Adil Əliyev Sankt-Peterburqa səfəri çərçivəsində bu şəhərdəki konsulluğumuzda olubbackend

Xəbər verildiyi kimi, Milli Məclis sədrinin müavini Adil Əliyev və deputat İltizam Yusifov IX Neva Beynəlxalq Ekoloji Konqresində iştirak etmək üçün mayın 26-dan 30-dək Rusiyanın Sankt-Peterburq şəhərində səfərdədirlər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində mayın 27-də Milli Məclis sədrinin müavini ölkəmizin Sankt-Peterburqdakı konsulluğunda olub, burada 28 May – Respublika Gününə həsr edilmiş tədbirdə çıxış edib.

Adil Əliyev bildirib ki, 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində qadınlara seçki hüququ verən ilk demokratik dövlət olub. Cümhuriyyətin yaradılması və fəaliyyəti Azərbaycan xalqının azadlıq arzularının təcəssümü idi.

Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti bütün fəaliyyəti boyunca bir sıra yüksək səviyyəli qanunvericilik aktları və qərarlar qəbul edərək Azərbaycan xalqının parlament mədəniyyəti tarixində dərin və zəngin iz buraxıb.

Bu gün ölkəmiz xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın inkişafına verdiyi nəhəng töhfələr, habelə Prezident İlham Əliyevin müdrik siyasəti və uzaqgörənliyi sayəsində dünya arenasında nüfuzu ildən-ilə artan sosial-iqtisadi, elmi texniki və mədəni inkişaf yolu ilə inamla irəliləyən uğurlu, inkişaf etmiş bir dövlətə çevrilib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər transmilli və nəqliyyat layihələri uğurla həyata keçirilir.

Ötən illər ərzində ölkəmizdə qazanılan uğurlar Azərbaycanın siyasi müstəqilliyinin nəticəsidir.

Sədr müavini diqqətə çatdırıb ki, bu il bu əlamətdar günün qeyd olunması isə bizim üçün xüsusi əhəmiyyətə malikdir, çünki Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın güclü Ordusu sayəsində ölkəmiz ötən il ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.

Bu il ilk dəfə uzun bir fasilədən sonra Şuşada hər birimiz üçün müqəddəs olan “Xarıbülbül” musiqi festivalının keçirilməsi bütün dünya azərbaycanlıları üçün çox vacib bir hadisədir.

Çıxışının sonunda Milli Məclis sədrinin müavini ölkəmizin müstəqillik yolundakı inkişafının bundan sonra da sabit və uğurlu olacağına inamını ifadə edib, Respublika Günü münasibətilə təbriklərini çatdırıb.