Ağ un və maya ürək xəstəliklərinə səbəb olur – Kardioloq çörəyin zərərini açıqladıbackend

Amerikanın tanınmış kardioloqu Vilyam Devis əmindir ki, müasir insanların səhhəti ilə bağlı başlarına gələn bəlalar, xəstəliklər buğda və undan qaynaqlanır.

O aşkar edib ki, müasir buğda və un qanda şəkər və qlikemik indeksi artırır. Eləcə də buğdada olan qliadin adlı zülal iştahı artırır, doyma siqnalını blok edir. İnsan çörək yeyir, doymur, qanda şəkər artır.
Həkim müalicə etdiyi xəstələrin qidasından bir müddət buğda ilə bağlı bütün məhsulları çıxarıb. 6-7 ay sonra onlarda artıq çəki azalıb, qanda şəkərin səviyyəsi enib, ürək-damarların işi yaxşılaşmışdı.

Kardioloq bildirir ki, indiki buğdadan imtina etdikdə ayaqlarda şişkinlik azalır, artrit kimi oynaq xəstəlikləri olmur, mədə turşuluğu və reflüks azalır, əhval-ruhiyyə yaxşılaşır.
Hazırda dünyada və Azərbaycanda geni dəyişdirilmiş buğdadan un hazırlanır. Ağ unda buğdanın səthində olan qabıq tamamilə çıxarılır. Bu isə çörəyi ölü qidaya çevirir.
Tanınmış həkim kardioloq , ürək maqnit rezonans tomoqrafiyası üzrə mütəxəssis Yasmin Rüstəmova medicina.az-a açıqlamasında ağ undan çörəyin və un məmulatlatının ürək-damar sisteminə zərərini açıqlayıb. Həkim hansı çörəyin daha faydalı olduğunu da bildirib.
“Keyfiyyətli çörək tərkibi ilə faydalıdır. İlk növbədə baxaq ki, çörək orqanizmə nə verir. Çörək lif, karbohidrat, B qrup vitamini, maqniy, selen, dəmir mənbəyidir.
Hər çörək müxtəlif unlardan hazırlanır.
İnsanların marketlərdən ən çox aldığı adi çörək ağ un və mayadan hazırlanır.
100 qram çörəklə daha çox karbohidrat əldə olunur.
Adi ağ unda lif və faydalı vitamin, minerallar faktiki olaraq yoxdur. Çünki qabıqsız buğdadan hazırlanan un istifadə olunur.
Lazımlı maddələr çovdar, tam taxıl və mayasız çörəkdədir.
Ağ undan bişmiş çörəkdən çox istifadə etdikdə əlbəttə ki, onun zərərli tərəflərini daha çox hiss edəcəyik.
Çox çörək yemək piylənmə, bununla yanaşı gedən diabet, xolesterin yüksəkliyi və ürək-damar xəstəliklərinə səbəb olur.
Bu gün infarktdan ölümlər dünyada liderdir.
Ürək infarktının səbəbi də ürəyin əsas damarlarının xolesterin tıxacları ilə tıxanmasıdır.
Əvvəllər elə hesab edilirdi ki, xolesterin çox yağlı qida yedikdə əmələ gəlir.
Lakin son elmi tədqiqatlar sübut etdi ki, damar tıxanması həddən artıq karbohidrat qəbulundan qaynaqlanır. Burda da çörək, un məmulatları təhlükəlidir.
Söhbət təksə çörəkdən getmir, ağ undan hazırlanan istənilən un məmulatları, qənnadı, bulka, şirniyyat və s. aiddir.
Hər gün qidasında 60-70% bu qidalar olan insanlar tezliklə piylənmə və damar tıxanması ilə üzləşəcək.
Çörək və un məmulatları çox yedikdə, mütləq yüksək təzyiq xəstəliyinə yol açır.
Hazırda Azərbaycanda elə bir ailə yoxdur ki, bir üzvü təzyiqdən əziyyət çəkməsin.
Zərərli çörək yüksək sort ağ un, mayadan hazırlanan və 90% əhalinin aldığı çörəklərdir.
Bəs hansı çörək daha faydalıdır?
İlk öncə bu tam taxıldan olan çörəkdir ki, o qabığı təmizlənməmiş buğdadan hazırlandığı üçün liflərlə zəngindir.
Bu çörəyi yedikdə, qanda şəkər normal səviyyədə qalır, yüksəlmir və bu da insana uzun müddət toxluq hissi verir.
Bu çörək mədə-bağırsaq, ürək-damar sistemi üçün faydalıdır.
Hazırda ağ unda son zamanlar çox insanlarda problemlər yaradan qlüten zülalı var. Qlüten mədə-bağırsaq sistemi üçün çox zərərlidir və bir çox insanlarda qlütenə qarşı həssaslıq var. Qlüten həssaslığı olan insanlar qarğıdalı unundan çörəkdən istifadə edə bilər. Amma bu undan olan çörək də ağ çörəkdən fərqlənmir və piylənməyə səbəb ola bilər.
O, qanın qatılığını da artırır, ona görə ürək-damar problemi olanlara məsləhət görülmür.
Tam taxıldan çörəyə fol turşusu əlavə edilir, bu da çox faydalı vitamindir. Xüsusən hamilələr bu çörəkdən yeməlidir.
Eləcə də mayasız çörək daha sağlamdır. Bu çörəkdən ürək-damar və diabet xəstələri mütləq istifadə etməlidir.
Qara çörək piylənmə ilə mübarizə aparır, qanda şəkərin səviyyəsini normada saxlayır, insulinin artıb-düşməsinə imkan verir, gələcəkdə ürək-damar xəstəliklərinin qarşısını alır.
Liflərlə zəngin çörək bağırsağın fəaliyyətini aktivləşdirir, orqanizmdən zərərli toksinlərin və mübadilə məhsulları qalıqlarının çıxarılmasını təmin edir. Borodina çörəyi sadalananlar içində ən faydalısıdır.
Eləcə də siz qarabaşaq unundan çörək, hətta şirniyyatlar bişirə bilərsiz. Çox faydalı və sağlıqlıdır, tərkibində şəkər və qlüten yoxdur”.
MEDİCİNA.AZ