ADNSU-da “Türk Dünyasının 100 ili: Çanaqqala zəfərindən Qarabağ zəfərinə” adlı konfrans keçirilib – FOTObackend

Martın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Türk Dünyasının 100 ili: Çanaqqala zəfərindən Qarabağ zəfərinə” adlı konfrans keçirilib. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illik yubileylərinə həsr olunmuş konfransın təşkilatçıları ADNSU-dakı Azərbaycan-Türkiyə Dostluq Mərkəzi, Türkiyənin Bilgesam təşkilatı və Türkmasası Dialoq Klubudur.

“Yeni Gundem” xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyub, xatirəsini dərin ehtiramla yad ediblər. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfiri, türkdilli ölkələrin səfirlərinin, Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi, həmçinin hər iki ölkədən dövlət və ictimaiyyət nümayəndələrinin, Azərbaycan Respublikası Milli Məclisinin üzvlərinin iştirak etdiyi konfransı giriş sözü ilə ADNSU-nun rektoru, professor Mustafa Babanlı açıb. Hər iki ölkənin dövlət Himnləri səsləndikdən sonra, rektor, professor M.Babanlı Türkiyə Cümhuriyyətinin qurulmasının və müasir Azərbaycan Respubliksının banisi Heydər Əliyevin 100 illik yubileylərinin bütün türk dünyası üçün əlamətdar hadisə olduğunu deyib. Sonra rektor, professor Mustafa Babanlı 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev ili” elan edildiyini və ulu öndərin yubileyinin dünyanın müxtəlif ölkələrində qeyd olunduğunu vurğulayıb. XX əsrin əvvəlində Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün Türkiyəni, sonlarında isə ulu öndər Heydər Əliyevin Azərbaycanı parçalanmaq və iflas təhlükəsindən xilas edərək müasir və güclü Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasının əsasını qoyduqlarını qeyd edən rektor, professor M.Babanlı iki ölkənin şanlı tarixində Azərbaycan-Türkiyə dostluğunun mühüm yer tutduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, hər iki qardaş ölkənin unudulmaz liderləri – müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndərin Heydər Əliyevin və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün Azərbaycan və Türkiyə xalqı üçün əvəzsiz xidmətlərini qeyd edərək bu gün hər iki qardaş ölkənin uğurlu siyasi, iqtisadi həyatından, təhsil, mədəniyyət və digər istiqamətlərdə mövcud olan əlaqələrindən danışıb.

Konfransda Türkiyə Cümhuriyyətinin və Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin, eləcə də 2023-cü il fevralın 6-da Türkiyədə güclü zəlzələnin qurbanı olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Çanaqqala zəfərindən Qarabağ zəfərinə gedən yolda Azərbaycan və Türkiyənin birliyini əks etdirən videoçarx nümayiş olunub.

Konfransın açılış mərasimində Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Cahid Bağçı çıxış edərək Türkiyə və Azərbaycanın qədim tarixi köklərə dayanan birliyindən və qardaşlığından, bu birliyin önəmindən danışıb. Səfir diqqətə çatdırıb ki, möhkəm təməl üzərində qurulan iki qardaş ölkənin sarsılmaz birliyi bu gün hər iki ölkənin dövlət başçıları tərəfindən uğurla davam etdirilir və bütün istiqamətlərdə Azərbaycan-Türkiyə əməkdaşlığı nümunəvidir, sarsılmazdır.

Konfransda çıxış edən Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun sədri Əhliman Əmiraslanov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, Türkmasası Dialoq klubunun rəhbəri Məlahət İbrahimqızı, Millət vəkilləri Şahin İsmayılov, Bəhruz Məhərrəmov, Hikmət Məmmədov çıxışlarında konfransı yüksək dəyərləndiriblər. Hər iki ölkəni birləşdirən milli maraqlardan, qardaşlıq və dəyişilməz iradədən, dünya diplomatiyasının tərkib hissəsi olan və hər iki ölkəni birləşdirən çevik siyasətdən, onun böyük əhəmiyyətindən danışıblar. Millət vəkili Məlahət İbrahimqızı Türkiyə-Azərbaycan birliyinin bütün dünyaya sülh mesajı verən, dünyanı insanlığa, ədalətə səsləyən nümunəvi bütövlük olduğunu qeyd edib. Xanım Millət vəkili əlavə edib ki, bu iki ölkənin liderlərinin davamlı uğurlu strategiyası, sarsılmaz iradələri sayəsində mümkün olub.

 

Bahçeşehir Üniversitesi Öğretim görevlisi, Güvenlik ve Terör uzmanı dr.Abdullah Ağar, Küresel Gazeteciler Konseyi Danışma Kurulu Başkanı, Bilge İnsanlar Stratejik Araştırmalar Merkezi Danışma Kurulu Üyesi, Güvenlik ve Terör uzmanı dr. İmbat Muğlu çıxış edərək Azərbaycan və Türkiyənin qardaşlığı və birliyinin müasir nəsilə əcdadların miras qoyub getdikləri dəyər olduğunu qeyd edərək iki ölkə arasında münasibətlərin daha yüksək pilləyə qalxdığını bildiriblər. Onlar Türkiyə-Azərbaycan tarixinə ekskursiya edərək xalqlarımızın yenilməzliyindən danışıb, belə önəmli konfransın gənclər üçün xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.

Konfrans çərçivəsində “Türk dünyasının 100 ili: Güclü təhsil, güclü gənclik”, “Türk dünyasının 100 ili:Xəbərləşmə, informasiya və yeni texnologiyalar (uğurlar və çağırışlar)”, “Azərbaycan-Türkiyə müttəfiqliyi Türk dünyasının lokomotividir”, və “Türk dünyasının ipək yolu: Zəngəzur dəhlizi” adlı panel iclaslar keçirilib. İclaslarda universitetin doktorant və magistrantlarının panel çıxışları, xəbərləşmə, informasiya və yeni texnologiyalar (uğurlar və çağırışlar), həmçinin Zəngəzur dəhlizi kimi mövzular ətrafında da müzakirələr aparılıb.

Konfransın bağlanış mərasimində çıxış edən ADNSU-nun rektoru, professor M.Babanlı sarsılmaz və əbədi Azərbaycan və Türkiyə qardaşlığının gələcək nəsillər üçün fəxarət simvolu və bu dostluğun davam etdirilməsinin gənclərə ən böyük əmanət olduğunu deyib və konfransı yüksək dəyərləndirib.