ABŞ şəhərində 28 May Azərbaycan Respublika Günü elan olundubackend

Florida ştatının Mayami-Deyd şəhərinin meri Karlos Himenez 2020-ci ilin 28 May tarixinin Azərbaycan Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, ilk olaraq Mayami-Deyd şəhərinin multimədəniyyət müxtəlifliyinə fərdlər və təşkilatların töhfəsini tanımağa səy göstərdiyi bildirilir.

Belə ki, ABŞ-da yaşayan azərbaycanlıların Floridadada güclü iştirakı vurğulanaraq, regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhfələrini qeyd edilib.

K.Himenez dünyada 46 milyondan çox azərbaycanlının son 100 ildə 28 May tarixini əcdadların töhfələrini qeyd etmək üçün Azərbaycan Respublikası Günü kimi qeyd etdiyini, o cümlədən, bu cəmiyyəti təbliğ etmək üçün 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının rolunu xatırladıb.

Daha sonra mətndə Azərbaycan Respublikasının universal səsvermə hüququnu təmin edən ilk dövlətlərdən biri olması və ABŞ da daxil olmaqla, digər demokratik dövlətlər tərəfindən tanındığı yazılır.

Bu hadisənin həm də Mayami-Deyd dairəsi üçün ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətləri qeyd etmək üçün şərəfli bir fürsət olduğu bildirilib.

Mer Himenez 28 may 2020-ci il tarixini Azərbaycan Respublika Günü elan edərək, Mayami-Deyd şəhərinin sakinlərini bu bayrama qoşulmağa və Azərbaycan xalqının səylərini və nailiyyətlərini birgə qeyd etməyə çağırıb.