Azərbaycan hökuməti ABŞ-a ilk dəfə 99 il əvvəl nota vermişdi, 1919-cu ildə…Səbəbi də o idi ki, Vaşinqton Azərbaycanın “imzasını imzalar içində” görmək istəmirdi, deyirdi, siz Rusiyanın tərkib hissəsi olsanız, daha məqbuldur. Təsəvvür edirsiniz, hətta o vaxt Qərb dövlətləri Azərbaycan nümayəndə heyətinə viza verməyib, onları aylarla Türkiyədə gözlədəndə, Azərbaycan ərazilərində dövlətini elan etmiş ermənilər Parisdə oturmuşdular.
Üstündən bir əsr keçib, ABŞ başda olmaqla həmin o Qərbin Azərbaycana münasibəti dəyişməyib. Martın 12-də Bakı Vaşinqtona növbəti dəfə nota verdi. Bu dəfə səbəb başqa oldu. Ötən əsrin əvvəlində Azərbaycan ərazilərində dövlət quran erməniləri müstəqil subyekt kimi tanıdığı halda, Azərbaycanı kənara itələyən ABŞ bu dəfə torpağımızda ikinci erməni dövlətini qurmaq istəyən erməni separatçılarına geniş meydan verdiyi üçün Bakının etirazı ilə üzləşdi.
Böyük NATO dövlətinin bizim notamıza cavabına baxın: “ABŞ-ın mövqeyi dəyişməz olaraq qalır: Birləşmiş Ştatlar və digər ölkələr, o cümlədən Ermənistan Dağlıq Qarabağdakı de-fakto rejimi tanımır”. Əslində Bakıdakı Amerika səfirliyinin burada da Ermənistana istinad etməsi ikrah doğurur. Nəhəng bir dövlət sanksiyalara məruz qoymalı ölkəyə istinad edir…
Azərbaycan hökuməti haqlı olaraq Qarabağdakı qondarma rejimin başçısı quldur Bako Saakyanın Konqresdə, Dövlət Departamentində qəbulunun yolverilməzliyini bəyan edir və separatçılara verilən dəstəyə son qoyulmasını istəyir. Nağıllara son qoymaq gərəkdir! Ağ Ev administrasiyası isə müttəfiqlik əlaqələrinə xələl gətirən tədbiri dərhal ləğv etmək, Saakyanı əlibağlı Bakıya təhvil vermək əvəzinə, Helsinki Yekun Aktından danışır.
Azərbaycan ABŞ-a qarşı terror əməlində şübhə olan birisinə Bakıda tədbir keçirməyə imkan yaratsaydı, Vaşinqton buna dözərdimi? Əsla! Ancaq Saakyan 30 ilə yaxındır Azərbaycana qarşı cinayətlər törədən baş terrorçudur. Ermənistanın işğalı nəticəsində Azərbaycan dəymiş maddi ziyanın həcmi 818 milyard 880 milyon ABŞ dollarıdır (!) ABŞ isə bunun qarşılığında…Bako kimi canilərə yardım edir.
Tarix hər şeyi deyir. 1919-cu ilin 28 may günü ABŞ prezidenti Vudro Vilson Parisdə, Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətini qəbul etdi. ABŞ prezidentindən Xalq Cümhuriyyətinin istiqlalının tanınması, Azərbaycanın Millətlər Cəmiyyətinə qəbul olunması, ABŞ-ın Azərbaycana hərbi yardım göstərməsi xahiş olunurdu. Lakin Vilson Paris Sülh Konfransının dünyanı kiçik hissələrə parçalamaq niyyətində olmadığını dedi və bildirdi ki, Azərbaycan məsələsi rus məsələsindən əvvəl həll edilə bilməz. Bax, belə! Biz Rusiya imperiyasının başımıza gətirdiklərindən çox danışırıq, amma tarix onu deyir ki, ABŞ da Azərbaycan dövlətinin mövcudluğunu istəməyib. İndi ABŞ hakimiyyəti Respublikaçılar Partiyasının nümayəndəsindədir, amma yenə də Türkiyə və Azərbaycana qarşı “erməni kartı”ndan istifadə olunur.
ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans iddia edib ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayıb. Diplomatının tarixdən bixəbər olduğu inandırıcı deyil. Ən azı o, 99 il əvvəl ABŞ tərəfindən tanınan Azərbaycan dövlətinin xəritəsini qarşısına qoyub baxa bilərdi – 97,3 min kv. km-lik ölkənin. Onda Azərbaycanın sərhədləri Göyçə gölündən keçirdi, Hətta İrəvan daxil, 9 min min kv. km ərazi ermənilərə veriləndən sonra… Dövlətimizin sərhədlərinə nəinki Dağlıq Qarabağ, hətta 1920-ci ilin 30 noyabrında Ermənistana pay verilən Zəngəzur da daxil idi. Baxmayaraq, ki, 1919-cu ilin iyul ayında Paris Sülh Konfransı tərəfindən Ermənistana Ali Komissar təyin olunan polkovnik Uilyam Haskel çox çalışmışdı Zəngəzuru, hətta Naxçıvanı qoparıb Ermənistana versin. O hətta “ətrafı düşmənlərlə əhatələnmiş ermənilərin silah və sursatla təmin olunmasının vacibliyini” yazmışdı (!) Vaşinqtona yolladığı ilk raportda. Təəssüf ki, ABŞ bölgəni tərk etsə də, Rusiyanın yardımı ilə ermənilər 1929-1931-ci illərdə də (!) Naxçıvandan 657 kvadratkilometrlik ərazini qopara bildilər. 1938-1939-cu illərdə isə yeni ərazilər qəsb edildi və Naxçıvanla birbaşa rabitəmiz qırıldı…
Belə-belə işlər. 100 il keçib, ABŞ-ın Azərbaycan siyasəti dəyişməyib, gəlişigözəl sözlərdən başqa. Vilson açıq deyirdi ki, Azərbaycan adlı dövləti arzulamır. Sələfləri açıq deməsə də, dövlətimizi parçalayanlara qucaq açır…
Elşad Paşasoy