Ağalarovun Nardaran projesibackend

Xəzər dənizinin Azərbaycan sahilləri turizmin inkişafı baxımından böyük imkanlara malikdir. Uzun illərdir bu imkanlardan inkişaf məqsədli istifadə dəniz sahillərinin hasarlanaraq villa tikilməsi, yaxud xırda və orta ölçülü özəl çimərliklərin yaradılmasından uzağa getmir. Bu vəziyyət yalnız Bakı şəhəri və Abşeron yarımadası sahillərində bir qədər fərqlidir: hasarlamalar çox olsa da, iri turizm obyektlərinin yaradılması prosesi də gedir. Xüsusilə Bakı şəhərinin dəniz sahili ərazilərində bir neçə iri investisiya layihələri həyata keçirilməkdədir.

Belə layihələrdən biri Rusiyada fəaliyyət göstərən “Crocus Group” şirkətinin birinci vitse-prezidenti, Azərbaycanın Xalq artisti Emin Ağalarov  tərəfindən Bakının Nardaran kəndi sahillərində həyata keçirilən “Sea Breeze” yaşayış və istirahət kompleksidir.

İcrasına 2005-ci ildən başlanan “Sea Breeze” yaşayış və istirahət kompleksinə villalar, mənzillər, hotellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir. “Sea Breeze Resort”a daxil olan xeyli sayda villalar tikilib və artıq satışdadır. Onların qiyməti 161-365 min manat arasındadır.

E.Ağalarovun Rusiya mətbuatına verdiyi məlumata görə, sentyabrın 15-də layihənin ikinci mərhələsi başlanacaq. Həmin gün kompleksin ərazisində ticarət mərkəzinin əsası qoyulacaq: “Ticarət mərkəzini sentyabrın 15-dən tikməyə başlayacağıq. Birinci mərhələnin ümumi ərazisi 43 min kvadrat metr təşkil edəcək. Növbəti yayda onu başa çatdırmağı planlaşdırıram”.

Layihənin ümumi ərazisi gələcəkdə 60 min kv.m-ə qədər çatdırılacaq. Onun 34 min kvadrat metrini dayanacaq tutacaq.

Bundan əlavə, “Sea Breeze”də piyada zonası, velosiped yolları, abadlıq və istirahət obyektləri olan altı kilometrlik bulvarın yaradılması planlaşdırılır. Eyni zamanda yaxın gələcəkdə daimi yaşayış üçün mehmanxana nömrələri olan “Grand Hotel” və “Skyline” apart hotellərinin tikintisinə başlanılacaq. Müəssisələrin müvafiq olaraq 2023 və 2024-cü illərdə açılması planlaşdırılır.

Bundan əlavə, “Polo Residences” yaşayış kompleksinin 16 binasının tikintisi planlaşdırılır. Həmçinin “Sea Breeze”də “Lighthouse” yaşayış kompleksi tikilir: ikinci binanın bu il, üçüncü və dördüncü binaların inşasının 2022 və 2023-cü illərdə tamamlanması planlaşdırılır. Dörd binanın ümumi sahəsi 60 min kvadratmetr olacaq.

Kurort kəndinin yaradılmasına qoyulan ümumi investisiya 1,5-2 milyard ABŞ dolları təşkil edəcək, layihənin 2028-2030-cu illərdə tamamlanması planlaşdırılır. Onun ümumi sahəsi 250 hektara çatacaq, bunun 60 hektarı 2021-ci ildə, digər 60 hektarı 2022-ci ildə tikiləcək.

Qeyd edək ki, layihənin ikinci mərhələsi üçün Nardaran sahillərində dəniz kənarında yerləşən mövsümü çimərlik obyektləri tam söküləcək. Artıq həmin obyeklərdən bir neçəsi sökülüb və ərazidə tikinti-hazırlıq işləri davam etdirilir. Digər obyektlərin isə növbəti illərdə sökülməsi planlaşdırılır.

Nəzərdə tutulan layihənin ərazisinə düşən bağ evləri, torpaq sahələri də E.Ağalarov tərəfindən alınıb. Yalnız dəniz kənarında olan dəbdəbəli villaların sökülməməsi nəzərdə tutulub. Layihənin planına uyğun gəlməyən qalan bütün tikililər kompensasiyası ödənilməklə söküləcək. Xatırladaq ki, “See Breeze”nin indiki ərazisinə görə 18 nəfər Bakı sakininin Avropa Məhkəməsinə şikayəti bu ilin 18 fevralında Azərbaycana qarşı 234 min avroluq cərimənin kəsilməsinə səbəb olub. Görünür, bu səbəbdən investor layihə ərazisinə düşəcək bütün ev, bağ və obyekt sahibləri ilə birbaşa təmaslar quraraq, hər iki tərəfi qane edən qiymətlərlə onları alır.

