Abşeronda üzlüyü sökülən binalar 2 ildir “çılpaq” qalıb – VİDEObackend

Abşeron rayonu Məhəmmədi qəsəbəsində bəzi sakinlər uzun müddətdir ki, üzlüyü olmayan binalarda yaşayırlar. Binaların penoplast örtüklü fasadları yanğın təhlükəsinə görə sökülsə də, təmir olunmur. Sakinlər  deyirlər ki, yağış yağan kimi evləri nəm olur. Bu da əziyyətlə təmir etdikləri mənzilləri pis vəziyyətə salır.

“Yeni Gündəm” xəbər verir ki, Abşeron rayonu Məhəmmədi qəsəbəsinin  bir qrup sakini yaşadıqları binalarda sökülən fasadların bərpa edilməməsindən şikayətçidirlər. Onların sözlərinə görə, binaların penoplast örtüklü fasadları yanğın təhlükəsinə görə sökülsə də, təmir olunmur.

Ərazidə söküntü işləri 2017-ci ildə aparılsa da binalar hələ də yeni üzlüklərə həsrət qalıb.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən XəzərXəbər-ə bildirildi ki, həmin binalar məhəmmədi MTK tərəfindən tikilib. Fasadlar da özəl şirkət tərəfindən yenisi ilə əvəz olunmalıdır. Məhəmmədi MTK ilə əlaqə saxlamağa çalışsaq da məlum oldu ki, tikinti şirkəti artıq fəaliyyət göstərmir. Bu səbəbdən də işlər yarımçıq dayandırılıb.

Sözügedən problemlə bağlı Abşeron rayonu Məhəmmədi qəsəbəsi yeni binalar Mənzil Komunnal Xidmətlər İdarəsinin mövqeyini də öyrəndik. İdarənin rəisi Afət Yusifova bildirdi ki, idarə ərazidə özəl şəkildə ancaq komunnal xidmətlər göstərir. Onun sözlərinə görə, binaların üzlüklərinin təmir olunması üçün böyük maliyyə vəsaiti tələb olunur ki, bu da onların imkanları daxilində deyil.