dəyişdi. Məlum olduğu kimi, danışıqlar prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu. Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisinə, o cümlədən Şuşa şəhərinə girməsi fikri ümumiyyətlə, yaxına buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi.

Lakin bu qalibiyyətlə Azərbaycan həm keçmiş Dağlıq Qarabağın inzibati ərazisinə daxil oldu, həm də onun ətrafındakı və Ermənistanın qaytarmaq istəmədiyi torpaqları işğaldan azad etdi. Şuşa şəhərinin, Xocavənd və Xocalı rayonlarının kəndlərinin, Suqovuşanın azad edilməsi ilə Azərbaycan həm də Dağlıq Qarabağa nəzarəti ələ aldı. Üstəlik, Kəlbəcərin və Laçının geri qaytarılması ilə Dağlıq Qarabağa gedən əsas strateji yollar, yüksəkliklər, kommunikasiya xətləri tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlinə keçdi.

 

Bəli, məhz 44 günlük savaşın nəticəsi olaraq 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. Bu mənada danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz. Prezident İlham Əliyev Füzuli şəhərindən bir daha bəyan etdi ki, ərazi bütövlüyümüzü bərpa etmişik, təcavüzkarları işğal edilmiş torpaqlardan qovmuşuq: «Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var».

Artıq Dağlıq Qarabağla bağlı tamamilə yeni reallıq yaranıb. Müzəffər ordumuzun yaratdığı bu reallıq ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olundu, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə gömüldü, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin yaradılması planlarının üstündən həmişəlik xətt çəkildi. Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır!

Nəsimi rayonu 151 nömrəli tam orta məktəbin müəllimi