Yuxarıda da qeyd etdik ki, dəniz, çimərlik turizmi üçün Xəzərin Azərbaycan sahillərində imkanlar geniş olsa da, iri investorlar bir qayda olaraq Bakı və Abşeron sahillərini seçirlər. Halbuki ölkənin şimal və cənub bölgələrində də dəniz sahillərində iri turizm layihələrinin icrası üçün əlverişli imkanlar var. Düzdür, indiyədək həm şimal (Nabran), həm də cənub (Lənkəran) sahillərində bir sıra layihələr həyata keçirilib, lakin onlar əsasən orta sahibkarlıq obyektləri səviyyəsindədir. Bu ərazilərdə dəniz turizminə investisiyalar çox kiçik həcmləri ifadə etməkdədir.

Dövlət Turizm Agentliyi Lənkəran turizm informasiya mərkəzinin direktoru İlqar Əzimovun “Yeni Müsavat”a dediyinə görə, ölkənin turizm potensialının tanıdılması üçün Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən geniş tədbirlər həyata keçirilir: “Yeni turizm istiqamətləri müəyyən edilir və inkişaf etdirilir. Xüsusilə son iki il ərzində regionlarda daxili turizmin inkişafı üçün zəruri işlər görülür, yeni layihələr həyata keçirilir. Bir tərəfdən dağlar, digər tərəfdən dənizlə əhatə olunan, zəngin adət-ənənələri, mətbəxi, müalicəvi suları olan  Lənkəran geniş turizm imkanlarına malikdir, burada  çimərlik turizminin inkişafı istiqamətində bir sıra tədbirlər görülüb. Cənub bölgəsində yerləşən Xəzər dənizi sahili zonasının təbii mühiti insan istirahəti baxımından çox yararlıdır. Bura Qafqazın məşhur Qara dəniz sahillərindən daha üstün hesab olunur. Heç də təsadüfi deyildir ki, Xəzər dənizinin Cənub zonası akvatoriyasında yerləşən çimərliklər ən təmiz və populyar çimərliklər olub”.

İ.Əzimovun sözlərinə görə, Lənkəran və Astaranın dəniz zolağı ərazilərində olan çimərliklər hər il minlərlə turisti cəlb edir: “Çimərlik ərazilərinin inkişafı məqsədilə xüsusilə son illər ərzində dövlətimiz tərəfindən mühüm işlər görülüb. Belə ki, ”Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər planı”na əsasən Lənkəran rayonu üzrə Xəzər dənizi (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yeni çimərliklər salınması üçün müvafiq sahilboyu ərazilərin aidiyyəti qurumlarla razılaşdırılaraq müəyyən edilməsi, model çimərlik layihələri əsasında çimərliklərin yaradılması ilə bağlı təkliflərin hazırlanması və sahibkarların bu barədə məlumatlandırılması işləri aparılıb. Bununla bağlı Lənkəran ərazisində olan çimərlik və çimərlik üçün yararlı ərazilər haqqında məlumatlar toplanılaraq bu sahə üzrə yaradılacaq elektron bazada yerləşdirmək üçün aidiyyəti qurumlara təqdim edilib. Heç də təsadüfi deyildir ki, son illər ərzində yerli sahibkarlar tərəfindən Lənkəran və Astara rayonlarının Xəzərsahili ərazilərində  10-a yaxın yeni müasir tələblərə cavab verə bilən çimərliklər salınıb. Bu sahədə işlər bu gün də davam etməkdədir. Fəaliyyət göstərən çimərliklərin yerli və beynəlxalq səviyyəli turizm sərgilərində iştirak yolu ilə, reklam-çap materialları və digər marketinq vasitələrindən istifadə edilməklə təşviqi təmin edilib. Eyni zamanda ilk dəfə olaraq Cənub bölgəsinin çimərliklərini əks etdirən turist xəritələri hazırlanıb turistlərin istifadəsinə verilib. 2021-ci ildə pandemiyaya baxmayaraq, ATB və Lənkəran Destinasiya Menecmenti Təşkilatı tərəfindən xüsusilə çimərlik turizmini təbliğ edən promo videoroliklərin çəkilişinə start verilib. Pandemiyaya qədərki dövr ərzində çimərlik mövsüm zamanı bu ərazilərdə müxtəlif əyləncəli proqramların, konsert və diskotekaların keçirilməsi təmin edilib. Bu sahə üzrə festivalın keçirilməsi də nəzərdə tutulsa da, hələ ki, karantin qaydalarına uyğun olaraq festivalın növbəti ildə təşkil olunması planlaşdırılır”.

