Ağdam, Füzuli, Bərdə və Tərtərdə qadın fermerlərlə görüşlər keçirilibbackend

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin əməkdaşları tərəfindən Ağdam, Füzuli, Bərdə və Tərtər rayonlarında AFAQ layihəsi çərçivəsində qadın fermerlərlə görüşlər keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, Füzuli və Tərtər rayonunda keçirilən görüşlər zamanı aqrar sahədə fəaliyyət göstərən qadınlara layihənin imkanları və qadın fermerlərə göstərilən dəstək barədə ətraflı məlumat verilib. Ümumilikdə infosessiyalarda 30-dan artıq fermer iştirak edib. Ağdam və Bərdə rayonlarından layihədə iştirak etmək üçün müraciət edən 16 fermerin təsərrüfatına baxış keçirilib, 20 təsərrüfat sahibinin qiymətləndirmə sorğusu aparılıb. Təsərrüfat sahəsinə baxış keçirilən və qiymətləndirmə sorğusu aparılan qadın fermerlər arasında Vətən müharibəsi dövründə Ermənistan ordusu tərəfindən mülki yaşayış obyektlərinin atəşə tutulması nəticəsində aqrar infrastrukturu zərər görmüş vətəndaşlar da olub.
Layihəyə müraciət edənlər arasından tələblərə uyğun olan qadın fermerlər layihəyə cəlb olunacaq, texniki və konsultasiya dəstəyindən yararlanmaq imkanı əldə edəcək. Həmçinin layihə müddətində təsərrüfatlarını inkişaf etdirmək üçün təlimlərdə iştirak edə biləcəklər.
Qeyd edək ki, AFAQ layihəsi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin ilkin mərhələsində 10 rayondan olan 32 qadın fermerə texniki dəstək göstərilib. Onlar ehtiyaclarına uyğun olaraq müxtəlif texniki avadanlıqlarla təmin olunublar.
Bu günədək layihədə iştirak etmək üçün 500-dən artıq qadın fermer müraciət edib. 100-dən artıq fermerin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə aparılıb. Tələb olunan kriteriyalara uyğun gələn qadın fermerlər layihədə iştirak haqqı qazanıblar. Layihədə iştirak edən qadın fermerlər texniki dəstəklə yanaşı, konsultasiya və təlim dəstəyindən də faydalanırlar.
Xatırladaq ki, AFAQ layihəsinə müraciət davam edir. 2020-2021-ci illəri əhatə edəcək layihə çərçivəsində ümumilikdə 200-ə yaxın qadın fermerə dəstək göstərilməsi nəzərdə tutulur.
Layihəyə müraciət etmək istəyən qadın fermerlər afaq.az saytı vasitəsi ilə qeydiyyatdan keçə, ATT-nin Regional İdarələrinə, eləcə də DAİM-lərə müraciət edə, 1652 və ya +994504008899 nömrəsi ilə əlaqə saxlaya bilərlər.