“Abidələr üçün cibimdən 50 min manat ödəmişdim”backend

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Yeni Gündəm”-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahidlər dindirilib.

Şahidlərdən biri Zahid Cabbarovun sözlərinə görə, Z. Sultanovla 2008-ci ildə tanış olub: “Tikinti-bərpa işləri üçün elan olunan tenderlərdə bizim şirkət qalib gəlirdi. 2010-2011-ci illərdə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Mədəniyyət mərkəzinin abadlaşdırılması və Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki musiqi məktəbinin bərpası üçün bizim şirkətə vəsait ayrıldı. Mən Zakir Sultanova heç bir pul verməmişəm. Sadəcə onun tapşırığı ilə ayrılan puldan 1 milyon 275 min manatı “Bakı Abadlıq” MMC-nin hesabına köçürmüşəm”.

Şahid istintaqda verdiyi ifadəsinin bəzi hissələrinin ona məxsus olmadığını deyib.

Digər şahid Mətləb Məmmədov isə bildirib ki, görüləcək iş üçün ayrılan vəsaitin 20 faizini nağd şəkildə sabiq idarə rəisinə geri qaytarıb.

Z.Sultanov isə abidələrin təmiri üçün hətta öz şəxsi vəsaitindən istifadə etdiyini iddia edib: “Hətta bir dəfə 4 lövhənin quraşdırılması üçün 50 min manat cibimdən ödədim”.

Hakim isə ona “2 min manat əmək haqqı ilə 50 min manat pulu necə vermişdiz?” sualını ünvanlayıb. Z. Sultanov bu suala cavab vermək istəməyib.

Növbəti proses avqustun 27-ə təyin olunub.

Rəsmi ittihama görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə suçlanır.

Zakir Sultanovun xidməti və yaşadığı ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.