Aeroport yolundakı qəzada yaralananların vəziyyəti açıqlandıbackend

Dünən aeroport yolunda baş verən ağır qəzada yaralananların son durumu açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən bildirilib ki, xəstəxanaya yerləşdirilən 3 nəfərin vəziyyəti stabildir, 1 nəfər isə reansimasiyadadır və vəziyyəti stabildir.

3 saylı Şəhər Klinik Xəstəxanasından da APA-ya bildirilib ki, xəstəxanada olan 4 nəfər reanimasiyadadır, onlardan birinin vəziyyəti ağırdır. Travma alan 4 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

Qeyd edək ki, dünən saat 6:40 radələrində aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusunu vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xuidmətindən verilən məlumata görə, qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri – Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb,17 nəfərin müalicəsi isə davam edir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib.