“Ağa qara, qaraya ağ demək” onların xislətidir”backend

“Müharibədən öncə və müharibə zamanı Ermənistan rəhbərləri tərəfindən o qədər təzadlı, o qədər yanlış və yalan bəyanatlar olmuşdur ki, onların sayı-hesabı yoxdur”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində jurnalistin “Zaman-zaman Ermənistan silahlı qüvvələri və siyasətçilər tərəfindən müxtəlif fikirlər, bəyanatlar səsləndirilir. Müdafiə Nazirliyi belə açıqlamalar verərkən, baş nazir Paşinyan Türkiyə ilə görüşmək istədiyinə dair ifadələr səsləndirir. Belə cümlələri var. Ötən həftələrdə bunu bir neçə dəfə təkrarladı. Paşinyanın bu sözlərini Siz necə dəyərləndirirsiniz?” sualına cavabında deyib.

Dövlət başçısı bildirib ki, indi belə misalları saatlarla gətirmək olar: “Biz şəhərləri, kəndləri azad edərkən onlar bildirirdilər ki, guya bizim şəhərlərimizi yenidən işğal edirlər. Artıq Azərbaycanın azad edilmiş şəhərlərində bayraqlar qaldırılarkən onlar bunu inkar edirdilər. Yəni, “ağa qara, qaraya ağ demək” onların xislətidir. Ona görə onlar hər hansı bir açıqlama verəndə, sözün düzü, biz bunu ciddiyə almırıq.

Bunu analiz etmək, dəqiqləşdirmək lazımdır. Çünki bu açıqlamalar bir yalanın, gerçəkləşməyən arzuların, xülyaların və təxribatların sintezidir. Bugünkü Ermənistan, bax, budur. Biz deyəndə ki, bu, uğursuz dövlətdir, – yəni, bunun beynəlxalq adı da var – “Failed state”, – bunu nəzərdə tuturuq. Hər bir dövlətin dövlətçilik rəmzlərindən biri də məsuliyyətli davranışdır. Biz isə bunu görmürük”.