Qəribdir deyilmi, Azərbaycan torpaqları işğal edilərkən haylara dəstək üçün özünü oda-gözə vuran birinə bu fəaliyyətinə görə ABŞ səfiri minnətdarlığını bildirir. Bir də Azərbaycana qarşı düşmənçiliyi ilə seçilən baronessa görəsən, nədən Ermənistanda öz ölkəsinin səfiri ilə deyil də ABŞ-ninki ilə görüşüb-dərdləşməyi üstün tutub?
Mən əminəm ki, əgər Kerolayn Koks istəsə, İranın Ermənistandakı səfiri Mehdi Sübhani də böyük məmnuniyyətlə bu islamafob məxluqla görüşüb Azərbaycana qarşı atdığı addımlara görə ona təşəkkür edərdi. Kimliyi bizə yaxşı bəlli olan, Ermənistandan əvvəl diplomat adı altında Suriyada qara və qaranlıq işlərlə uğraşan Sübhaninin son açıqlması da göstərir ki, o, bizim torpaq bütünlüyümüzə yanaşmada Koksdan qətiyyən fərqlənmir, Güney Qafqaza da heç də xoş niyyətlə göndərilməyib. Və İran rəsmilərinin bu yaxınlarda Daşkənddə olduğu kimi ən yüksək səviyyədə Azərbaycanı topraqları üzərində suverenliyinin təmininə görə təbrik etmələri də sadəcə riyakarlıqdır. Əksı halda Qarabağdan gedən haylar üçün hər gün göz yaşı axıdan Lilit Maknuts belə dilə gətirmədiyi halda İranın Ermənistandakı səfiri “Dağlıq Qarabağ xalqı”nın öz müqəddaratını həll etmək haqqının tanınmasından dəm vurmazdı. Özü də bilə-bilə ki, ölkəsində müqəddaratları hələ həll edilməyən, digərlərini demirəm, on milyonlarla Azərbaycan türkü yaşayır. Eyni zamanda Qarabağı tərk edən haylardan fərqli olaraq onların yaşadıqarı yerlər öz torpaqlarıdır.
Millət vəkili Sahib Alıyev