Açıqlanan göstəricilər ölkəmizin dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir – Sevinc Fətəliyevabackend

“2022-ci ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bu dövrdə əldə olunan nəticələri müsbət qiymətləndirdi.
Açıqlanan göstəricilər ölkəmizin dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir”.

“Yeni Gündəm” məlumat verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, müşavirədə ölkəmizin xarici siyasəti, beynəlxalq əməkdaşlıq məsələləri də xüsusi diqqət mərkəzində oldu. Cənab Prezident ölkəmizin bu sahədə uğurlarını xüsusi vurğuladı. Bu baxımdan, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi səmərəli fəaliyyəti, təşkilatın Parlament Şəbəkəsinin yaradılmasının önəmi qeyd edildi. Bundan başqa, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində dünyanın 80-dən çox ölkəsinə yardım göstərib. Eyni zamanda, türk dövlətləri, qonşu ölkələrlə əlaqələrin daha da gücləndirilməsi diqqət mərkəzində olub. Həmçinin, Avropa İttifaqı ilə əməkdaşlığın önəmi vurğulanıb.

Millət vəkilinin sözlərinə görə, müşavirədə dövlətimizin başçısı post müharibə dövründə baş verən proseslərə münasibət bildirib, Ermənistanın 10 noyabr razılaşmalarına əməl etmədiyini deyib. Belə ki, 10 noyabr bəyanatının 4-cü bəndinə əsasən erməni silahlı qüvvələri Qarabağ ərazisindən tam çıxarılmayıb. Bundan əlavə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan muxtar respublikası arasında dəmir yolu və avtomobil yolu təmin olunmalıdır. Amma Ermənistan bu razılaşmaya da əməl etmir. Halbuki, Azərbaycan Laçın dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Ermənistanın da borcudur ki, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin.

Sevinc Fətəliyeva qeyd edib ki, son vaxtlar Ermənistanın hakimiyyət nümayəndələri Qarabağın statusu haqqında da tez-tez fikirlər səsləndirirlər. 10 noyabr razılaşmalarında statusla bağlı heç bir müddəanın olmadığını xatırladan millət vəkili deyib ki, Prezident İlham Əliyev statusun ünvanını dəqiq göstərib. Deputatın fikrincə, erməni tərəfi Azərbaycan Prezidentinin xəbərdarlıqlarından nəticə çıxarmalı, sülhə gəlmək üçün pozitiv addımlar atmalıdır. Əks halda, qeyri konstruktiv mövqe məhz rəsmi İrəvan üçün problemlər yaradacaq.