“ABŞ və Qərbin təklif etdiyi model daha çox Azərbaycanın maraqlarına cavab verir” – Politoloqbackend

Cənubi Qafqazda cərəyan edən proseslər daha çox ABŞ və Qərbin Rusiya ilə region uğrunda mübarizəsinin təzahürü kimi də qəbul oluna bilər. Hazırda bu region uğrunda mübarizə olduqca sərt və amansız məzmun almağa başlayıb. Hətta belə hesab etmək olar ki, Cənubi Qafqaz uğrunda mübarizə artıq həlledici mərhələyə keçib. Kreml Rusiyanı regiondan sıxışdırıb, çıxartmağa çalışan ABŞ və Qərbə müqavimət göstərir.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Politoloq Elçin Xalidbəyli bildirib.

O açıqlayıb ki, Rusiyanın regionda duruş gətirməsi baxımdan, hərbi bazalar və erməni faktorundan başqa heç bir real dayaq mexanizmləri qalmayıb.

“Kreml erməni separatçı-terrorçuları Azərbaycan ordusu ilə silahlı toqquşmalara sürükləməklə, rus sülhməramlıların bölgədə qalmasının vacib olduğunu sübut etməyə çalışır. Azərbaycanla yekun sülh sazişinin imzalanmasından yayınmağa çalışan, heç olmasa bu prosesi ləngidib, vaxt qazanmağa can atan Ermənistan Rusiyanın pozuculuq fəaliyyətini dəstəkləyir. Bu baxımdan, sülh sazişinin yaxın vaxtlarda imzalanmasının mümkün ola biləcəyi hələlik kifayət qədər müəmmalı xarakter daşıyır.
Ancaq ABŞ və Qərb Rusiyanın regiondan sıxışdırılması üçün Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasında maraqlıdır”,- o deyib.

E.Xalidbəyli vurğulayıb ki, Ağ Ev təmsilçiləri Azərbaycan və Ermənistanı birbaşa təmaslarla mübahisəli mövzuları müzakirə etməyə çağırır. Çünki bu halda, Rusiyanın sülh prosesini pozmaq imkanları məhdudlaşa bilər.

“Təbii ki, ABŞ və Qərbin təklif etdiyi model daha çox Azərbaycanın maraqlarına cavab verir. Ancaq sülh prosesinin ABŞ və Qərbin modeli üzrə inkişaf etməsi üçün Ermənistanın buna məcbur edilməsi, Rusiyanın isə kənara itələnməsi olduqca vacibdir. Və Azərbaycanın son addımları da demək olar ki, bu məqsədə hədəflənib.
Məsələ ondadır ki, Azərbaycan ordusu erməni separatçı-terrorçuların Ermənistanla nəqliyyat- kommunikasiya marşrutlarını nəzarət altına alır. Ermənistanın erməni separatçı-terrorçulara silah-sursat daşımasını bloklayır. Yaxın vaxtlarda rəsmi Bakının bu taktikasının nə qədər uğurlu və vacib olduğu birmənalı şəkildə təsdiqlənəcək. Növbəti mərhələdə isə Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurmaqla, erməni faktorunun regional təsirlərini sıfırlayacaq. Bundan sonra Azərbaycanın Xankəndi və ətraf bölgəsində yaşayan erməni sakinlərin cəmisi iki doğru yolu qalacaq. Birinci yol ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasıdır. Bu variantla razılaşmayan ermənilər ikinci yola yönəlmək, yəni, Azərbaycan ərazilərini tərk edib, Ermənistana getmək məcburiyyətində qalacaqlar. Əgər, bu iki normal yoldan birini seçmək üçün üçüncü variant icad etmək istəsələr, onda erməni separatçı-terrorçuları və Ermənistanı Azərbaycanın “dəmir yumruğu” gözləyir”,- o qeyd edib.

Fərahim Rəhimov