ABŞ dövlət katibi İlham Əliyevə niyə zəng etdi?backend

“ABŞ dövlət katibi Entoni Blinkenin prezident İlham Əliyevə zəng etməsi gecikmiş olsa da (Blinkenin daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla danışması və Bakıya zəng etməməsi İlham Əliyevin narazılığına səbəb olmuşdu), hər iki tərəf üçün vacib idi”.

“Yeni Gündəm” xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ABŞ dövlət katibi Entoni Blinkenin prezident İlham Əliyevə zəng etməsini şərh edərkən deyib.

Politoloq Vaşinqtonun Azərbaycana verdiyi dəyərin göstəricisi kimi ABŞ-ın dövlət katibinin ikitərəfli münasibətlər və bir sıra vacib məsələlərə toxunmasını qeyd edib: “Telefon danışığında ABŞ-ın dövlət katibinin ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirməsi, enerji təhlüksizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd etməsi, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulaması və Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirməsi Vaşinqtonun Azərbaycana verdiyi dəyəri göstərir.

Təsadüfi deyil ki, Entoni Blinken İlham Əliyevə bu il də “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını bildirib. Əlbəttə, ədalətli olardı ki, bu düzəliş ümumiyyətlə ləğv edilsin. Ancaq mühafizəkar və ermənipərəst Konqresdən bunu gözləmək əbəsdir. Ağ Evin illərdir düzəlişi dondurması da bizim üçün kafidir”.

“ABŞ dövlət katibinin İlham Əliyevlə məhz indi danışması ermənilərə “soyuq duş” effektidir. Çünki, ermənilər neçə gündür ki, ABŞ prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsini toy-bayram edirlər. Halbuki, bu gün Dövlət Departamentinin açıqlamasında xüsusi qeyd edilib ki, prezidentin “soyqırım” ifadəsinin Türkiyə Cumhuriyyətinə aidiyyatı yoxdur.

Oxşar açılama Pentaqondan da yayınlanıb. Ayrıca, Entoni Blinken telefonda İlham Əliyevin Amerika prezidentinin “erməni soyqırımı” ilə bağlı bəyanatının Azərbaycan hakimiyyəti və cəmiyyəti tərəfindən narahatlıqla qarşılandığı sözlərini də dinləməli olub. İlham Əliyevin dilindən “Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır” sözlərini eşidən Blinkenə izah edilib ki, Türkiyə əleyhinə atılan istənilən addım Azərbaycan əleyhinə atılan addım kimi dəyərləndirilməlidir”, – deyə E.Şahinoğlu vurğulayıb.