ABŞ prezidenti Co Bayden bütün dünyada demokratiyanı gücləndirmək üçün 690 milyon dollar (637 milyon avro) ayıracağını vəd edib.
“Yeni Gundem” xəbər verir ki, vəsaitlər effektiv və şəffaf idarəçiliyi, mətbuat azadlığını, korrupsiyaya qarşı mübarizəni, azad seçkiləri və demokratiyanı təşviq edən texnologiyalara yönəldilməlidir, deyə Amerika lideri çərşənbə günü, martın 29-da Birləşmiş Ştatların təşkil etdiyi ikinci beynəlxalq “Demokratiya Sammiti”ndə bildirib.
Əsasən videokonfrans vasitəsilə baş tutan görüş iştirakçılarına müraciət edən Bayden deyib ki, demokratiyanın gücləndirilməsi “zəmanəmizin ən vacib məsələsidir”. Eyni zamanda o, Rusiyanın Ukraynaya qarşı müharibəsinə və ABŞ-ın Çinlə münasibətlərində gərginliyə baxmayaraq, son bir ildə müsbət irəliləyişlərin olduğunu qeyd edib. “Bu gün biz fəxrlə deyə bilərik ki, dünya demokratiyaları zəif deyil, getdikcə güclənir. Dünyadakı avtokratiyalar güclənmir, zəifləyirlər. Bu, bizim bütün işimizin birbaşa nəticəsidir”, – deyə Bayden bildirib.
Almaniya kansleri Olaf Şolz builki iclasda deyib ki, Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra demokratiyaların daxildən və xaricdən gələn təhdidlərə qarşı dayanıqlığının yaradılması daha aktuallaşıb. “Rusiya rəhbərliyi demokratik qonşusunda təhlükə görür, çünki Ukrayna uğurlu ölkədirsə, Putin öz vətəndaşlarına niyə eyni azadlıq və rifahdan istifadə edə bilmədiklərini izah etməli olacaq”, – Almaniya hökumətinin başçısı bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski “Demokratiya Sammiti”nin iştirakçılarını Kiyevə silah çatdırmağa çağırıb. “Yanğın baş verən zaman yanğınsöndürənlər yanğınsöndürən maşınların gətirilməsini aylarla gözləyə bilmir və ya yanğınsöndürənlərin qısa məsafələrdə işləməsi ilə razılaşa bilmirlər. Müharibədə də belədir. Özünü müdafiə edənlərə nə qədər çox məhdudiyyət qoyularsa, itki və dağıntı da bir o qədər çox olar, çünki təcavüz alovu sərhəd tanımır. Ona görə də demokratiyanın müdafiəsi təcavüzkarın məğlubiyyətini etibarlı şəkildə təmin edən bütün silahlara malik olmalıdır”, – deyə Zelenski videomüraciətində bildirib.
Fərahim Rəhimov