DTA rəsmisi bildirir ki, Cənub sahillərinə turizm sahəsi üzrə iri investisiyaların cəlb olunması sahəsində də müəyyən işlər görülüb: “Belə ki, 2020-ci ildə ilk dəfə olaraq Astara şəhərində dəniz sahilində ”Maricel Astara Resort” hotel və əyləncə kompleksi istifadəyə verilib. Burada müasir tələblərə cavab verə bilən çimərlik və çimərlik ərazisində müxtəlif əyləncələrin təşkili də təmin edilib. Hazırda bu kompleksin daha da genişləndirilərək Astara şəhərinin dənizkənarı ərazisinin tam əhatə edilməsi nəzərdə tutulur. Eyni zamanda pandemiyaya baxmayaraq, Astara rayonu Qamışlı kəndi ərazisində AAF park şirkəti tərəfindən müasir tələblərə cavab verə bilən dənizkənarı istirahət mərkəzinin inşası davam edir. Bütün bu işlərlə yanaşı Nərimanabad və Balıqçılar qəsəbəsində yerləşən dənizkənarı ərazilərin çimərliklərim təşkili baxımından imkanları araşdırılır”.

Azərbaycanda nəinki Şimal və Cənub zonası, heç Bakı və Abşeronun dəniz sahillərində də turizm mövcud potensialdan qat-qat aşağı inkişaf edib. Bu fikirdə olan iqtisadçı-alim Elşad Məmmədov hesab edir ki, dəniz turizminin inkişafına bütün sahilboyu ərazilərdə iri investisiyaların cəlbi zəruridir: “Hesab edirəm ki, heç Bakı və Abşeronda da turizmin inkişafı üçün zəruri infrastruktur yaradılmayıb, bu istiqamətdə potensiallar reallaşdırılmayıb. Ölkənin Cənub bölgəsində isə vəziyyət daha acınacaqlıdır. Bu vəziyyətin əsas səbəbi, düşünürəm ki, ölkədə yürüdülən pul-kredit siyasətinin qeyri-adekvatlığıdır. Ölkədə kreditlər əlçatan deyil, mövcud faizlər iqtisadiyyatın digər sahələrində olduğu kimi, turizmdə də rentabelli müəssisə yaratmağa imkan vermir”.

Ekspert deyir ki, problemin digər mühüm səbəbi normal rəqabət mühitinin olmamasıdır: “Belə rəqabət mühiti olmadığına görə iqtisadiyyatın əsas sektorlarında aktivlik minimum səviyyədədir, inkişaf, canlanma zəifdir. Hansı ki, fikrimcə, normal rəqabət mühitinin olmamasının kökündə də kreditlərin əlçatan olmaması dayanır. Kreditlər əlçatan olsaydı, bu, bazarda sağlam rəqabət mühitinin formalaşmasına,  belə mühit isə ümumi inkişafa gətirib çıxarardı. Sağlam rəqabət mühiti həm də turizm sektorundakı mövcud qiymət bahalığının qarşısını alardı.

Çox təəssüflər olsun ki, uzun illərdir rəqabət mühiti olmadığı üçün qiymətlər əsassız və ifrat yüksəkdir, bu isə hər il yüz minlərlə vətəndaşın istirahət üçün xaricə üz tutmasına, yüz milyonlarla dollar vəsaitin yerli turizmə deyil, xarici turizmə axmasına gətirib çıxarıb. Buz vəziyyətin aradan qaldırılmasının tək yolu sağlam rəqabət, kredit mühitinin yaradılmasına hesablanan sağlam idarəçiliyin formalaşdırılmasıdır. Yalnız belə idarəçiliklə biz nəinki Xəzər sahillərində turizm sektoruna, bütövlükdə ölkə iqtisadiyyatına investisiyaların axınını təmin edə bilərik”.