ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edildi — FOTObackend
ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102 illiyi ilə əlaqədar bəyannamə imzalayıb.
“Yeni Gündəm” xəbər verir ki, Azərbaycanın Vaşinqtondakı səfirliyindən “Report”un xüsusi müxbirinə verilən məlumata görə, bəyannamədə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması qeyd olunur.

Mer Bouzer Bəyannamədə Azərbaycanın 1922-ci ildə Sovet Birliyinə daxil edildiyi və 60 ildən çox müddət sonra yenidən 1991-ci ildə müstəqilliyini bərpa etdiyi yazıb.

O qeyd edib ki, müstəqilliyini əldə etdikdən sonra Azərbaycan onu qoruyub və möhkəmləndirib, Azərbaycanın suverenlik və müstəqilliyini dəstəkləyən ABŞ-ın etibarlı müttəfiq və strateji tərəfdaşına çevrilib.

Mer Bouzer imzaladığı Bəyannamədə Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə Azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan etdiyini bildirib.

Qeyd edək ki, bu il COVID-19 pandemiyası ilə əlaqədar Bəyannamə mer ofisi tərəfindən birbaşa Azərbaycanın Vaşinqtondakı səfirliyinə təqdim olunub.